Bölgədə çox dinamik
geosiyasi proseslər baş verir. Belə bir gedişat böyük gücləri -
Amerika və Rusiyanı ciddi surətdə maraqlandırır.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli son zamanlar
Azərbaycanın Qərblə münasibətlərində hiss olunan pozitiv
dəyişikliklərlə bağlı Axar.az-a danışıb. O, Avropa Birliyi və
ABŞ-la münasibətləri strateji səviyyəyə qaldıran Azərbaycanın çox
mühüm siyasi gedişlər etdiyini nəzərə çatdırıb:
"Azərbaycan artıq Qərbin etibarlı qaz təminatçısına çevrilir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II toplantısında 8-dən çox
dövlətin nazir və nümayəndələrinin iştirakı Bakıya göstərilən böyük
etimaddır. Üstəlik, hazırda İranın TANAP-a qoşulması məsələsi
gündəmdədir. İlham Əliyev Tehranda olarkən bu məsələni İran
rəhbərliyinin diqqətinə çatdırıb. İran tərəfinin bunu müsbət
qarşıladığı deyilir. Görünür, İran vaxtilə Sovet İttifaqına qaz
nəql etdiyi kəmər vasitəsilə Azərbaycanın TANAP layihəsinə qoşulmaq
niyyətindədir. Həmin kəmər indi bir qədər köhnəlsə də, işə
yararlıdır. Ola bilsin, əlavə sərmayə yatırılmadan, təmir və
sınaqdan sonra həmin xətt istifadəyə verilsin. Bu nöqteyi-nəzərdən
Rusiya hazırda xeyli narahatdır".
Q.Hüseynli regionda rus qazına alternativ bir xəttin
formalaşdığını bildirib və bu kontekstdə rusiyalı rəsmilərin
Azərbaycana səfərinə diqqət çəkib:
"Roqozin Azərbaycana şirnikləndirici vədlərlə gəlmişdi. Onun
Bakıya öncədən alınmış silahların pulunu götürmək məqsədilə gəlməsi
həqiqəti əks etdirmir. Rusiya verəcəyi silahların pulunu kredit
şəklində öncədən alır. Azərbaycan S-300 favorit tipli zenit
raketlərinin üç diviziyasının alınması üçün vəsaiti ən azı 5 il
bundan əvvəl Rusiyanın hesabına yatırıb. İndiyə qədər sifariş
olunan həmin silahların yalnız bir diviziyonunu almaq mümkün olub.
Roqozin Bakıya Azərbaycanın Qərbə meyillənməsinin qarşısını almaq
və bu məsələni başqa səmtə yönəltmək niyyəti ilə gəlmişdi.
Azərbaycan isə öz strateji maraqlarını heç nəyə qurban
verməyəcək".
Politoloqun sözlərinə görə, rusiyalı məmurların Bakıya səfərində
daha bir mühüm məqam isə Azərbaycanın Rusiyaya nota göndərməsi ilə
bağlıdır:
"Həmin notaya cavab olaraq məmurlar Azərbaycana da məhz
Ermənistana verilən silahların vədini verdilər. Azərbaycan bu
təklifi götür-qoy edə bilər. Ancaq bizim üçün ən narahatedici fakt
Ermənistanın kredit adı altında pulsuz silahlandırılması və bölgədə
təhlükə yarada biləcək dağıdıcı silahların yerləşdirilməsidir.
Azərbaycanın Qərblə siyasətini reallıq və formalaşmaqda olan siyasi
vəziyyət də tələb edir və Bakı da məhz bu vəziyyətin tələblərinə
uyğun olaraq çalışır".
Qeyd edək ki, martın 3-də Prezident İlham Əliyev Rusiya Baş
nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib. Bundan bir gün sonra isə Rusiya Xarici İşlər
nazirinin müavini Qriqori Karasin Bakıya gəlib. Sözügedən
səfərlərin Azərbaycan prezidentinin İrana məlum səfəri və Vladimir
Putinlə ard-arda iki dəfə baş tutan telefon danışıqlarından sonra
reallaşması diqqət çəkir.