Zəmanə sirrinə vaqif olanda
Kamal Abdullanın "Sirri-Zəmanı" kitabı üzərinə
qeydlər
Ədəbiyyat və konteksi. Yazıçı və mühiti. Kamal Abdulla və "mən"
daim bir-birimizin yanındayıq. O yazır, mən yozuram. "Yozduğumu" o
yenə yazır... Təbii, burda öz "mən"imi ictimailəşdirirəm; ədəbi
tənqid, ədəbi ictimaiyyət, elə ümumən də ictimaiyyət
mövzusunda.
"Labirint" kitabı çıxanda yazmışdım: "Birincidən sonra
("Hekayələr", 2008).
Kamal Abdullanın ikinci hekayələr toplusu çıxdı: "Labirint"
(Qanun, 2012); və romançı kimi tanıdığımız yazıçı özünü hekayəçi
kimi də təsdiq etdi... Və budur, Kamal Abdullanın hekayələrdən
ibarət daha bir kitabı: "Sirri-zəmanə" ("Mütərcim", 2014) həmin
yozumu bir daha təsdiqləyir...
"Labirint" haqqındakı yazı ("Kamal Abdullanın metafizik
labirinti") belə anlaşılmışdı ki, Kamal Abdullanın xoşuna gəlmişdi.
Və hətta bu sözləri cızıqlamışdı:
"Tehran, axşamın xeyir. Yazını oxudum. Sənə təşəkkür edirəm.
Sənin duyumun məni heyrətləndirdi və sevindirdi. O şeylər ki, mən
düşünürdüm, onu bir "bəni-adəm" hiss edə bilməyəcəkdir və
heyfslənirdim, sən onları görmüsən. Sən həqiqətən də mükəmməlsən.
Əhsən və bir də təşəkkürlər.
Dostun Kamal Abdulla.
10.01.2013"
Amma sirri-Xudamı, Ann.az və Kult.az yayımlanan o yazının elə
bir səs-sədası, tutarı-filanı olmadı. Çox demirəm; deyək,
nəşriyyatlar piar niyyətilə, K.Abdullanın kitablarının üz qabığını
bəzərkən, məsələn, R.Rövşəndən, M.Süleymanlıdan, A.Talıbzadədən,
S.Sarvandan, E.Başkeçiddən gözəl-gözəl sitatlar tapıb-verir...
Qısqanclığım tutur əlbəttə. Amma yox, Xudanın bəndədən nə sirri?
Həm də "sirri-Xuda" - yazıçı Elçinin maraq predmetidir. "Sirri"
uyduran bəndələrdir, nədisə bu - məhz "sirri-zəmanə"dir, yazıçı
Kamal Abdullanın maraq dairəsində olan məsələdir...
Təzə kitabını da "Sirri-Zəmanə" adlandırması əbəsmi?
***
İndilikdə "Sirri-Zəmanə"ni Kamal Abdullanın hekayələr külliyatı
hesab etmək olar; çün mənə bəllisi, mətbu hekayələrinin cəmisi
toplanıb burda. Həm də silsilələr üzrə : "Sehrbazlar dərəsi"
silsiləsindən ("Qərar", "İlişin qayıtmağı"), "Parisin seçimi"
silsiləsindən ("Son gəliş", "Xaron, mərhəmətli Xaron", "Dəvə
yağışı", "Adaşlar", "Parisin seçimi", "Çəngəl çiçəyi", "Gülü
qah-qah xanımın nağılı"), "Labirint" silsiləsindən ("İstintaq ",
"Ay işığı", "Kamera teatrı", "Üçrəng pişik balası", "Bir yay
axşamı", "Sirri-Zəmanə", "Labirint", "Pəncərə", "Bir sevgi
hekayəti"), "Bilgə əhvalatları" silsiləsindən ("Qədiməli kişi və
onun bülbülü", "Köhnə məhlə", "Tumsuz nar", "Uca qaya başında") ,
"Balaca həyətin həngamələri" silsiləsindən ("Çil-çil toyuq",
"Dünyanın ən ucaboylu karliki", "Mənə uçmağı öyrət"),
"Səhvlərimizin qrammatikası" silsiləsindən ("Qədim mayyalara
cavab", "Korneliusun ölümü", "Platon, deyəsən xəstələnib...",
"Asiman və Zəminə", "Atama deyin ki, mən xoşbəxtəm...",
"Səhvlərimizin qrammatikası", "Vakxanaliya mövsümündə Çalıquşu",
"Kölgə"). Bəzisində ikicə hekayə var, bəzisində iki o qədər, üç o
qədər; amma "silsiləsindən" - yəni də var, yanaşı - paralel
mövcuddur, yazılır...
