Sifətində çirk qaysaq
bağlayıb. Nimdaş cins şalvarının balaqları bir-neçə dəfə qatlanıb.
Şalvarın büzməsi iki yerdən kəndirlə bağlanıb. Dişləri... dişləri
isə ağappaq və sağlamdır. Bu dəfəki "səfil"imin10-12 yaşı ancaq olar.
Sifətindəki yetimlik üzündəki kirin-pasağın altından boy
verir.
İşıqforda dayanan maşınların şüşəsini silir və aldığı qəpikləri
şalvarının cibinə tökürdü.
Bir xeyli müşahidə edirəm. Ona qarşı kobudluq edənlər də var.
Lakin o buna fikir vermir. Heç zəhmətinin müqabilində ona verilən
haqq üçün təşəkkür də etmir. İşdən ayırmaq istəmirəm. Amma mənim də
işlərim var, redaksiyaya gecikərəm, başqa yazılar və sair... Bir
qədər də vaxt keçir, yaxınlaşıram:
Pis oldunsa fikir vermə, işinlə məşğul ol
- Bacoğlu, vəziyyət necədir?
Üzümə baxır. Altdan yuxarı süzüb:
- Nə mənada? - suala sualla cavab verir.
- Yəni deyirəm yaşamaq üçün bir şey olur? Fikir verirəm,
işin çətindir, pis oldum...
- Day-day pis oldunsa, fikir vermə, işinlə məşğul ol, – deyir və
dişlərinin arasından əlindəki əskiyə tüpürür. Sonra yenə də mənə
dönür: - Vəziyyət yaxşı olar...
Danışığı yaşından çox böyük görünür. İfadələri yerindədir. Həyat
onu çox sınaqlardan keçirib.
- Sən niyə acıdilsən? Söhbət etmək istədim. Mənə sənə
köməyin lazım olacaq.
Əli ilə şalvarının arxasını çırpır. Sonra baş barmağını burnuna
söykəyib fınxırır, "içini-içalatını" təmizləyir. Gözlərimin içinə
baxır:
- Onsuz da pul vermirlər. Yorulmuşam. Nə kömək?
Boyuna-buxununa yaraşmayan bir yerişlə kənara çəkilir. Əlindəki
nəm əskini "bardür"ün üstünə sərib oturur. Ciddi görkəm alır, bəs
nədir, ona qos-qoca bir kişinin işi düşüb, kömək istəyir. Siqaret
yandırıram. İçimdə bir əminlik var; siqaret istəyəcək.
Düşüncələrimin əksi olur:
- Day-day, sən canın, o yanda çək, ürəyim bulanır... nə
deyəcəkdin?
Məktəbə aparmaq istəyirsən məni?
- Adın nədir?
- Vəloşdu adım. Metrikada Vəlihəddir, uşaqlar Vəloş deyir.
- Heç məktəbdə oxumusan, dərsə getmisən?
- Məktəbə aparmaq istəyirsən məni? – bu uşaq həm də
hazırcavabdır. Cavabları elə bil, "şparqalka"dan oxuyur.
- Vəloş, bizim bir-iki uşaq var, işsizdir, dedim bəlkə
sənin yanına gətirəm, yolun-yolağasın öyrədəsən?
Təəccüblə mənə, özünə, altına sərib oturduğu əskinin ucuna baxır
və saf, ağ dişləri görünür.
- Day-day, məni harana dolamısan?
Pərt oluram. Belə cavab gözləmirdim. Yolun, kimsəsizliyin, səfil
və sərgərdan həyatın təsiri vardı bu uşağın davranışında. Amma geri
də çəkilmək, sonradan bu adamın özü kimi səfil həyat keçirən
tay-tuşlarına nağıl edəcək hekayətin mənfi, fərsiz tipajı da olmaq
istəməzdim.
- Vəloş, bu nə danışıqdı? Guya səni kimsə burda
durğuzmayıb? Guya sən burda yığdığın puldan kiməsə vermirsən? Mənim
də əlimin altında bir-neçə uşaq var, "kırışalıq" edib, işlətmək
istəyirəm də...
O pulu necə yeyəcəksən?
Tozlu-çirkli sifəti dəyişdi. Azyaşlı oğlanın qəzəbi yaşından çox
qabağa qaçdı. Ayağa durdu. Əskisini götürdü. Xoşuna gəlmədim,
deyəsən... Balaca boyunun altından özünün ədalətini, hirs və
hikkəsini püskürdü sifətimə:
- Day-day, tutaq ki, o uşaqlar gəldi işlədi. Gündə 100 dəfə
üzünə tüpürdülər, təpiklədilər, polis qovdu, qazandığı zəhər oldu.
O uşaqların əzabla qazandığı pulun yarısını da sən aldın. O pulu
necə yeyəcəksən?
Dedi və kirpiklərini qırpmadan gözümə baxmaqda davam etdi. Sözüm
olmadı. Dayandım. Yox, geri çəkilmək olmaz. Siqaret yandırdım.
