Hökumət Evinin qarşısında yeni istifadəyə verilmiş
yeraltı dayanacaq Bakı merinin oğlunun istifadəsinə verilib; bəs
mer oğlu Londonda nə işlə məşğul imiş...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala
Abutalıbov paytaxtın mərkəzində bu yaxınlarda istifadəyə verilmiş
və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil
dayanacağının oğlu İsrafil Abutalıbovun şirkətinə icarəyə
verib.
Bu barədə məlumat virtualaz.org saytına mötəbər məlumatlı
qaynaqdan daxil olub.
Mənbənin bildirdiyinə görə, Hökumət Evinin qarşısında, Azadlıq
meydanının altında inşa edilən 2 min yerlik avtomobil dayanacağının
merin oğlunun şirkətinin adına rəsmiləşdirilməsi prosesi bu
yaxınlarda başa çatıb. Mənbədən şirkətin adını öyrənmək mümkün
olmayıb.
Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyinin sözçüsü Namiq
Həsənov şəhərdə tikilən yeraltı dayanacaqlarda qiymətlərin yüksək
olması barədə şikayətlərə cavab olaraq saytımıza bildirib ki,
qiymətləri onlar yox, dayanacaqları icarəyə götürüb işlədən
sahibkarlar müəyyən edir. N.Həsənov Azadlıq meydanının altındakı
yeraltı dayanacağın da özəl sahibkara icarəyə verildiyini deyib,
lakin şirkətin adını açıqlamayıb.
Hökumət Evinin qarşısındakı yeraltı dayanacaq bu yaxınlarda
istifadəyə verilib və BŞİH tərəfindən tikilib. Mənbə bildirir ki,
dayancağın Abutalıbovun oğluna verilməsi merin "Qış parkı"
layihəsini uğurla başa çatdırmasının əvəzində bir növ "mükafat" da
saymaq olar.
Yada salaq ki, H.Abutalıbovun oğlu İsrafil Abutalıbovun adı
mətbuatda dəfələrlə gündəmə gəlib. Birinci səbəb onun deyildiyi
kimi, vəhhabi təriqətinə qoşulması, ikincisi isə bir iş adamının
icarəyə götürdüyü obyekti onun əlindən zorla alması mövzusuna
görə.
İ.Abutalıbovun biznesini hansı şirkət üzərindən yürütdüyü barədə
məlumatlara gəldikdə isə "Müstəqil Spektr" MMC adlı şirkətin ona
məxsusluğu iddiası merin oğlunun iş adamı ilə məhkəmə çəkişməsində
irəli sürülmüşdü.
Məlumdur ki, İ.Abutalıbov bir neçə il Azərbaycandan uzaqda,
Londonda yaşayıb (onun vəhhabi təriqətinə də Londonda, yaxud
İngiltərə paytaxtına getməzdən az əvvəl qoşulduğu deyilir-red.).
Bəs Londonda olarkən Abutalıbovun oğlu nə işlə məşğul olurmuş?
Qeyd edək ki, Azərbaycan praktikasında dövlət vəsaiti və ya
dövlət təminatı ilə alınan xarici kreditlər hesabına inşa edilən
obyektlərin sonradan nazirlərin və digər iri məmurların yaxınlarına
işlətməyə verilməsi hadisəsi yeni deyil. Məsələn, təxminən 80
milyon dollara başa gələn Bakı Beynəlxalq Avtovağzalının nəqliyyat
naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun Virgin
adalarında qeydiyyatdan keçmiş offşor şirkətinə verildiyi
məlumdur.
Yaxud Nəqliyyat Nazirliyinin xətti ilə ölkəyə gətirilən sərnişin
avtobuslarını və taksiləri elə nazirin ailə üzvlərinin şirkətləri
istismar edir.
Bu baxımdan Bakı merinin şəhərdə yeni açılan yeraltı dayanacağı
oğlunun şirkətinin istismarına, daha doğrusu, sərəncamına verməsinə
təəccüblənməmək lazım gəlir. Hansı ki, söhbət kifayət qədər gəlirli
biznesdən gedir. Bu dayanacaqda qiymətlər 2-6 manat arasında
dəyişir. Azərbaycanda əhalinin orta aylıq qazancı nəzərə alınarsa,
bu rəqəm kifayət qədər yüksək sayıla bilər. Çünki şəhərin mərkəzi
hissəsində yerləşən idarə və müəssisələrin işçiləri avtomobillərini
hər gün məcburən yeni açılan dayanacaqlarda park etməlidir.
Virtualaz.org saytı internetdə araşdırma aparıb və
İ.Abutalıbovun 2006-2010-cu illərdə Londonda nə işlə məşğul
olduğuna dair bəzi maraqlı faktlar tapıb. İş adamlarının barəsində
məlumatların toplandığı www.ccdni.com saytında yer alan məlumatlar
belədir:
İSRAFİL ABUTALIBOV was born in 1978
Posttown: LONDON
Postcode: SW8 2JE
ANDROUSH SHTRIKER LIMITED (dissolved)
2006.09.29 - 2010.04.27
İSRAFİL ABUTALIBOV was from 2007.05.01 to 2010.04.27 at ANDROUSH
SHTRIKER LIMITED employed as Director (BUSINESSMAN).
resigned
Company address: ANDROUSH SHTRIKER LIMITED
FLAT 548 HAMILTON HOUSE, ST GEORGE WHARF, LONDON, SW8 2JE
Company documents: 11 - buy documents
HAMILTON CONSULTANCY & ADVISORY LIMITED (dissolved)
2007.12.06 - 2009.11.24
İSRAFİL ABUTALIBOV was from 2007.12.06 to 2009.11.24 at HAMILTON
CONSULTANCY & ADVISORY LIMITED employed as Director
(BUSINESSMAN).
Bu məlumatlardan göründüyü kimi, İ.Abutalıbov 1978-ci ildə
anadan olub, 2006.09.29 -2010.04.27 tarixlər arasında Londonda
qeydiyyatdan keçmiş "ANDROUSH SHTRIKER LIMITED" adlı şirkətin
direktoru, 2007.12.06-2009.11.24 tarixləri arasında yenə də
Londonda qeydiyyatdan keçmiş "HAMILTON CONSULTANCY & ADVISORY
LIMITED" şirkətinin direktoru olub.
Birinci şirkətin nə işlə məşğul olduğu məlum deyil, ikincisi isə
məsləhət və konsaltinq xidməti ilə məşğul olub. İstisna deyil ki,
Hökumət Evinin qarşısında açılmış yeraltı dayanacağın izlərini də
Abutalıbovun oğlunun offşor şirkətlərinin birində axtarmaq
lazımdır.