Xatırladığım yazıda mən S.Sarvanın ardınca Kamal Abdulla
hekayələrini ardıcıl, diaxron planda oxumağa cəhd etmiş, hardasa
"metafizikası"na gəlib çıxmışdım zənnimdə: 1. Labirintə qədərki
"Hekayələr"... 2. "Labirint"in içində.. 3. Labirintin çölündə
("Bilgə əhvalatları" silsiləsi). İnsan həyat və ölüm, varlıq və
yoxluq, sevgi və özgəlik arasındakı labirintdə. Hətta ədəbiyyatın
bu əbədi teması - əbədiyyətin sirrinə varmaq niyyətilə "Sirri -
Zəmanə" hekayəsinin qəhrəmanı "qapı açıb" bir zəmanədən özgə
zəmanəyə adlamalı olur...
Təzə kitabında silsilələri yan-yanaşı (yanakı) düzməklə sanki
Kamal Abdulla hekayələri indi də bir üfiqi planda, sinxroniyada
oxumağı israr edir. "... Hər əsrin, hər dövrün, hər ölkənin, hər
kimsənin belə zəmanəsi var... Sirri-zəmanə öz dövründə, öz
zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi də onu tapdılar, məsələ
bitdi. O, bir şəxsin qisməti oldu. O biri sirri-zəmanənin özü yox
idi, adı var idi. Axtaranlar onun özünü deyil, adını axtarıblar,
sən daxil... Xoşbəxtliyin sirri, əgər tapılıbsa, o biri zəmanəyə
keçə bilmir, elə öz zəmanəsində qalır..." ( "Sirri-zəmanə"
hekayəsindən).
"Labirint"dən çıxıb, mənimcə, Kamal Abdulla bizi "öz zəmanəmiz"i
dolaşmağa - gəzişməyə dəvət edir toplu(m)da...
"Sehrbazlar dərəsi silsiləsindən" hər iki hekayəni mən ilk
olaraq "Xəzər" jurnalının 1996-cı il 2 sayında oxumuş və doğrusu,
elə də önəm verməyib, 1990-cı illərdə 1980-ci illərin əks-sədası,
reminissensiyası kimi almışdım: "Qərar"da bugünü tarix vasitəsilə
oxumaq (sırf realist tələbat) və "İlişin qayıtmağında dağılan
quruluşun magik illuziyaları" (dekadans oyunları)... İndi "sirri -
zəmanə" hər iki mətn barədə mənə daha başqa şeylər deyir:
"hakimiyyət" adlı hardasa bir şirin - acı materiya var, magiyası
qədər intiqamı da qurnazdır - dadana əhsən, dadmayana rəhmət...;
"qisas - intiqam" deyilən bəhrəsiz bir əməl var, bədəli günahından
betər... - etirafa gələn də yazıq, gəlməyən də... Və bütüb bunların
"sirri", habelə hələ nə qədər də çözülməmiş bu sayaq müşküllərin
açarı heç də uzaqda yox, yanımızda, Görükməz dağın ətəyindəki
"Sehrbazlar dərəsi"ndədir (silsilənin adı aşkar bu ünvana,
K.Abdullanın eyni adlı romanına işarə edir); hər "zamənə" öz
sehrbazı - yazarını istəyir ki, bunu yoza və yaza...
***
"Parisin seçimi silsiləsindən" hekayələr ümumi - problemlərdən
fərdin həqiqətinə, məhz "seçimin morfologiyası"nda yön alır (Asif
Hacılının "Kamal Abdulla: seçimin morfologiyası" adlı kitabı
var)...
Eyniadlı əsəri mən günün ən məşhur hekayəsi kimi təsbitləmişdim;
məxsusən "Litqazeta"da dərc olunub, əks - səda qoparandan sonra.
"Belə də yazmaq olarmış!" - antik mifin ən sadə (!) dekonstruktəsi
var burda. Paris çox asanca, göylərin məntiqinə zidd gedərək,
almanı gözəllər gözəli Yelenaya deyil, Zevsin arvadı Heraya təqdim
edir... Bir anlığa "seçim"in ləzzətlərini təsəvvür edirsizmi: nifaq
- münaqişə dayanır, Troya müharibəsi - filan olmur və s... Hər şey
necə də mümkünmüş!
Bir çoxlarının ardınca mən də bu qənaətdəyəm ki: "Dəvə yağışı"
bizdə son illərin (bəlkə də bütövlükdə Azərbaycan ədəbiyyatının)
uşaqlar və böyüklər üçün yazılmış ən gözəl nağıldır. Virtual
realiya təkcə balaca qəhrəmanın - Uşağın seçimi deyil ki,
külli-aləm elə əzəldən ovsun və ecaz (dəvənin göz yaşı) üzərində
qərar tutmayıbmı?! Dəyişən dildir və hekayənin günümüzə yaraşan
terminolojisi dürüst və qənirsizdir: İnsanlar ölkəsi, Damdabacalar
küçəsi, virvizual dəvə, sansor idarəetmə, germetik təsəvvür, Çözüm
Komissiyası, Ümumi sülh saatı və s.
"Çəngəl çiçəyi" hekayəsində, bilsəniz mənə ən çox nə xoş gəlir;
"Bir qalanın sirri" filminin sonunda ki, elmin-məlhəmin gücüylə
zülm və tilsimin qurutduğu daşlar qayalar da gül açıb - canlanır,
eynən hekayədə insanın çiçəyə, çiçəklərin dönüb insanlara
çevrilməsi texnologiyasının özü, yəni bədiiyyat... Qalanı -
ideologiya məsələsidir; fironmu haqlıdır, kahinmi?; sözmü
birincidir, zormu?; tarixmi gerçəkdir, sənətmi? - "sirri -
zəmanə"dir, seçiminə bağlı...
"Xaron, mərhəmətli Xaron" və "Gülü qah-qah xanımın nağılı" mənim
seçimimdir; hekayələrdən birincisini ilk dəfə Tənqid.net jurnalının
ilk, 1-ci sayında (2006), ikincisini isə 5-ci sayında (2008)
vermişəm. Təkcə ona görə yox ki, jurnal təzə olduğu kimi,
K.Abdullanın hekayəçilik tərzi də tamam təzəydi; "Xaron, mərhəmətli
Xaron" hekayəsində bir "yaddaş" məsələsi vardı, elə Tənqid.net də
yaddaşın sərhəddində və onu qırıb qayıtmaz yerlərə çıxmaq
şövqündəydi...
"Gülü qah-qah xanımın nağılı", mənimcə, yalnız bizdə ola biləcək
duzlu-məzəli absurd özün-özünlə oyun ("kişmiş oyunu"), şaqraq gülüş
təzahürüdür; və Tənqid.net-in 5-ci sayına çox yaraşırdı, belə ki,
jurnalda hər nə istəsən vardısa da, bir yana çıxa bilmir,
karuseldəki tək öz ətrafında fırlanırdı...
"Adaşlar" hekayəsində də yazışı "oynayır"; amma bu, artıq
məharətli şahmat oyunudur: yuxular və gerçəklər, indi və dünən,
olanlar və olmayanlar, ədəbiyyatın və həyatın sərhəddi, real və
fərz olunan Kamal, o cümlədən Borxes və mən müstəvisində... Həmin
hekayə barəsində mən ayrıca yazmışam: "Borxessayağı Kamal Abdulla"
yazısında (bax: Tənqid.net, N 5, 2008)
***
Mənimcə beləydi ki: Kamal Abdulla bir yazar olaraq həyatını hər
gün qarşımıza çıxardığı hadisə, qavram, aktuallı-qara çox da qane
və aludə olmayıb, öz mifoloji aləmini quru... Və bu mülahizənin
izinə düşərək, məhz "Labirint silsiləsindən" hekayələr arasında
"Kamal Abdullanın metafizik labirinti"ni təsəvvür və təsvir etməyə
çalışmışdım xatırlatdığım yazıda. Bu ki, K.Abdullaya görə:
varlıq-həyat dediyimiz nədir? - yoxluq-ölüm bildiyimizin bu üzü,
bizə görünən tərəfi; ölüm-yoxluq anladığımız və sandığımız bəs
nədir? - həyat - varlıq sərhədinin o üzü, ha baxsaq da
görəmmədiyimiz yönəmləri... Xatirə, nisgil yaşayırsa (varlıq),
arxasında ayrılıq (yoxluq) durur ("Ay işığı"); elə dünən, keçmiş