Tüstüsünü işbaz ədasıyla onun sifətinə pilədim. Mən zalım,
başqasının əməyini istismar edən birinin obrazını yaratmalıyam
axı... aralanmaq istəyir, qolundan tutub buraxmıram. Tərslik etmir.
Heç qorxmur da.
- Sənin "krışan" kimdir?
- Heç kim, – bayaqkı qəzəbin alt qatında bir qədər də
çəkingənlik, ehtiyat hiss etdim.
- Sən də keç mənim uşaqlarımın içinə, sənə "krışalıq"
edim.
- Ehtiyacım yoxdur, – qolunu çəkir.
- Sənin qaldığın yer var? Niyə çimmirsən, niyə bu
gündəsən? Hanı qazancın, hanı o pullar? Bu gün nə qədər
qazanmısan?
- Nəyinə gərəkdir?
- Vəloş, mən səninlə zarafat edirəm axı. Məni sənin
həyatın maraqlandırdı. Yazı yazmaq istədim sənin
haqqında.
İnanmaq istəmir. Amma bir qədər söhbət etdikdən sonra tamam
dəyişir. Vəloş deyilən bu uşaqla söhbətimiz məcrasına düşür. Amma
inadkarlığı da yerində qaldı.
Dayım da atam kimi nakişidir...
Hansı rayondan olmasını çox təkid etsəm də, demədi. Təkcə onu
dedi ki, qaçqın məktəbində oxuyur. Atası Rusiyaya çörək dalına
gedib və o gedəndir. Anası özəl bir poliklinikada şəfqət bacısı
işləyirmiş. Hansısa həkim ona pis baxıb və anası işdən çıxıb. Bir
ildən çoxdur ki, işsizdir. Ailəni tək Vəloş dolandırır. Dediyinə
görə, anası gözəl qadındır. Hazırda onun ad günü üçün pul toplayır
həm də. Evləri var. Qohumları qohumluq etmir. Dayısı, Vəloşun
dediyinə görə kişi deyil:
- Anama dedi ki, evini sataq, puluna gedək Kitaydan mal gətirək.
Cavan qadınsan, sənə də ev alarıq sonra. Anam razı olmayanda bizdən
üz döndərdi. Dayım da atam kimi nakişidir...
Vəloşa bir qədər qabaq verdiyim, "çimmirsənmi" sualımı da
cavabsız qoymadı:
- Çimirəm. Amma axşamlar. Gündüz arada dərsə gedirəm. Çantamda
bu paltarlarımı aparıram. Burda dəyişirəm və işə başlayıram, –
deyir, cibindəki qəpikləri çıxarıb sayır, yenidən cibinə qoyur.
Köynəyinin cibindən isə bir 5 manatlıq və bir neçə əzik manat
çıxarır: – Bunlardı. Allah bərəkət versin.
Atam düz eləmədi
- Vəloş, sən nə vaxta qədər maşın şüşəsi siləcəksən?
Oxumaq keçmir könlündən?
- Oxumaq istəmirəm. İşləmək, pul qazanmaq istəyirəm. İstəyirəm
anam işləməsin. Yaxşı yaşasın. Evdən çölə çıxmasın. Böyüyüm, ailə
qurum, atama sübut edim ki, adam arvad-uşağını necə saxlaya bilər.
Mənim atam düz eləmədi.
Qızını gətir filan yerinə çiş eləyim
- Heç xətrinə dəyən olur burda?
- Hə, mənim xətrimə dəyənlər çox olur. Bəzən qışqırırlar,
"küçük, silmə", - deyirlər. Bəziləri də "podpresin" hər tərəfin
təmizlədir, pul vermir. O gün yaşlı bir adam dedi yaxın gəl.
"Cip"də idi. Yanında da qəşəng bir "maska". Qız maşında kişinin
dizini tumarlayırdı. Dedim, bəlkə pul verər də. Kişi mənə dedi ki,
sənə 50 manat versəm, bunun ..... öpərsən? Qız da gülürdü. Dedim
yox, .........! Üzümə tüpürdü. Düşdü yerə saldı məni təpiyin
altına. – Vəloş bunu deyir və doluxsunur.
Saqqızımı çeynə, böyüyərsən özümü verəcəm
- Bəs o "maska" nə edirdi, demədi vurma?
- Yox, demədi. Heç görmədim ki, onu. Kişi məni döydü, söydü
getdi. Bəzi sürücü qadınlardan da elə onların tayı olanı var. Bir
dəfə bir "Nissan Cuki"nin şüşəsini sildim. Maşında dörd qız idi.
Mahnı oxuyurdular. Şüşəni sildim, həm də deyib-gülürdülər. Biri
mənə barmağını göstərdi. Utandım. Amma qəşəng idilər. Sildim,
keçdim sürücü qız tərəfə ki, pul versin. Ağzından saqqızı çıxarıb
mənə verdi. Hələ saqqızımı çeynə, böyüyərsən, özümü verəcəm, -
dedi.
Vəloşu iş yerində, Koroğlu Rəhimov küçəsində, Müəllimlər
İnstitutunun yaxınlığındakı işıqforun yanında qoyub
sağollaşdım...