Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun
olaraq noyabrın 21-də Göyçay Olimpiya İdman Kompleksində gənclər,
yeniyetmə və uşaqlar arasında çoxmübarizəli döyüş idman növləri
üzrə keçirilən VII ölkə çempionatı başa çatıb.
Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycan Çoxmübarizəli Döyüş
İdman Növləri Federasiyasının prezidenti, Əməkdar Məşqçi Vüqar
Muradov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət
qayğısından, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən
danışıb.
Vüqar Muradov qeyd edib ki, son 5 ildə çoxmübarizəli döyüş idman
növü üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı
imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasına daxil olub. Hazırda ölkəmizin 30 şəhər və rayonunda
çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir
və ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə
müntəzəm məşğul olur.
"AzNar" QSC-nin maliyyə dəstəyi ilə keçirilən ölkə çempionatında
28 şəhər və rayondan 300-ə yaxın idmançı mükafat uğrunda mübarizə
aparıb. Yarış 18 hakim tərəfindən idarə olunub. Gərgin idman
mübarizəsi şəraitində keçən yarışda ilk 3 yeri tutan idmançılara
medal, diplom və kubok verilib.
Qeyd edək ki, baş məşqçi Xaləddin Şirinov bu yarışda ölkə
çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək
beynəlxalq yarışlara hazırlayacaq. İdmançılarımız gələn ilin
aprelində İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmizi
təmsil edəcəklər.