Yuxarı

“Uçan taksi pilotu”nun imtinası: "qəhrəmanınız" ümidinizi qırdı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “uçan taksi”… Körpüdən yerə düşdü, həm də elə bil cəmiyyətin “emosional teli”nə çırpıldı.

Baş verən bu qeyri-adi qəza bir çox insan üçün sadəcə yol-nəqliyyat hadisəsi idi. Amma hadisədən sonra yaranan ictimai reaksiya — yardımlar, paylaşmalar, simpatiya dolu şərhlər — daha böyük və daha dərin bir problemi ortaya çıxardı: cəmiyyətin məsuliyyət hissi və qəhrəman anlayışının deformasiyası.

***

“Bolt” sürücüsü BYD markalı avtomobillə körpüdən yük maşınının üstünə, ordan isə yerə aşdı. Nəticədə dövlət əmlakına ziyan dəydi, digər sürücü xəsarət aldı və ən əsası, avtomobildəki qadın sərnişin həyati təhlükə ilə üzləşdi. O, qəzanın qurbanı ola bilərdi. Amma onun keçirdiyi stress, yaşadığı qorxu və ailəsinin narahatlığı heç bir yerdə ciddi müzakirə olunmadı.

Əvəzində qəzanın səbəbkarı olan sürücünün yazıq və çarəsiz görüntüləri yayıldı, sosial şəbəkələrdə empatiya dalğası başladı. “Uçan taksi pilotuna yardım” kampaniyaları, paylaşmalar, “qəhrəmanlıq” statusları bir-birini izlədi. Amma bu təəssüf fırtınasında əsas sual itib getdi: Bəs məsuliyyət?

***

İctimai reaksiyanın bu qədər yumşaq, hətta qoruyucu olması təsadüfi deyil. Bu, sosial ədalətsizlik və bərabərsizlikdən əziyyət çəkdiyini düşünən cəmiyyətin təbii refleksidir: kasıba avtomatik mərhəmət, imkanlıya isə avtomatik qəzəb, nifrət.

Amma burada təhlükəli bir xətt yaranır: “Kasıbdırsa, səhvi də bağışlanar” yanaşması. Əgər bu qəzanı bahalı avtomobil sürən, imkanlı bir şəxs törətsəydi, sosial şəbəkələrdə linç konvoyları günlərlə növbə çəkərdi. Bunun bir neçə nümunəsini görmüşük.

“Qanun zəifə qarşı güclü, güclüyə qarşı lal olanda, cəmiyyət mərhəməti ədalətə çevirir”.

Bu isə nə qanunun, nə də sağlam cəmiyyətin prinsiplərinə uyğundur. Hər kəsin törətdiyi əməl eyni ölçüdə qiymətləndirilməlidir.

***

Qəzanı törədən şəxsə dövlətin qayğısı təqdirəlayiqdir. O, dərhal xəstəxanaya yerləşdirilir, tibbi yardım alır, əməliyyata hazırlanır. Lakin bu mərhələdə sürücü dövlət xəstəxanalarını - əhalimizin böyük bir hissəsinin müraciət etdiyi tibb müəssisəsini bəyənmir, özəl klinikanı seçməkdə israr edir və müalicə aldığı xəstəxananı tərk edir.

Bu, sadəcə seçim azadlığı deyil. Bu, həm də cəmiyyətin yardım etdiyi şəxsdən gözlədiyi davranışla ilk ziddiyyətli məqamdır. İnsanlar ona kömək edir, o isə sanki bu yardımı borc kimi yox, haqq kimi görür. Ədalətin xalq versiyası kifayət qədər təhlükəlidir.

“Mərhəmət ədalətin yerini tutanda, məsuliyyət kölgədə qalır”.

Qəzanın ardından sürücünün xəstəxanadan verdiyi açıqlamalar da ictimai reaksiyanın neqativ təsirini ortaya qoydu. Sanki o, hadisənin səbəbkarı yox, təsadüfi zərərçəkən idi. Danışığında nə səmimiyyət, nə peşmanlıq vardı, məsuliyyət hissi isə yaddan çıxıb.

Bu zaman sual yaranır: emosiyalar qanunu əvəz edə bilərmi? Hər kəsin eyni qanun qarşısında cavabdeh olduğu bir cəmiyyət ideal görünür. Amma bizdə bəzən mərhəmət o qədər şişir ki, məsuliyyət havasız qalır.

Bəzənsə mərhəmət ədalətin qarşısında sipərə çevrilir. Zərərçəkənlərin səsi isə bu emosional qəhrəman obrazının kölgəsində itib gedir.

"Uçan taksi" bir daha göstərdi ki, emosiya ilə idarə olunan cəmiyyətdə səhvlər bağışlanır, məsuliyyət isə təxirə salınır.

Burada ictimai emosiyaların təsirinə düşən medianın rolu var. Emosiyalarla deyil, prinsiplərlə hərəkət edilməlidir. Əks halda, məsuliyyətsizlik qəhrəmanlıq obrazına bürünər və gələcək üçün təhlükəli presedent yaradılar.

Tarix
2025.04.17 / 07:00
Müəllif
Elçin Zahiroğlu
Digər xəbərlər

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla