(Əvvəli ötən
sayımızda)
Bu kənd 1922-ci ildə,
Qarazəncir kəndinə yaxın bir yerdə qurulub. Burada və ətraf
kəndlərdə, eləcə də gələcəkdə rayon mərkəzi olacaq Astarxanbazarda,
Prişib adlanacaq Göytəpədə və digər münbit torpağı, su ehtiyatı bol
olan yerlərdə də malakanlar – ruslar məskunlaşıbmış.
Sabirabad kəndi necə qurulub
Özlərini bu yerlərin sahibi kimi aparanlar Yekaterinanın
dövründə Rusiyadan sürgün olunmuşlar idi. Malakanlar o dövrün rus
hakimiyyətinə söykənərək yerli müsəlman əhalisi ilə müqayisədə
demək olar ki, çox rahat yaşayıblar. Qarazəncir kəndində də eləcə.
Bu kəndin malakan-rus icmasının başçısı, feodal Andrey Anikiyev
olub.
Hacı Ağabala adlı yerli tacir qızıl pula onun ərazisindən xeyli
torpaq sahəsi alır. İndiki Sabirabad kəndi belə qurulur. 1924-cü
ildə inqilabçı Dünyamalı Məmmədov partiyanın göstərişi ilə kolxoz
qurmaq üçün bura göndərilir. Salyan uyezdinin Xol-təklə kəndində
yaşayan Dünyamalının ailəsi, əmisi uşaqları və digərləri də bura
köçür. Kənd sakini Həmidulla Əsgərov deyir ki, o vaxtlar həmin
ərazidə güclü quraqlıq olur. Təkləlilər qonşu Biləsuvarın bəzi
kəndlərinə, Cəlilabadın Günəşli və digər kəndlərinə köçməli olur.
Lakin sonradan həmin kəndə yenidən su gəlsə də, əhali geri
qayıtmır.
Beləliklə, kənd böyüməkdə davam edir. Ətrafda yerləşən Tikallı
(bu kənd yerli əhalinin dialektində Dikalovka, Tikalovka, Çkalovka
kimi də tanınır), İsmayılkənd və digər kəndlərdə Qarayarçayın
kənarında yerləşən Sabirabad kəndinə köçürülür və "Zəhmət" kolxozu
yaradılır.
Andrey Anikiyevin mühacirəti
Həmidulla Əsgərov:
- Kəndin abadlaşmasında, böyüməsində Dünyamalı Məmmədovun rolu
əvəzsizdir. Kənddə məscid tikilmişdi. Rəhmətlik Məşədi Həsəngilin
yurduna qədər alınan torpaqda tikilən evlərin sayı durmadan artdı.
Kənddə 3 kəhriz vardı. Su dağ kəndlərindən təxminən 70-80
kilometrlik məsafədən saxsı borularla çəkilmişdi və 70-ci illərin
ortalarına qədər o quyulardan istifadə olunardı. Kəndin bünövrəsi
əzəl gündən halallıqla qoyulmuşdu. Yaşlı adamlar son illərə qədər
deyirdi ki, kəndin bəri başının pulu ödənilməyib, Sovetlər zamanı
əhaliyə paylanıb və yurd salınıb. Halallıq olmayan hissədə məscidin
tikilməsinə razılıq verilməyib.
Andrey Anikiyev və onun malakanları ilə yerli müsəlmanların
arasında tez-tez qarşıdurma yaranır, atışmalar olurmuş. Varlı
malakanlar da yerli müsəlman ağa və bəylərlə birgə kolxozun
yaradılmasına mane olmaq istəyirlər. Lakin bu kolxoz qurulur.
Səsi-sorağı nəinki Azərbaycana, hətta keçmiş SSRİ-nin də
hüdudlarına yayılmış olur. Dünayamalı Məmmədov qabaqcıl təsərrüfat
başçısı kimi müharibədən sonrakı illərdə Bolqarısatana dəvət olunur
və orada kolxozun qurulmasında təcrübəsindən istifadə olunur. Bu,
çox sonralar olacaq. O ki qaldı Andrey Anikiyevə, o, Sovetlər
Birliyində yaşamır, hansısa qərb ölkəsinə mühacirət edir. Sözsüz
ki, bütün var-dövlətini aparır. Lakin Qarazəncir kəndi 70 il onun
adını daşıyır. Andreyevka adlanan bu kənd sovetlik olur. Qonşu
Sabirabad, Kaçovka və Ocaqlı kəndləri bu sovetliyin tərkibində
idi.
Kolxoz böyüyür
"Zəhmət" kolxozu çox keçmir ki, tanınır. Kənddə ilk olaraq
məktəb, ikimərtəbəli xəstəxana, uşaq bağçası, fəhlə-kəndli
yeməkxanası, klub tikilir. Uşaqlar qonşu kəndlərdən məktəbdə
oxumağa gəlir, xəstəxanada isə nəinki ətraf kəndlər, qonşu
Biləsuvar və Masallıdan da gəlib müalicə olunurlar. Bunlar
Astarxanbazarda - indiki Cəlilabadda və qonşu rayonlarda ən müasir
binalar və tikililər idi. Dünyamalı Məmmədovun qazandığı
nailiyyətlər onun bədxahlarının da çoxalmasına səbəb olurdu.
Qarşıda isə Böyük Vətən müharibəsi vardı. Və kənd zəhmətkeşləri
bu sınaqdan da üzü ağ çıxır. Həm ön cəbhədə vuruşan oğulları, həm
də arxa cəbhədə ərlərinin, qardaşlarının, atalarının yoxluğunu
sezdirməyən kənd qadın və qızları yorulmaq bilmir. Gecəni gündüzə
qatır, "bir nəfər hamı üçün" devizi o dövrün ən məşhur şüarı
olur.