(yoxluq) vardır ki, "yoxluğuna bu gün də alışa bilmir"sən, demək:
vardır ("Bir yay axşamı"); həyat teatrdır deyirik, biz aktyorlar,
demək ki: yoxluğu oynayırıq; ya bəlkə tərsinədir: özümüz yoxuq,
roldayıq, bu şəkildə varlığımızı yaşayırıq ("Kamera teatrı"), hər
gün sabah (yoxluq) pəncərə açırıq, qarşımıza möcüzələr çıxırsa,
həyat varlıq dediyimiz elə möcüzə (yoxluq bildiyimiz) deyilmi
("pəncərə"), ya: həyat-ömür hesab etdiyimiz (varlıq) tale deyə
təsəvvür qıldığımızın (yoxluq) elə kölgəsi deyilmidir? ("Üçrəng
pişik balası"); sevgilər və ölümlər - biri digərində əks olunan
güzgülər kimi, haçansa sonu görünəcəkmi... ("Labirint"), sevgi və
həyat, biri digərində - varlıq kimi, bəs ayrıldıqda - "ayrılıq"da
necə - yoxluqmudur ("Bir sevgi hekayəsi")... Bütün bu metafizik
üzərində düşüncələr, sonda bizi Kamal Abdullanın "paralel
dünyalar"ına gətirib çıxarır ("Sirri-zəmanə" hekayəsi); nə dərəcədə
aşinayıqsa buna, "zəmanənin sirri"nə də, demək, elə o qədər
vaqifik...
***
Kamal Abdullanın "həpsi rəng"lə dolu hekayələrində çıxış üçün o
qədər nöqtələr var ki, özülünü-poetikasını tapmaq da çox çətin
olur... ha yana istəsən, aparıb çıxara bilər səni; odur ki, bəzən,
yazıçının öz eyhamını yada salsaq, "kimsə ağlına gələni, kimsə də
ağzına gələni" danışa - təəccüblənməyinə dəyməz, mənimcə. Məxsusən,
təzə silsilələrin diapozonu açıqdır bu cəhətdən. "Balaca həyətin
həngamələri silsiləsindən" hekayələr, məsələn, əsl "həngamə"dir
elə; axı hadisə adına "balaca həyət"də başqa nə ola bilər ki...
Üstəlik, "balaca həyət" anlamına rəmzi-simvolik rəng versək,
pa-hooo! Məsələn, "Çil-çil toyuq" hekayəsində, sirri-Xudamıdır
nədir, bu dəfə "toyuq diri qalmır"; amma yox, əlbəttə,
"sirri-zəmanədir", çün fərasətli oğlan Vəliş heç bir aşırı
peşmançılığa-filana uymadan "əsl mərəkə"dən qalib çıxır... Əslində,
bir növ ləqəblər (Şişman Hənifə, Keçəl Bağır, Cırtdan Ağaqulu,
Seyid Qəmbər, Zümzümə Mərifət, Karlik Babacan, Məcnun...) və
ləqəblərin metomorfozundan söz açan və nəhayətində "hamımızın
ürəyindən tikən çıxaran" hekayəsində elə amansız xırdalıqlar var
ki, bu "balaca həyət" sindromundan kənara tut, əsl komiksdir ki
durubdur...
Və doğrusu, hərdən mənə elə gəir, Kamal Abdulla "həngamələr"i
sırf acığa (açığa!) çox sevdiyi Xorse Luis Borxesin növbənöv sirli
silsilələri işığına bizim bu "balaca həyət"i tutub, parodiyasını
yazır. Amma nədirsə, bəzən əksinə, effekti çox poetik alınır...
Məsələm, "Mənə uçmağı öyrət" kimi.
"Babam mənə danışırdı ki, hər adamın bir cini olur..." - tez-tez
demirikmi "cinim tutmuşdu", deyirik, əlbəttə; hekayəçi indi həmin
mifolojinin gerçəyini, gerçəklərdə illüstrəsini cızır; məharətlə
içimizdə cin gəzdirməyimizi bir quyu başına toplayır. Maşallah, cin
barəsində primitivizmlərimiz əfsanələrdə, deyimlərdə, xalq
təfəkküründə gizlənərək, bu gün də yerində, aktual, gözəl-gerçək
durubdu, fəhm istəyir "sirri"ni quyudan çıxarıb da faş edə.
