Sim-sim.az-ın
"Sualım var" layihəsində müsahibimiz şairlərin, tənqidçilərin,
incəsənət xadimlərinin suallarını cavablandırır. Budəfəki qonağımız
şair Rüstəm Behrudidir.
Cavid Zeynallı: - Rüstəm müəllim, sizi tənqid edən,
hətta təhqirə yol verən adamlarla qarşılaşanda o adama qarşı necə
davranmısınız? Yaxud o adam özünü necə aparıb, birinci kim əl
uzadıb, kim jest edib?
– Cavid bəy! Adam özünü tanıyandan sonra oxucunun da,
tənqidçinin də fikri onun üçün çox da maraqlı olmur. Bu uzun illər
ərzində heç bir tənqidi rəylə qarşılaşmamışdım. Bəlkə də belə bir
şeylər olub, ancaq mənim xəbər tutmamışam. Qaldı təhqirə, onları da
cavabsız qoymuşam. Çünki cavab verəndə, nə dəyişəcək ki? Bir dəfə
məni cavan yazarlardan biri haqsız, qələminə və özünə yaraşmayan
şəkildə aşağılamağa çalışmışdı. Bir konsert zamanı fasilədə
yanımdan keçib gedərkən təsadüfən qarşılaşdıq. Mən onu bir bakal
pivəyə qonaq etdim. O gözləyirdi ki, mən ona yazısı ilə bağlı irad
tutub nəsə deyəcəm. Heç nə demədim. Düşünürəm ki, düzgün hərəkət
elədim.
Şərif Ağayar: - Niyə qonaqlıq vermirsiniz?
– Əzizim Şərif! Mən restoran sahibi deyiləm, mən şairəm. Ancaq
cavan istedadlı yazarlarla oturub-durmağı sevirəm. Nə vaxt zəng
vursan, bir qonaqlıq verə bilərəm.
Qan Turalı: - Sizin poeziyanıza türk düşüncəsi nə qədər
sirayət edib? Şamanlıq olmasaydı, Rüstəm Behrudi
olardımı?
– Əzizim Qan Turalı! Sualın qoyuluşu mənə elə gəlir ki, bir az
yorumsuzdur. Çünki yaradıcı adam, nəyin və kimin ona nə dərəcədə
təsir elədiyini hiss eləmir. Onu oxucu şairin özündən daha yaxşı
hiss eləyir.
Qaldı ikinci suala, Şamanizm və şamanist düşüncə tərzi mənə nə
vermişdisə, mən onu artıqlaması ilə ədəbiyyata qaytardım. Bunun ən
dolğun cavabını böyük alim, mifoloq, mərhum Mirəli Seyidov hələ
80-ci illərin sonunda yazdığı bir məqalə ilə cavablandırıb: "Türk
mifik düşüncə tərzi, Turan ideyası və türk milliyyətçiliyi XX əsrin
sonlarında R. Behrudinin şeirləri ilə yenidən həyat qazandı".
Bir də ki, qardaşım, mənim kitablarımın hamısı elə şamanizm və
mifopoetik düşüncənin ifadəsindən ibarət deyil ki! Mən sizi
oxuyuram. Çalışın siz də sizdən əvvəlkiləri oxuyun.
Ömər Xəyyam: - Ruhunuzun əziyyəti ancaq şeirlərdə
görünür. İkiləşmək çətin deyil? Bir üzü Allahın yanında, o biri
Allah olmayan hər yerdə. Yoxsa əslində şairlər ikili həyat
yaşayanlardır? Ruh-bədən toqquşması qafiyəli şeirlərlə həll
olunacaq məsələ deyil. Bu barədə nə düşünürsünüz?
