Tanınmış yazıçı, şair, publisist Fikrət Sadıq vəfat
edib.
Trend-in
məlumatına görə, F.Sadıq 86 yaşında dünyasını dəyişib.
Şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin üzvü (1963), Azərbaycanın əməkdar mədəniyyət
işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990) Sadıqov
Fikrət Abbas oğlu 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan
olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda
sənət məktəbini bitirib (1946). Gəncə neft kəşfiyyatının Naftalan
qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru
işləyib (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə
yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışıb.
1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam
məktəbini bitirib. Sonra ADU-nun filologiya fakültəsində təhsil
alıb (1956-1961).
Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının
buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist"
və "Ana əli" şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii
tərcürməyə də meyl edir. "Yumaq top", "Bir parça vətən", "Oğul"
pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında
daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983).
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi,
ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant,
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi
redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində
baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın
təbliği bürosunun direktoru olub (1961-1975).
Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən
ədəbiyyat günlərində iştirak edib. Macarıstan Xalq Respublikasına
yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə
göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olub
(1980).
Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan
Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında
idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının
sədri seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri
Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunub.
Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib
(1975-ci ildən). Prezident təqaüdçüsü olub.
16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat edib.
Fikrət Sadıq yazıçı-ssenarist Orxan Fikrətoğlunun atasıdır.
Allah rəhmət eləsin!