Tərslikdən, bu "sirr"in mərkəzində ədəbiyyat müəllimidir və: "Bütün
bunlar Miras müəllimə əndazəli və ölçünü-biçili, uzun bir şeir kimi
gəlirdi. Bu, elə həqiqətən şeir idi ki, vardı... "Üstəlik, hekayəçi
də qələmində bir şair ola, "saçları çiyinlərini örtən, qaraqaş,
qaragöz, xoş əndamlı" Həmidənin "çox böyük nazı"nı çəkə bilə...
Hər nə qədər çətin olsa da, zənn edirdim "Kamal Abdullanın
metafizik labirinti" yazısında hekayələrinin poetikasına çıxmışam;
həm də ayrıca müstəvidə yox, bütünlükdə nəsrimizin konteksində
yerini-yurdunu bəlləmişəm... Harasıdır? Birisi şərh yazmışdı ki:
T.Əlişanoğlu burda nə demək istəyib, bəlli deyil... Sonra isə daha
böyük qınaqlar: ümumən Tehran Əlişanoğlunun cümləsini anlayan
varmıdır və s. Görünür, mənim problemim köhnə, "poetik
zamanları"nda qalmağımdadır, qəlizlik-olmayan yerlərdə də "poetika"
axtarmağımdan gəlir. Bu barədə düşüncələrə məni "Səhvlərimizin
qramatikası silsiləsindən" hekayələri sövq etdi...
"Labirint"inə baş vurub demişdim axı: "Kamal Abdulla bir yazar
olaraq həyatın hər gün qarşımıza çıxardığı hadisə, qavram,
aktuallıqlara çox da qane və aludə olmayıb, öz mifoloji aləmini
qurur... " Çox da elə deyilmiş; "səhvlərimin qramatikası"na vaqif
olub bəlkə belə deməliyəmmiş: yox, ...Kamal Abdulla heç də mif
qurmur, əksinə, soyuq bir ləzzətlə hər cür mifləri (həyatda və
kitabda!) dağıtmağa maildir...
Bugünlərdə zövqünə inandığım həmkarlarımdan biri ilə dəhliz
söhbətində oxşar mülahizələr eşidib, daha da ürəkləndim: bu ki,
Kamal Abdulla hətta özünü qurduğu "poetik strukturları" da növbəti
mətnlərində asanlıqla "dağıda", dekonstruktə edə bilir, buna
həvəslidir də...
Korneliusun gəlib-çıxdığı nəticə budur ki: "meyar yoxdur!" (!),
varsa da: "Dünyanın mərkəzi ən
böyük əzabın çəkildiyi yerdir..." ("Korneliusun ölümü"). Və məqsəd
("meyar"!) heç də məlum "əzabları"n üzərində durmaq, israr etmək
olmamalıdır; "poetika"lar məhz bunu edirdi (O heç cür anlamır ki,
nə üçün onlar yerə uzanmış və açıq gözlərini onlara dikmiş atasının
yanından bu cür biganə və ləngimədən keçib gedirlər...") Əsl
"ləzzət" məhz gülə-gülə, gülümsünərək ağrılardan-əzablardan
uzaqlaşa bilməkdə, həm də bunu bacardıqca plastik-mükəmməl tərzdə
eləyə bilməkdir: "Gözünün yanı ilə Kornelius baxıb görür ki,
atasının onun arxasınca baxan gözləri gülür, ağaran dişlərinə
təbəssüm qonub. Bu zaman Kornelius hiss edir ki, onun da gözləri
niyəsə gülür, yanaqlarına isə səssiz göz yaşları
süzülür"...
