Yuxarı

Ölsəm, üstümdə ağlayanım olsun...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü xəstə anamı yoluxmaq üçün Cəlilabada gedəsi oldum. Səhəri həyəcanlı xəbərlə açmışdım. Bütün cəbhə boyu ermənilərin təxribatına əks hücumla cavab verən ordumuzun qanlı döyüşlər apardığı bildirilirdi.

Rahatsız olduğumdan, cəbhə bölgəsində yaşayan dostlarımla əlaqə saxladım. Tərtərdə yaşayan İsmayıla zəng etdim. Salamımı almadan, "hər şey yaxşıdır, bizimkilər onların mövqelərini alıb artıq. Bir tankımız minaya düşüb, ermənilərin çox sayda texnikası, canlı qüvvəsi məhv edilib. Yaralılarımız var, gedirik qan verməyə", - dedi.

- Biz də sənin kimi, ancaq rəsmi məlumatları dinləyirik, - bunu Tovuzda yaşayan jurnalist dostum Nəsimi Telmanoğlu dedi...

Kəndə girişimdə xəstə anamı yoluxmağa gələn qohum-əqrəbanın, anamın yaşıdı olan qonşu qarıların da ilk sorusu bu oldu:

- Nə xəbər var, sən daha yaxşısını bilərsən. Bakıda nə deyirlər, necədir vəziyyət?

...Artıq həyətdə qonşuların azyaşlıları əllərində taxta tüfəng, avtomat tutaraq döyüşə hazır vəziyyətdə idilər. Yeni yarpaqlayan ağacların gövdəsinin arxasında səngərlənmişdilər. Bütün uşaqlar bir xətt boyu yerə uzanaraq düzlənmişdi, qarşıdakı boşluğa atəş açırdılar. Ağızlarının səsi əsl döyüş texnikasının, silahların səsi idi. Diribaş uşaqlar isə artıq komandanlığı ələ almışdı.

- Ardımca, - bu, kiçik qardaşım Vüqarın kiçik oğlu Rəvanın səsi idi. Qonşu Hamayıl xalanın nəvələri Rəhim, Əkbər və adlarını bilmədiyim neçə uşaq xırda çaylaq daşlarını əl qumbarası kimi ağacların ardından irəli atır, ağızları ilə partlayış səsi çıxarıb qulaqlarını tutur və sakitlik yaranandan sonra "avtomatla" atəş açaraq mövqelərini dəyişir, irəli hücuma keçirdi.

- Ay başuza daş düşməsin, üst-başınız palçıq oldu ki... - qarılardan birinin səsinə, digər nənənin köhnə səsi cavab verir:

- Uşaqlarla işin olmasın, qoy kafir ermənini öldürsün.

Uşaqlar isə həyətdəki üzüm meynəliyinin ardındakı "təhlükənin" xofundadır. Məqsəd həmin hissəni azad etməkdir. Döyüşün maraqlı getməsi üçün komandir - qardaşım oğlu Rəvan arada soruşur:

- Ölən, yaralanan yoxdur ki?

Uşaqlar isə "yaralansa da", ölmək istəmirlər. Yaralı-yaralı vuruşurlar...

Cəbhədən gələn xəbərin sorağındadır hər kəs. Telefonuma zəng gəldikcə, "kim idi bala", - deyə soruşurlar. Zəngin başqa məqsədlə olunduğunu görüb məyus olurlar:

- Hm, - deyib etiraz edirlər. - Camaat nə hayda, bunlar nə hayda, denən, heç bunun yeridir?

...Gələn qələbə xəbərləri xəstə anamı da dirçəldir. Bizim də yaralılarımız var... Qarılar doğmalarını itirmiş kimi sızlayır:

- Allah ermənilərin tifağını dağıtsın...

Əqrabalarımdan - qardaşım Zəfərin tək oğlu, əmim nəvəsi, kiçik əmimin oğlu İlhamın birinci arvadından olan oğlu cəbhədədir - qohumlardan da cəbhədə olanlar var. Nənələrin heç biri onların adını çəkmir, xüsusi olaraq onlarla maraqlanmır, cəbhədəki bütün əsgərləri öz balaları, nəvələri bilirlər.

Aprelin 3-də kənddə yas düşdüyünü eşitdim. Kəndçimiz, dostum Xudakərimin böyük qardaşı Şakir Allahın rəhmətinə qovuşmuşdu. Mərasimdə dindarların və yas məclisinə gələnlərin Allahdan diləkləri, etdikləri dualar mərhumla yanaşı bütün şəhidlərimizin ruhu üçün oxundu...

Şəhərə qayıtdıqda qoca və xəstə anamı qucaqladım, üzündən öpdüm, sağollaşdım:

- Özünə yaxşı bax. Ölüb eləmə, sən bizə çox lazımsan, bu xəstəlik nədir ki?

Sonra pıçıltı ilə dedim: "Çağırsalar, mən də davaya gedəcəm, şəhid olsam, üstümdə ağlamağa heyin olsun, məni sənin kimi heç kəs ağlamaz".

Anam pıçıltımı eşitmədi, sağollaşdığımı zənn etdi:

- Sən də sağ ol, bala, yolda ehmal ol, çatanda zəng elə, mənim ağzımdan qardaşın balalarının üzündən öp...

Tarix
2016.04.05 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla