Hər il ölkəmizdə xeyli sayda yol qəzası baş verir ki,
nəticədə, yüzlərlə insan dünyasını dəyişir.
Elə bu ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında
1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512
nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Ümumilikdə yol qəzalarında dünyasını dəyişənlər
arasında sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər və onların
övladları da az deyil. Bunların arasında sənət adamları, deputat,
idmançı, alim, diplomat, partizan, DİN-nin yüksək rütbəli
əməkdaşları və digərlərini göstərmək olar.
Teleqraf.com ötən əsrin 90-ci illərindən indiyə qədər yol
qəzalarında həlak olan tanınmışların bəziləri haqqında topladığı
məlumatları oxuculara təqdim edir.
Tənqidçi Aydın Məmmədov
Yol qəzası nəticəsində həyatını itirən şəxsiyyətlərdən biri
dilçi, türkoloq, tənqidçi Aydın Məmmədovdur. O, bütün ömrünü doğma
Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi
dirçəlişinə həsr edib. Bədii Tərcümə Mərkəzinin rəhbəri olub.
Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi
hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan
Azərbaycan Xalq Hərəkatının ön sıralarında dayanıb. Xalqın
sevgisini qazanan A.Məmmədov millət vəkili olub. Respublika Ali
Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının
sədri işləyib. 1991-ci il aprel ayının 19-da avtomobil qəzasında
faciəli şəkildə həlak olub.
Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucusu Dilarə
Əliyeva
Ədəbiyyatşünas, tərcüməçi, 1960 cı ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya
elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərakatının fəal
iştirakçısı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Dilarə
Əliyeva da yol qəzası zamanı faciəli şəkildə ölüb. O, 1988-ci ildə
Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan
Azərbaycan Xalq hərəkatının fəal iştirakçısı, AXC İdarə Heyətinin
üzvü idi. D.Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə
Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub.
Hal-hazırda insan hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai
birlik onun adını daşıyır. O, Aydın Məmmədovla birgə müəmmalı
avtomobil qəzasında faciəli şəkildə həlak olub.
Diplomat Cavanşir Vəkilov
Azərbaycanın tanınmış diplomatı Cavanşir Vəkilov 62 yaşında
düşdüyü ağır yol qəzasında faciəli şəkildə ölüb. 1951-ci ildən Bakı
şəhərində anadan olan C.Vəkilov 2004-cü il oktyabr ayının 20-də
Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını
təşkil edib və orada 2005-ci il mart ayının 7-dək (qeyri-rəsmi
aprel ayının əvvəllərinə qədər) ilk Baş Konsul vəzifəsini icra
edib. C.Vəkilov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
məsul əməkdaşı, Dövlət İdarəçilik Akademiyasının müəllimi olub.
Həmçinin Cavanşir Vəkilov görkəmli şair Səməd Vurğunun nəslindədir,
onun qardaşı oğludur.
Hüquqşünas Akif Əzizov
Tanınmış hüquqşünas Akif Əzizovda yol qəzasının qurbanıdır.
A.Əzizovun oğlunun idarə etdiyi "Land Cruiser" markalı avtomobil
Buzovna qəsəbəsində "ZİL" markalı yük maşını ilə toqquşub. Elə bu
qəzada A.Əzizov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Onun
qardaşı Həmid Əzizov isə Salyan Rayon Məhkəməsinin sədridir.
Aşıq İslam Rzaoğlu
Şirvan aşıq sənətinin tanınmış simalarında olan Aşıq İslam
Rzaoğlu avtomobil qəzasında dünyasını dəyişib. Bakıda keçirilən
məclislərin birindən çıxan aşıq Qobustan qəsəbəsində yaşadığı evə
gedərkən "Mersedes" markalı avtomobili yol kənarındakı dirəklərə
vurub. O hadisə vaxtı maşında tək olub. Qəzaya səbəb kimi aşığın
yorğun olması və sükan arxasında yuxulaması göstərilir. O, Şirvanın
məşhur aşıqlarında olan Aşıq Rza Qobustanlının oğludur. Aşıq İslam
bir çox müsabiqələrin qalibi olması ilə yanaşı, dövlət əhəmiyyətli
tədbirlərin əsas aşıq iştirakçısı idi.
Alim Samir Pişnamazzadə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin
direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən
avtomobil tərəfindən vurulub. Hadisə elm xadiminin evinin
qarşısında, İsmət Qayıbov küçəsində baş verib. Gəncə Regional Elmi
Mərkəzinin direktor müavini S.Pişnamazzadə avtomobil tərəfindən
vurulduqdan sonra ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda
keçinib.
Fəxri jurnalist Akif Quliyev
Tanınmış jurnalist Bakı şəhərində baş verən yol qəzasında
dünyasını dəyişib. 75 yaşında yol qəzasında həyatını itirən Akif
Quliyev Azərbaycanın fəxri jurnalisti, prezident təqaüdçüsü olub.
Uzun illər Azərbaycan Milli Nəşriyyatında çalışıb. Oxucular onu
Akif Aslan kimi tanıyırdı.
