Məlum olduğu kimi, Bakıda məşhur "Əli və Nino" əsəri
əsasında eyniadlı filmin çəkilişləri aparılır. Hazırda çəkilişlər
əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa
Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində
gedir.
Axar.az Buro 24/7 kollektivi filmin aparıldığı məkanlarda olub,
çəkilişləri müşahidə edib və tarixi ekran əsəri ilə bağlı maraqlı
məqamları öyrənməyə müvəffəq olub.
Həmin faktları təqdim edirik:
Bundan öncə mətbuatda "Əli və Nino" filmində çəkilən
azərbaycanlı aktyorların siyahısında yalnız xalq artisti Fəxrəddin
Manafovun adı çəkilsə də, əslində, burada bir çox tanınmış
aktyorlarımız rol alıblar. Onların arasında əməkdar artistlər
Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz
Məmmədrzayev, aktyorlardan Rasim Cəfər, Dəniz Tacəddin, Xumar
Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, Aydın Əliyev, Nigar
Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, Tural Əhməd,
Cəmilə Tağızadə və Cövdət Şükürov var.
"Əli və Nino" filmində əsas
hadisələr İçərişəhərdə baş verir. Kadrarxası fotolardan da aydın
olduğu kimi, hazırda əsərin baş qəhrəmanları olan Əli və Ninonun
məktəb illəri səhnələri çəkilir. Əsərdə şəhər duması tərəfindən
təşkil olunan və Nino Kipianinin də iştirak etdiyi balın
çəkilişləri Azərbaycan Milli İncəsənət muzeyində
aparılıb.
Film üçün Azərbaycan Atçılıq Federasiyasına məxsus atlar, eləcə
də nadir növ Qarabağ atlarından istifadə olunur.
Bir çoxlarını maraqlandıran digər məqam isə dünya şöhrətli
aktyorların Azərbaycan filmində hansı rolları ifa etmələridir.
Sultan Süleyman obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Halit
Ərgənc filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli
Xan Xoyskinin rolunu canlandıracaq. Xalq artisti Fəxrəddin Manafov
məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin, Pərviz Qurbanov isə
digər Bakı milyonçusu Musa Nağıyevin obrazında görünəcək. Nigar
Güləhmədova Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevanın
rolunda olacaq.
Gənc aktrisalar Dəniz Tacəddin və Xumar Səlimova Nino Kipianinin
rəfiqələridirlər. Mehriban Zəki Ninodan "cavan oğlanın yeganə
arvadı olmaq yorğun deyilmi?" deyə soruşan Əli xanın bibisi Sultan
xanımın rolunu canlandıracaq. Pərviz Məmmədrzayevi Qoçu obrazında,
Cövdət Şükürovu isə rus zabiti obrazında görəcəyik. "Toni" və
"Emmi" mükafatı laureatı Mendi Patinkin Ninonun atası Knyaz
Kipianini, danimarkalı aktrisa Konni Nilsen isə Knyaginya Kipianini
canlandıracaq.
Filmdə dini əqidəyə bağlı olan və oğlunun da bir müsəlman kimi
yaşamasını istəyən Əli xan Şirvanşirin atası obrazını iranlı aktyor
Humayun Ərşadi oynayacaq. Filmlə bağlı digər maraqlı faktlardan
biri burada istifadə olunan avtomobillərdir. Nəqliyyat vasitəsi
kimi filmdə 1914-cü il istehsalı olan Dodge avtomobillərindən
istifadə olunur. Onlardan biri Kipiani ailəsinə məxsusdur.
Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında
ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri
Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya,
ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer
Hemptondur.