O, yaxşı adam idi
Dünyamalını şəxsən tanıyanlar çox sonralar belə deyəcəkdi.
Təəssübkeş və yenilikçi idi. İstəyirdi ki, hər şeyin yenisi onun
kəndində olsun. Kolxozçuların mədəni istirahəti üçün pambıq
tarlalarında xüsusi yerlər hazırlanardı. Dövrünün ən məşhur
xanəndələri sahələrdə kolxozçular üçün konsertlər verərdi. Oğurluq
halları baş verməzdi. Kolxozun əmlakına hər kəs özünün əmlakı kimi
baxardı. Bütün bunlardan sonra gözügötürməyənlər ondan yuxarılara
şikayətlər yazır, onu kolxozçulara qarşı amansız olmaqda ittiham
edirlər. Lakin faktlar bunun tamam əksini deyir.
Müharibədən sonra
Müharibə başa çatdıqdan sonra ölkəyə daha çox taxıl lazım idi.
Müharibənin yararsız hala saldığı respublikalarda hələ həyat öz
axarına düşməmişdi. Rusiyanın və digər respublikaların çörəklə
təmin olunması işində ərazisində müharibə olmayan respublikalar
fəal olmalıydı. Bu, partiyanın tapşırığı idi. Zəhmət kolxozu
zəhmətə qatılaraq yüksək göstəricilər əldə edir. Bu nailiyyətlər və
bu nailiyyətlərdən də əlavə olaraq bədxahların yuxarılara etdiyi
şikayət öz işini görməkdə idi.
Mircəfər Bağırov kəndə gəlir
Azərbaycan Kommunist partiyasının birinci katibi Mircəfər
Bağırov kəndə iki dəfə gəlir. Onun birinci gəlişi 1946-cı ilin
sentyabr ayına təsadüf edir. Bölgədə ən yaxşı məktəb olan kənd
məktəbinə də baş çəkir. Məktəbin həyətindəki bağçada qızılgüllərin
arasında onun oğlu, Böyük Vətən müharibəsində həlak olmuş təyyarəçi
Vladimir Bağırovun heykəli ucaldılmışdı. Bağırov heykəlin
qarşısında dayanır, bir qədər fikrə gedir. Heykələ - oğluna təzim
edir, baş əyir və dərhal da geri dönür. Ciddi şəkildə üzünü kolxoz
sədri Dünyamalı Məmmədova tutaraq:
- Tovariş Mamedov, ubrat etoqo otsuda. Eşitdin, Dünyamalı, o nə
qəhrəmanlıq edib axı, ona heykəl qoymusan? - deyir.
Sonra da özünün iştirakı ilə iki kolxoz kəli gətizdirib heykəli
uçurtdurur.
Bağırov "oğlu"nu sürütdürür
Bağırovun oğlunun heykəlini sürüyüb kəndin Xamrava deyilən
ərazisindən axan Xamravaçayın sahilinə gətirirlər. Orada
basdırırlar. Heykəlin basdırılmasında çox az adam iştirak edir.
Qəti tapşırıq belə olur ki, "qəbrin" yeri heç kəsə məlum
olmamalıdır. Elə də olur. Sonralar kənd əhalisi çox axtarsa da, bu
heykəl–meyiti tapa bilmir. Dünyamalı Məmmədovun nəvəsi, Qarabağ
müharibəsi veteranı Zaur Məmmədov deyir ki, qəbrin yerini bilənlər
çoxdan dünyasını dəyişib. Ona görə də axtarışlar bəhrəsini
verməyib.
Amma belə söz-söhbət də gəzir ki, elə Bağırovun göstərişi ilə
meyit-qəbir oradan çıxarılaraq Bakıya aparılıbmış. Hər halda bu bir
müəmma idi.
Bağırov kolxozun işindən, kənddəki tikililərdən razı qalsa da,
Dünyamalıya tərəf eynəyinin üstündən baxaraq: - Tak nelzya, tı
sebya mnoqo ne beri! - deyir. Bu, kolxoz sədrinə xəbərdarlıq idi.
Yəni uğurlardan özünü itirmə.
Eləcə, kəndə xəbərsiz gələn Mircəfər Bağırovun gedişindən sonra
kolxozda daha çox canlanma olur. Məhsuldarlıq artır və kolxoz
respublikada nümunə göstərilən kolxoz kimi tanınır...
Həmidulla müəllim həmin olaya münasibət bildirərkən isə belə
deyir:
- Cahangirin – Vladimirin heykəli həmin ərəfədə uçurulmayıb.
Bağırov oğlunun heykəlinin qarşısında çox mütəəssir olur. Hətta
kövrəlir də. Mən 1948-ci ildə məktəbə gedirdim, şagird idim. O
heykəl isə dururdu. Heykəlin nə vaxt və hansı şəkildə
uçurulmasından çox adam xəbərsiz oldu. Xamravada basdırılan
heykəllər isə Stalinin və Bağırovun heykəlləri idi. 1956-cı ildə
Şəxsiyyətə pərəstişin ifşası zamanı uçurulmuşdu. Stalinin heykəli
ayaq üstə, Bağırovun heykəli isə oturmuş halda üz-üzə qoyulmuşdu.
Stalinin heykəlinin qalıqları son vaxtlara qədər dururdu.
Davamında oxuyacaqsınız:
Mircəfər Bağırov kəndə ikinci dəfə neçənci ildə və
niyə gəlib?
Məktəbin həyətindəki tut ağacının doğranmasında
məqsəd nə idi?
Hansı ildə "Zəhmət" kolxozu SSRİ də birinci kolxoz
olur və neçə nəfər kolxozçu Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülür...
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Kliment
Yefimoviç Voroşilov şərqin yazılmamış qanuna necə hörmət
etdi?