Yardımlı rayonunda narkotik ticarəti ilə məşğul olan
dəstə həbs edilib.
Axar.az-ın mötəbər qaynaqdan əldə etdiyi xəbərə görə, Yardımlıya
yeni polis rəisi təyin olunan Nadir Məmmədov narkoticarətə qarşı
geniş əməliyyat həyata keçirib və İrandan Azərbaycana külli
miqdarda narkotik keçirən və uzun müddətdir bu fəaliyyətlə məşğul
olduğu barədə şübhələr olan şəbəkə yaxalanıb.
Əməliyyatın "xırda zəmində" başlanıldığı, "siqaret
qaçaqmalçılığı" adı ilə həyata keçirildiyi qeyd olunur. Bildirilir
ki, İrandan qaçaqlamçılıq yolu ilə siqaret gətirən Seymur Məriş
oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü – Elnur
Fəxrəddin oğlu Rzayev saxlanılıb.
Yalnız bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan,
"mötəbər şəxs" sırasında adı keçən qrup rəhbəri Sərvər Xanış oğlu
Əmirov həbs edilib.
Mənbənin məlumatına görə, böyük partiyalarla işləyən bu qrupun
həbsindən sonra narkotik alverçiliyində adı keçənlərin hamısı
saxlanılıb.
Narkotacirlər kiminlə
əlaqəlidir
Rayondakı mənbələrin Axar.az-a verdiyi məlumata görə, şübhəli
şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik
etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə
orqanları ilə əlaqələri varmış. Daha doğrusu, Yardımlı Rayon Polis
Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis
İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə
yaşayıb:
"Polkovnik Şamil Seyidli Yardımlı rayonuna yeni rəis təyin
olunanda Sərvər öz evini ona təklif elədi. Rəis də kiminsə evində
onsuz da qalmalıydı, ona görə də Sərvərin təklifini qəbul elədi.
Sərvərin rayonda danışdığına görə, evi rəisə qalmaq üçün təmannasız
vermişdi və elə bundan da istifadə etməyə başladı: deyirdi ki, rəis
dostumdur, ona görə də mənim evimdə qalır".
Sakinlərin dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost
olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da
böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər
alıb.
Rəsi müavini işdən qovuldu
Narkotacirlərə qarşı əməliyyatın Yardımlı polisi və Mütəşəkkil
Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Bakıdan ezam olunmuş
xüsusi təyinatlılarının birgə həyata keçirildiyi də iddia
olunur.
Hazırda saxlanılan şəxslər MCQMBİ-də dindirilir.
İşin ən heyrətamiz məqamı isə araşdırma zamanı narkotacirlərin
hüquq-mühafizə orqanı işçilərindən bəzilərinin adını çəkməsi və
rayon polislərindən bir neçəsinin istintaqa cəlb edilməsidir:
"Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis
polkovnik-leytenantı Vidadi Əhədov da istintaqa cəlb edilənlər
sırasındadır. O, artıq hüquq-mühafizə orqanları sırasından xaric
edilib", - deyə mənbə qeyd edir.
Daha 2 polis əməkdaşının da Mütəşəkkil Cinayətkarlığa qarşı
Mübarizə Baş İdarəsinə dəvət edildiyini və onların da işdən
qovulduğunu, hazırda həbs olunma ehtimallarının belə qaldığını
iddia edən mənbənin sözlərinə görə, ən təəccüblü məqam
polkovnik-leytenant Vidadi Əhədovun polis sıralarından
qovulmasıdır:
"Bu faktdan rayon camaatı çox təəccübləndi. Çünki Vidadi
Əhədovun Sərvər Əmirov və onun ətrafında olan adamlara nifrət
etdiyini hamı bilir. İndi heyrətlənirik ki, doğrudanmı onun gizli
şəkildə bu qrupla əlaqəsi olub?"
Mənbə həmçinin qeyd etdi ki, əməliyyatlar iyin ayının sonuna
yaxın, Ramazan bayramı günlərində həyata keçirilib.
Polis rəisi narkoəməliyyatdan danışır
Yardımlı Rayon Polis Şöbəsinin
yeni rəisi Nadir Məmmədov Axar.az-a açıqlamasında hadisə ilə bağlı
məlumat verə bilməyəcəyini dedi:
"Hansısa formada müxtəlif şayiələr gəzə bilər. Yalnız onu deyə
bilərəm ki, bu dediklərinizlə bağlı həqiqətən müəyyən tədbirlər
həyata keçirmişik. Nəticələr də var. Əlavə məlumat isə verə
bilmərik. Ətraflı məlumatı Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən ala bilərsiniz".
Rəis müavininin vəsiqəsinin əlindən alınması və polis
sıralarından qovulması ilə bağlı da N.Məmmədov məlumat verə
bilməyəcəyini bildirdi:
"Bu suallarınıza yalnız mətbuat xidmətimizdən cavab ala
bilərsiniz".
DİN mətbuat xidmətinin
münasibətini öyrənməyə çalışırıq.