Bir halda ki, "dünyanın məhvəri" dağılıb, hansı dayanıqlı
instansiya ("poetika"!) sevdasında ola bilərsən. Kamal Abdulla
"poetika"ların dağıldığı ərazilərin hekayələrini yazır. "Mənə isə
elə gəlir ki, dünən gecə dünyanın sonu oldu. Və indi biz bu sondan
sonra yaşayırıq. Bir-birimizin yuxusuna köç etmişik..." - qədim
mayyaların "axirət təqvimi"nə cavab olaraq çox möhtəşəm, vədverici
bir məqamla açılan "Qədim mayyalara cavab" hekayəsi, amma çox tez
bizim "balaca həyat" sindromuna uduzub, realiyaların darıxdırıcı
axarına düşür. Və məsələ heç də onda deyil ki, təhkiyəçi-qəhrəman
Farizin "balaca dilənçi" yuxusu guya çin çıxmır, balaca
Hüseynin-Nazirin də yaşadığı öz "yuxusu" varmı; "balaca həyət"in
yuxularının miqyası budur ("Hə, sən düz fikirləşirsən, mən atamı
görməmişəm. Amma... heç nə eliyə bilmirəm. Yaman oxşayır atama"),
başqa heç nə...
Və sanki "Səhvlərimizin qrammatikası silsiləsindən" hekayələr də
məhz bu "yuxu"ları çözməyə məhkumdur... Eyni hekayədə Eyvazlının
bir dəfə uydurduğumuz və heç cürə qopammadığımız Koroğlu mifini dəf
edə bilməməsi kimi ("Səhvlərimizin qrammatikası"); ya yüzillərin
mirası "qan davası"nı günümüzdə bircə mobil telefon mesajının çözə
bilməsi kimi ("Atama deyin ki, mən xoşbəxtəm)...
"Asiman və Zəminə sanki "balaca həyət"in namus prioritetləri
üzərində, amma Borxessayağı ustalıqla qələmə alınmış klassik bir
hekayədir; çün məsələyə "moyralar qarışır" və "namus" mifini antik
əyyamlara yaraşan bir şəkldə çözür...
"Vakxanaliya mövsümündə Çalıquşu" hekayəsində də buna bənzər
cəhd var; amma nə Camal həkim, nə Çalıquşu... mətndə bacardıqca
gizlədilən Vakxanaliya motivinin çözümünə hazır deyil; görünür ki
elə mətnin özü də...
Kamal Abdulla hekayələrində rahatlıqla dünya ədəbiyyatı
məxərəzlərinə girib ("Parisin seçimi"ndən "Platon, deyəsən,
xəstələnib...", "Qədim Şra-sinda rəvayəti", "Kölgə"
hekayələrinəcən), eyni zamanda ədəbiyyatımızı ("poetikamızı"!) da
bura daşıyır, görükdürməyə səylər edir. Müasir oxucuya görünməyin
başqa yolu da yoxdur; həm də təkcə mətn-içi yox, elə biləvasitə də.
Odur ki, mən yazanda ki: "İldə bir kitab, üstəlik biri də artıq
(təkrar və yaxud xaricdə nəşr) - bu artıq məhsuldarlığın Avropa
standartlarıdır..." - heç də yanılmamışam. Bugün dünya
ədəbiyyatının açıq sərhədlər boyu bac verib-bac alan "hiper-mətn"
durumunda Azərbaycan yazıçısının da "söz bazarı"na girməsi məhz
sirrə-vaqif-olmağındadır (lap son İtaliya nəşrində "Yarımçıq
əlyazma"dan Homerəcən passajları yada salaq)...
* * *
Yenə də "Bilgə əhvalatları silsiləsindən" hekayələrə
açılammadım. Halbuki daha da çox realizmə meylli oxucuyam. Burda
nəsə bir fərqli aura var. Abşeron qatı var. Canlı xatirə var.
Məxsusi sirr axtarışı yoxdur. Nə sirri-Xuda, nə də sirri-zəmanə.
Yaşanan anların özü sirrdir elə, keçib-getmiş, ələgəlməz, amma
sanki yanımızdadır... Mənə görə: Abşeron bağlarının dadı
ədəbiyyatımızda yarımçıq qalıb, az qala itib-batıbdı. Son
mətnlərdən bir az Mirzə Talıbovun hekayələrində var, ələlxüsus da
Aydın Talıbzadənin xokkularında, vəssalam.
Ötən yazımda məhz belə fərz qılmışdım ki, Kamal Abdullanın
oxuyacağımız növbəti hekayələr kitabı: "Bilgə əhvəlatları" olacaq.
Yazıçı hələ sirrini gərəyincə bilmədiimiz sırf "xatirə" fenomenini
"söküb" - yığmağa təzəcə girmiş-girişmişdir... Proqnozum
doğrulmadı. Hərçənd hansı proqnozlar vaxtında və axıracan düz çıxıb
ki. Yenə də gözləmək qalır…