– Bir şairi yaxından tanımadan "ruhumuzun əziyyəti ancaq
şeirlərdə görünür" deməsi yanlış, özü də çox yanlış bir şeydir. Siz
mənim nə cür, yaşadığımı haradan bilə bilərsiniz ki? Mənim həyat
tərzim elə şeirlərimdəki ruhumun əziyyətinə bənzəyir. Mənim üçün
şairlərin - əsl şairlərin bir həyatı olur. Bu həyat da özləri ilə
savaşmaqdan ibarət olur. Çox sevdiyim Kleist kimi, Hölderlin kimi,
Artur Rembo kimi, Müşfiq kimi…
Qaldı ikinci sualına… Əsas məsələ qafiyədə, formada deyil. Əsas
məsələ hansı formada yazmaqda deyil, necə və nə cür
yazmaqdadır.
Anar Niftəliyev: - Rüstəm Behrudi deyəsən daha şeir
yazmır, başqa sözlə, şair həyatı yaşamır, şeir həyatı yaşayır. Əziz
qardaşımız necə düşünür, özü necə şeirdir? (hər kəs Allahın
şeiridir kimi ümumi baxışla cavablandırmasını
istəməzdim)
– Əzizim Anar! Vaqif Səmədoğlu ölən günü ona ünvanlanmış bir
yazı yazmış, sonradan ona həsr olunan kitaba ön söz olaraq
qoymuşdum. Vaqif haqqında yazmışdım ki, Vaqif ədəbiyyat tariximizdə
ilk şairdir ki, yaddaşlarda şair kimi yox, şeir kimi qalacaq.
Yaddaşlarda şeir kimi qalmaq, şair kimi qalmaqdan daha çox
ilahidir. Hər kəs Allahın şeiridir fikrinin də tam əleyhinəyəm.
Çünki bəzi adamlar Allahın hekayəsi, felyetonu, essesi də ola
bilir. Mən tam əminəm ki bu yer üzündə tək şairlər Allahın
şeiridir.
Sənin bu fikrin (şair və şeir həyatı) uzun illər bundan əvvəl
Stefan Sveyqin Kleist haqqındakı düşüncələrini xatırlatdı mənə.
Sveyq yazırdı ki, Kleisti tanıyanlardan heç biri onu tərk etmək,
amma yanında qalmağa da heç kim səbir eləyə bilməz. Hamı ona can
atar, ancaq yanında bir kimsə olmaz. Bax əzizim, Anar! Bu şair kimi
qalmaq deyil, şeir kimi yaşamaqdı. Bütün ömrümü belə yaşadım mən.
Dua anddan, pıçıltı hönkürtüdən necə ucadırsa, şeir də şairdən o
qədər ucadır.
Rəqibə Nazimqızı: - Adətən şair özünün ən çox sevilən,
tələb olunan şeirinə həm də bir qədər qıcıq duyur. Düşünür ki, o
biri şeirlərinə ədalətsizlik olur. Rüstəm Behrudi nə zamansa bu
hissi keçirib?
– Tamamilə haqlısınız xanım əfəndi! Baxın, mənim Azərbaycanda və
xaricdə çox sayda kitablarım çap olunub. Ancaq oxucular da ədəbi
tənqid də "Salam, dar ağacı", "Boz qurd", "Şaman duası" və bu kimi
çox az sayda şeirin üzərində dayanır. Heç ola bilməz ki, bu cür
sevilən, türk dünyasında məşhur olan şairin yaradıcılığı elə bu
şeirlərdən ibarət olsun. Mən bir şair kimi yox, həm də bir oxucu
kimi bilirəm ki, mənim bu kitablardan daha gözəl kitablarım,
şeirlərim var. Məsələn mən "Məzarlıqda bitən yovşan", "Tənhalıqda
ölüm qorxusu yoxdu", "Cəhənnəmdən qalxan duman" kimi şeirlərimi o
məşhurlaşan şeirlərimdən daha çox sevir, öz-özümə oxumaqdan ləzzət
alıram.
Aysel Əlizadə: - Bu işlərin axırı necə
olacaq?
– Aysel xanım! Məndən bu işlərin sonunu soruşursan. Bir şey
bilirəm ki:
Bir yerdəyəm, bura yerdimi?
Od düşsün buranın üstünə.
Tökəcəm günahsız qanımı
İncilin, Quranın üstünə.
