Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində
gizli planların razılaşdırıldığına daha çox inanıram. Bəli, söhbət
heç də mərhələli sülhdən getmir.
Bu sözlər millət vəkili Zahid Orucun Axar.az-a verdiyi
açıqlamada yer alır. Deputat Sankt-Peterburq görüşü ilə bağlı çox
mühüm məxfi detalları açıqlayıb:
"Qarabağ danışıqları heç zaman region və kənar dövlətlər
tərəfindən indiki qədər böyük diqqət və marağa səbəb olmamışdı. Hər
halda on illər ərzində işğala əsaslanan status-kvonu qoruyub
saxlamaq məqsədilə çarın adını daşıyan şəhərə yollanan Sərkisyanın
bir məqsədi, digər ölkələrinsə ayrı hesabı vardı. Elə isə Putin
mühüm beynəlxalq forumun davamı olaraq iki ölkə başçısını
Sankt-Peterburqa nə üçün dəvət etmişdi? Onsuz da Lavrov vasitəsilə
Rusiya bütün danışıqlara nəzarət edir və hər gün Kerrinin telefon
zənglərinə cavab verən rus xarici siyasət idarəsinin rəhbəri
Amerikanın Qarabağa artan marağının nədən qaynaqlandığını yaxşı
bilir. Cavabı son ayların hadisələrində axtarmaq lazımdır. Hər
halda "sabiq çekist olmur" deyənlərin yenə də haqlı çıxdığını görə
bilərik. Yəni Vyana danışıqlarına razılıq verən Moskva Dördgünlük
müharibədən sonra Qərbin hərəkətə keçdiyinin və təşəbbüsü ələ
almağa çalışdığının fərqindəydi. Erməni versiyasından çıxış edib
son vəziyyəti daha yaxşı izah etmək olar. Belə ki, Moskva və Bakı
öz aralarında məlum hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə
"mərhələli hərbi həll" yolunu seçiblər və razılaşdırılmış müharibə
Qərbi regiondan kənarda qoymağa hesablanıb. Ona görə də
Vaşinqtondan baxıb görəndə ki, Putin müharibəni istədiyi ssenari
üzrə inkişaf etdirə bilər və belə olanda Avropaya açılan bütün
keçmiş-indiki transmilli layihələr zərbə altına düşər, onda
Obamanın məsləhətçiləri çalışdılar ki, erməni-azərbaycanlıları rus
layihəsindən çıxarsınlar. Bütün hallarda, Putin 5 apreldə
müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi
rəqiblərinə verə bilməzdi. Sankt-Peterburq Qarabağa Vyanadan bir
köynək daha yaxındır".
Deputat Dördgünlük müharibədən sonra Qafqaz uğrunda gedən
mürəkkəb diplomatik-siyasi davanın gücləndiyini bildirib:
"Hazırda Moskva və Bakı arasında tarixdə heç zaman olmayacaq
qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son
yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından Prezident İlham
Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir
verəcəyini proqnozlaşdırır. Əslində, hərbi-status kvo dəyişib və
onu siyasi cəhətdən tamamlamaq lazımdır. Ona görə Prezdient İlham
Əliyev aprel savaşının nəticələrindən və danışıqların aparıldığı
gün 25 minlik silahlı kontingentin təlimlərindən keçərək Peterburqa
yola düşmüşdü. Sərkisyan isə ağır Peterburq danışıqlarına 5
generalın - Qarabağın ələ keçirilməsində iştirak edən və özlərini
hakimiyyətdə olmağa haqlı sayanların başını vurmaqla, siyasi və
hərbi qüvvələr arasında dərin münaqişə ilə getmişdi. Xatırlayın ki,
o, başqa bir müxalif döyüşçü qəhrəman Jirayr Səfilyan və onun
tərəfdarlarını həbs etməyə də məcbur olmuşdu".
Sankt-Peterburq görüşünün məxfi xarakterinə rəğmən onu uğurlu
bir prosesin mühüm həlqəsi sayan Zahid Oruc deyib ki, Rusiya
Qarabağ münqişəsindən indi külli miqdarda ziyan çəkdiyini yaxşı
başa düşür:
"Bütün Qərb kompaniyalarını regiona məhz münaqişəli vəziyyət
gətirdi. Üstəlik, Qarabağ hərbi cəhətdən Qərbin Rusiya sərhədlərinə
yaxınlaşmasının ən yaxşı yoludur. Şimali Qafqazı destabilə etmək
üçün mühüm platsdarm məhz Azərbaycan ərazisində Qarabağ kimi hərbi
gərginlik mənbəyini saxlamaqdır. Biz hələ şimal-cənub strateji
nəqliyyat arteriyaları üzərində Cəbrayılda, Füzulidə bir neçə yüz
erməninin ucbatından Rusiyanın itirdiyi milyardları da ziyanların
siyahısına əlavə etsək, sanksiyaların vurduğu zərbədən daha böyük
itkilərin alındığına əmin olarıq. Ona görə Putin planını əngəlləmək
və onun Qafqazdakı sülhpərvər missiyasına ziyan vurmaq, regionu
himayə edə biləcək yeganə gücün NATO olacağını qələmə vermək naminə
Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün çox
önəmlidir. Onlar tərəfləri öz orbitlərinə çəkmək üçün hər cür
şirnkiləndirici təkliflər gətirməyə hazırdılar. Hər halda 90-cı
illərdə bu xaqlardan bir çoxunu ruslarla vuruşdurub bunun böyük
faydasını götürüblər. Lakin prezidentlik müddəti sona çatmaqda olan
Obamanın iki dövlət başıçısı ilə birgə görüşə 8 ildə zaman
tapmaması fonunda Putin yeganə xilaskara çevrilir. Çox yaxın
günlərdə yenidən Avropa paytaxtlarına yığışıb Qarabağı müzakirə
edəcək diplomatların hamısı bilir ki, Moskva ilə razılaşmadan
hərəkət edə, hər hansı sülh sazişini icra etmək üçün qoşun
birləşmələri yarada bilməzlər. Bizim düşüncələrimizdə son 20 ilin
gətirdiyi dəyişiklik bundan ibarətdir".
Millət vəkili məhz Sankt-Peterburqda mərhələli hərbi həll planı
üzərində gizli planların razılaşdırıldığına daha çox inandığını
vurğulayıb:
"Bəli, söhbət mərhələli sülhdən getmir. Azərbaycan Rusiyanın
fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək
planlarına qarşı deyil. Ona görə Prezidentin Piterdən inamlı
qayıtdğını görməmək mümkün deyil. Unutmayın ki, Qarabağ konflikti
Rusiyanın təhlükəsizlik və iqtisadi maraqlarına güclü zərbə
vurur".