50 il mətbuatda çalışan mərhum jurnalist, əmək fəaliyyətinin son
48 ilini uşaq mətbuatında, dövlət tərəfindən himayə olunan və
maliyyələşdirilən, 73 illik tarixi olan "Savalan" qəzetində (keçmiş
"Azərbaycan pioneri") davam etdirib. O, Azərbaycan uşaq mətbuatı
tarixində yeganə şəxsdir ki, yarım əsrə yaxın müddət ərzində bu
sahədə fəaliyyətini davam etdirib. 2005-ci ildə milli mətbuatımızın
böyük təntənə ilə qeyd olunan 130 illik yubileyi ərəfəsində
Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq görülüb.
Tanınmış reper Hüseyn Dərya
Hamının Hüseyn Dərya kimi tanıdığı tanınmış reper Hüseyn Muradov
da avtomobil qəzasında həyata əlvida dedi. O, Bakının Xəzər rayonu
ərazisində idarə etdiyi "Opel Astra" markalı minik avtomobili ilə
qəza törətmişdi. Qəzadan sonra xəstəxanaya yerləşdirilən reper bir
gün sonra orada vəfat etdi. O, ilk dəfə meyxana ilə muğamı sintez
etmişdi. Həmçinin könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri
xidmətə yollanıb və Qarabağ müharibəsində vuruşmuşdu.
Deputat Məmməd Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Məmməd
Məmmədov yol qəzasında dünyasını dəyişib. Belə ki, Deputat M.
Məmmədov, onun həyat yoldaşı və atası Yarəli Məmmədovun olduğu
"Mercedes" markalı avtomobil Naxçıvan şəhərində qəzaya uğrayıb. Bu
qəza nəticəsində M. Məmmədov və atası dünyasını dəyişib. Deputat
"Şərq Qapısı" qəzetinin baş redaktoru, "Azərbaycan" qəzetinin
Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri olub. O həmdə
Azərbaycanın "Əməkdar jurnalist"i idi.
Deputat Hikmət Atayev
Yol qəzasında həyatını itirən daha bir deputat isə Hikmət
Atayevdir. Gürcüstandan Balakən istiqamətində hərəkət edən Milli
Məclisin üzvü H.Atayevin idarə etdiyi "VAZ-2106" markalı maşın
"VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı
xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhum deputat
Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub.
Lakin qəzada onun oğlu elə ciddi xəsarət almayıb. H.Atayev 2006-cı
il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat
seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının,
Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük
Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Rəis müavini Mais Əhmədov
Xətai rayonunda "Mercedes" markalı minik avtomobili və yük
avtomobilinin toqquşması nəticəsində rəis müavini ölüb. Bu qəza
nəticəsində dünyasını dəyişən şəxs Daxili İşlər Nazirliyinin
Metropolitendə Polis İdarəsinin rəis müavini, polis
polkovnik-leytenantı Mais Əhmədov olub.
Generalın yeganə övladı
Fəxri Emin oğlu Şəkinski idarə etdiyi "Mercedes-S klas" markalı
avtomobili yol kənarındakı dirəyə çırpmaqla qəza törədib. Qəza
nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını
dəyişib. O, Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət
Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskinin
oğlu idi. 22 yaşında dünyasını dəyişən Fəxri Şəkinski E.
Şəkinskinin yeganə övladı olub.
Daxili işlər nazirinin qardaşı
Naxçıvan MR-nın daxili işlər naziri Əhməd Əhmədovun qardaşı
Abbas Əhmədovda yol qəzasının qurbanı olub. O, Naxçıvan MR-nın
Püsyan kəndi yaxınlığında avtomobilin aşması nəticəsində vəfat
etmişdi.
Meyxanaçı Nizami Rəmzi
Tanınmış meyxana ustası və bu sənətin yaradıcılarından sayılan
Nizami Rəmzi də yol qəzasının qurbanıdır. Rəhmətlik şair dostu,
meyxana ustası Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub.
N.Rəmzi meyxanaçılar arasında ilk dəfə kinofilmə ("Qəzəlxan") və
sənədli filmə ("Göy qurşağı") çəkilib. Xarici ölkələrə də meyxananı
ilk dəfə məhz o çıxarıb. O, Türkiyə, Rusiya, Almaniya, İran,
Gürcüstan, Özbəkistan və digər ölkələrdə meyxana deyib.
Partizan Əhmədiyyə Cəbrayılov
Tanınmış partizan Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı
həlak olub. Belə ki, yük maşını telefon budkasına çırpılır, həmin
an Əhmədiyyə budkanın içində olur və dünya şöhrətli partizan
faciəvi şəkildə ölür. O, Oxud kənd qəbristanlığında dəfn edilir.
İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının
iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden
və medalları ilə, o cümlədən "Fəxri Legion" ordeni ilə təltif
olunub.
Dünya çempionu Ruslan Vəlizadə
Muay-tay və uşu sanda üzrə dəfələrlə respublika çempionu, dünya
çempionatının mükafatçısı olmuş Ruslan Vəlizadə də ömrünü yolda
bitirib. "MAZ" markalı yük maşını yolun kənarında dayanan "BMW"
markalı minik avtomobilini vurub. Bu zaman sərnişin kimi minik
avtomobilinə əyləşmək istəyən 1994-cü il təvəllüdlü R.Vəlizadə ağır
xəsarət alıb. Xəstəxanaya aparılan idmançı orada ölüb.
DİN-in polkovniki Elşən Həsənov
Daha bir polis polkovniki Bakının Heydər Əliyev prospektində baş
vermiş dəhşətli qəzada həyatını itirib. Daxili İşlər Nazirliyinin
Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin
rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu qəzadan sonra
xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.