Və bilirəm ki:
Gözəl olacaq, çox gözəl,
Bu qana köynək toxumaq;
Bu qana köynək toxuyub,
Sonradan dua oxumaq.
Mövlud Mövlud: - Rüstəm bəy, mənə təcili min manat pul
lazımdır, kömək eləyə bilərsiniz?
– Mövlud bəy, sonuncu 200 manat pulumu Ağanın yanında (müsahibə
vaxtı) çox ehtiyacı olan bir dostuma verdim. Sən gözləməli
olacaqsan. Bir də mənim belə zəngin olmam təəssüratını kim və niyə
yaradır, bilmirəm.
İlham Rəhimli:
1. Rüstəm Behrudi şeir yazanda emosional duyğu ilkin olur, yoxsa
idrak?
2. Rüstəm Behrudinin "Əlvida, dar ağacı!" şeirini yazması üçün
nə lazımdır?
– Çox dəyərli İlham müəllim! Şeirə və şeirin ilahi başlanğıca
dayandığına mənim qədər inanan çox az adam var bəlkə də. İdrak
fəlsəfənin predmenti olduğundan onun şeirin yaranmasına az dəxili
var. Elə ona görə də bütün şairlərin filosof olmasına baxmayaraq,
filosofların çoxu şair deyil. Təbii ki şeirin yaranmasında emosiya,
hiss-həyəcan, psixoloji vəziyyət əsasdır. Bu hal və psixoloji ana
idrakın əlavə olunmasının da başqa bir gözəlliyi var.
Qaldı "Əlvida, dar ağacı" yazmağıma, günlərin bir günü bir səfil
Diogendən Tanrıya inanıb-inanmadığını soruşur. Diogenin cavabı çox
maraqlı olur: – Bu boyda pisliyi, haqsızlığı, ədalətsizliyi yaradan
tanrını nə cür sevmək olar?
Türk etnosunun, türklüyün, millətin taleyinin belə ağır
zamanında dar ağacına əlvida söyləmək ağılsızlıq olardı məncə. Nə
qədər ki, problemlər və onun üstünə gedən adamlar durur, dar
ağacları da duracaq, ona salam verən adamlar da.
Könül Həsənqulu: - Rüstəm Behrudi bir şeiri yazarkən
tamamlayır, yoxsa başqa vaxt həmin şeirin üzərində bir neçə dəfə
işləyirmi?
– Könül xanım, istənilən bir şeirimi tamamlamamış yazı masama
buraxıb getməmişəm. Bu uzun illər ərzində təbii ki, yarımçıq
şeirlərim olub. Ancaq onlara heç vaxt qayıtmamışam.
Qurban Yaquboğlu: - Orta Asiya türkdilli poeziyani
izləyirsinizmi? Sevdiyiniz şair kimdir o coğrafiyada?
– Qurban bəy! Ədəbiyyatçı olduğumdan klassik şair və yazıçıların
demək olar ki, əksəriyyətini oxumuşam. Oxumaqdıqlarım da ola bilər.
Oljasla şəxsi tanışlığım var. Ancaq mənim çox sevdiyim şair,
dostluq elədiyim mərhum özbək şairi Rauf Pərvindir. İlk tanışlıqdan
onun "Mən yalqız, səsim yalqız" misrası indi də qulaqlarımdadır.
Uktamay adlı bir özbək şairəsinin də yaradıcılığını izləyirəm.
İbrahim İlyaslı: - Rüstəm bəy, dar ağacıyla aranızda
çoxdanın haqqı-salamı var. Ona niyə demirsən ki, nə istəyirsən
mənim millətimdən?
– Qardaşım İbrahim bəy! Problem dar ağacında deyil. Problem
bizdə, yəni öz millətimizdədir. Çünki hər gün yolumuzu gözləyən o
dar ağaclarını nə vaxtsa biz öz əllərimizlə əkmişik. Biz onları,
uyğurlar göytürklərə xəyanət eləyəndə, Gürşad bütöv bir çin ordusu
ilə Çin səddində üzbəüz tək qalanda, Teymur Bəyazitin üstünə
gedəndə, Şah İsmayıl Sultan Səlimə meydan oxuyanda, bir zamanlar
Qarabağda erməniləri başlı-başına buraxanda, "allahu-əkbər"
sədalarından qorxub diksinəndə əkmişik və indi də əkməkdəyik.
Elmin Nuri: - Sizcə, dar ağacı sizin salamınızı
alıb?
– Əzizim Elmin, buna ən gözəl cavabı dostum, gözəl şairimiz
Ramiz Rövşən mənim haqqımda yazdığı essesində cavab verib:
"Dar ağacına çox adam salam verə bilər. Amma dar ağacının
"Əleyküm salam" dediyi tək şair Rüstəm Behrudidir".
Mirmehdi Ağaoğlu:
1. Rüstəm Behrudi Azərbaycan poeziyasının şamanı ola
bildimi?
2. Gəlin etiraf edək ki, "Salam dar ağacı" şeirinin
məşhurlaşması bir az da Meydan hərəkatı dövrünə düşməsinə görə
oldu. Sizcə, Meydan hərəkatı olmasaydı, hansı şeiriniz daha çox
tanınardı?
– Mirmehdi bəy! Sizə də böyük türk alimi Ə.B.Ərculasunun mənim
haqqımda yazdığı kitabdan gətirdiyim sitatla cavab verəcəyəm. Çünki
özümün cavab verməyim qeyri-etik görünərdi: "Rüstəm Behrudi bir
şaman nəvəsi… Hüseynzadə Əli, Ziya Göyalp, İsmayıl Kaspıralı, Yusif
Akçura… Bunların hamısı birər "şaman nəvəsi" deyilmi? R. Behrudi
zamanlar üstündə yaşayan bir şair, ağzı dualı bir şaman
nəvəsi".
Bəy əfəndi, əgər "Salam, dar ağacı"nın məşhurlaşması (şeir
Meydan hərəkatından çox-çox əvvəl yazılıb) Meydan hərəkatı ilə
bağlıydısa, o dövrdə yüzlərlə şeir yazılmışdı. Niyə heç biri bu
qədər məşhur olmadı? Sizin bu şeirin bədii dəyərini bir yana qoyub,
zamanla bağlamanız mənə qəribə gəlir. Siz türk dünyasında ikinci bu
boyda məşhur olan bir nümunə göstərə bilərsinizmi? Meydan hərəkatı
baş verməmişdən əvvəl bu şeir Türkiyədə bütün dərgilərin və
qəzetlərin üz qabığında çap olunmuşdu. Təbii ki, Meydan hərəkatının
da rolu vardı…
İkinci sualınıza gəldikdə düşünürəm ki, bu şeirlər "Boz qurd",
"Şaman duası" və yaxud "Cəhənnəmdən qalxan duman" şeirlərindən biri
olardı.
Sevda Sultanova: - Rüstəm bəy, ədəbiyyatdan başqa hansı
sənət ilə maraqlanırsınız? Məsələn, ciddi filmlər izləyirsinizmi?
Yoxsa elə bilirsiniz həyat təkcə dar ağacıdır?
– Sevda xanım! Siz niyə elə düşünürsünüz ki, mən həyatın yalnız
dar ağacından ibarət olduğu düşüncəsindəyəm. Mən həyatını dolu-dolu
yaşayan tək-tük adamlardan biriyəm. Mən həbsdə də yaşadım, gözəl
günlər də yaşadım, və sizin xəyal belə edəməyəcəyiniz bütün dünyanı
gəzdim. Həyatın anlamının nə olduğunu sizdən az bilmirəm.
Qaldı maraq dairəm, psixoanaliz və fəlsəfə çox sevdiyim və
öyrəndiyim sahələrdi. Dünya kinosunun demək olar ki, bütün şah
əsərlərinə baxmışam. Sevdiyim iki filmi xüsusi ilə qeyd eləmək
istəyirəm- Aktyor və rejissor Mel Gibsonun "Cəsur ürək" filmi və
Tomas Harrisin romanı əsasında çəkilmiş, rejissor Conatan Demminin
"Quzuların səssizliyi".
Balıq tutmağı da sənət hesab elədiyimdən, bu işdə usta olduğumu
demək məcburiyyətindəyəm.
Nəriman Əbdülrəhmanlı: - Şair Rüstəm Behrudi özünü
dünyanın harasında daha rahat hiss eləyir?
– Əzizim Nəriman, təbii ki kəndimizdə- Behrudda, bir də
İstanbulda Tanrı dağlarını ilk dəfə görəndə elə bildim ki, buralar
elə mənim düşündüyüm yerdi…
Aqşin Yenisey: - Rüstəm Behrudi həm də fəlsəfə
doktorudur. Şeir ilahi vergidirsə, insanın allahla söhbətidirsə,
fəlsəfə idraki prosesdir, yəni insanın özünün özüylə söhbətidir.
Rüstəm Behrudi üçün hansı daha maraqlı söhbətdir, allahla, yoxsa
özü ilə?
– Əzizim Aqşin! Çox heyf ki, mən fəlsəfə doktoru deyiləm. Qaldı
şeirin allahla söhbət olması fikrinə, bu mənim üçün keçərli deyil.
Çünki mənim allah anlayışım fərqlidir. Ateist də deyiləm. Mənim
üçün panteist dünyagörüş daha maraqlıdır. Çünki mən orda özümü daha
rahat hiss eləyirəm. Buddizm məni qalan o üç dindən daha çox çəkir.
Mən gördüyüm hər şeyin allahın (Tanrının) bir hissəsi olduğu
düşüncəsindəyəm. Ona görə də, mənim üçün özümlə söhbət Allahla
söhbətdən daha çox maraqlıdır. Qaldı fəlsəfəyə, fəlsəfə hər şeyin,
hətta insanın belə sintetik analizindən başqa bir şey olmadığından,
mən şeiri fəlsəfədən ucada hesab eləyirəm.
İnsan mikro aləmdirsə (fəlsəfə bu cür qəbul eləyir) allah da elə
bizim içimizdədir. İçimizdə olan bir şeyi kənarda axtarmaq, dənizə
su aparmaq, dağa daş daşımaq qədər ağılsızlıqdı.
Günel Şamilqızı:
1. Deyirsiniz, ömür insana Tanrını tanımaqçün verilib.
Tanışlıq necə keçir? Bir ömür bəs edəcəkmi?
2. Adamları sözlərinə büküb dəfn elədim deyir şair. Heyf
deyilmi o sözlərə? Məsələn, "ümid" sözünə çox adamı bürüyüb dəfn
edə bilərik zaman-zaman. Amma bir gün başqa biri peyda olar, o sözü
mənə yenidən sunmağa, tapa bilməz, başqasıyla dəfn etmişəm
deyə.
- Günel xanım, Tanrı ilə adi tanışlıq belə yetərlidir. Qaldı
adamları sözlərimə büküb dəfn eləməyimə… Mən adamları kəfənə büküb
dəfn eləmədim ki! Mənim şeirlərimdə sözlər həmişə diridir, dipdiri.
Ona görə, sözlərimə büküb dəfn elədim ki, o adamların bir gün
dirilmək, yəni geriyə dönmək şansları olsun. Bir də ki bu həyatdır.
Bir şairin dəfn elədiyini, başqa bir şair sözlərinə büküb dirildə
bilər. Mən dəfn elədim. Siz çalışın sözlərinizə büküb, dirildin o
dəfn olunanı.
Adının çəkilməyini istəməyən müəllim: - Rüstəm müəllim
mənə iki kub taxta təşkil edə bilər?
– Mən elə düşünürəm ki, adını belə yazmağa cəsarət eləyə
bilməyən birisinin sualına cavab yazmaq zorunda deyiləm.
Hazırladı: Ağa Cəfərli