Yuxarı

“Anam sərhədi keçəndə məni qayalığa atıb...”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZƏRBAYCAN SEVDALI ELAZIĞ

(“Qənirə Paşayeva ilə addım-addım Elazığ”)

“BU YOLLARDA AYIQ YÜRÜ, SADİQ OL...”

Belə ismarlayıb yaddaşlara xocalar xocası Əhməd Yəsəvi dədəmiz. “Özünə rəva bilmədiyini bir başqasına qarşı etmə” deyərək. Özümüzdən başlaya bilməyimizin örnəyi olaraq özündən başlayıb, özünə səslənir:

Hoca Əhməd, zahid olma, aşiq ol sən,

Bu yollarda ayıq yürü, sadiq ol sən.

Leyla, Məcnun, Fərhad, Şirin, Vamik ol sən,

Eşq olmadan haqqın üzü görülməz.

Böyük Əhməd Yəsəvinin buyurduğu kimi, Elazığ yollarıyla ayıq, eyni zamanda da ehtiramlı duyğularla yürüdük... Elazığın kutsal dünyasını, munisliyini müqəddəsliyin gerçək üzlərindən biri olaraq ziyarət etdik. Bir an, tək bircə məqam olmadı ki, Əhməd Yəsəvi dədəmizin bu xəyal yüksəldib, könül açan misraları bizimlə olmasın. Hər qədəmimizi, hər baxışımızı izlədi, izlədi:

Ey dostlarım, bu yolların ötəsi çox,

Keçmək olmaz pir dediyin yapmayınca.

Yüz min bəla, möhnət, afət bəlası çox,

Bilmək olmaz pir dediyin yapmayınca.

Ancaq qaçılmaz gerçəklikdir ki, qarşı yatan qara dağları, gen-bol düzəngahları, ətəyi obalı-elli yamacları uca Yaradanın özü bir ziyarətgah olaraq yaratmışdı. Baxdıqca gözümüz sevinir, qəlbimiz isinirdi. “Türkük, müsəlmanıq bu dağlar qədər” qürurumuz hər baxışdan yaslanır, şəkillənirdi.

Bu tarixi, unudulmaz diyara, bolluq-bərəkət məkanı olan vilayətə Girəsun-Ordu, Karabük-Safranbolu, Malatya yollarından keçib də gəlmişdik. Yaşıltəpə köyünü sol səmtdə qoyub düzü-düzünə Elazığ yolunı tutub yürümüşdük. Unudulmaz Malatya xatirələri ilə baş-başa varıb gəlmişdik. Malatya-Elazığ şosse yolu tarixi gəlişmələrin bir unudulmaz səhifəsini açmışdı önümüzdə. Malatyanın geniş ərik bağlarından duyğularımıza əsən xoş qoxu dəfolunmaz bir ilğım kimi sarmışdı yan-yörəmizi. Dost-qardaş diyarı-məskəni bilərək də yolu-izi tutub gəlmişdik Elazığa. Sakinləriylə bir ətdən, bir qandan, bir ruhdan gəldiyimizi bilirdik. Dörd min illik tarixinə bələdliyimiz vardı. Bir boydan, bir soydan gəlməmizin fərqindəydik. Bilirdik ki, qədim-qayım Oğuz eli ərənlərinin ruhu bu bənzərsiz mədəniyyət daşıyıcısı olan vilayətin hər səmtindən ürpənməkdəydi.

Erməni vəhşətinin qurbanı olan doğma Xocalımızın soyqırıma məruz taleyinin ağrısını Elazığ insanlarının bizlərdən az çəkmədiklərini əməli işlərindən bilirdik; İllər öncəsi Elazığın mərkəzində Azərbaycan parkı salmış, burada Azərbaycan şəhidlərinin xatirəsinə abidə ucaltmışlar. Xankəndi məhəlləsini hər gün keçib-gedən Elazıq insanları bu yolla uzun illərdir qardaş, dost həmrəyliklərini bəyan etmədədilər. Xankəndi bağlılığı dostluq-qardaşlığın daha əzəlki bağı, ilməsi kimi bizlərə əziz idi.

Mənəvi böyüklərimizdən olan Şəms Təbrizinin ruhu şad olsun; öyüdünü-nəsihətini unutduğumuz olmadı heç. İznliydik qardaş şəhərinə qədəm basmağa. Şəhər bələdiyyəsinin yetkililəri dost-doğma qardaş ehtiramı ilə yolumuzu bəkləməkdəydilər. Fərat Universitetində yolumuzu gözləyirdilər.

Görkəmli füzulişünas alim Əkrəm Cəfər bu dahi şairdən bəhs edərkən söylərdi ki, Füzuli şeiriyyətini mütaliə etdiyim zamanda hər misra, hər beyt önündə salavat çevirirəm.

Müqəddəslik, paklıq önündə ən önəmli güman yerimiz salavat çevirməkdir.

Elazığın hər qədəm torpağı, cığırı-izi Məhəmməd Füzuli şeiriyyətinin ruh içində ruh oyadan pak dünyası kimiydi; Salavat çevirib, ehtiramla baş endirməyimizin savabı vardı. Elə duyğulu idik ki... Bu yollarla ayıq yürüyüb, sadiq olmamaq mümkünmü? Könlü Kəbə yapmadan adlayıb getməkmi olar? Qədimdən-qədim tarixini yarpaq-yarpaq vərəqləməyincə çörəyinə əl uzadıb, suyunu içməkmi olar?

TARİXİN YAŞIDI – HARPUT

Ancaq gərəkdir ki, lap əzəl başdan Harput şəhər tarixindən başlayasan. Elazığ mərkəzinin vur-tut beşcə kilometrliyində yerləşir. Bu tarixi məkanda ilk dəfə Hürrilər məskən salıblar. Hitit və Assurlarla davamlı əlaqələri olan Hürrilərin Asiyaya çıxışları da geniş idi. Hititlərin baş şəhəri Boğazköydə aşkar edilən yazılı qaynaqlar Harputdan “İtuva” deyərək bəhs edir. Yenə də Miladdan öncə 9-cu yüzildə Doğu Anadoluda dövlət quran Urartuların Elazığ tarixindəki yeri Harput qalasının bilinən və bilinməyən pünhan dünyasında ömr etməkdədir.

Tarixi qaynaqlar, məxəzlər üzərinə aparan söhbəti balla kəsmək istəyirəm.

Bir növ, məcburam buna. O səbəbdən ki, Elazığa qədəm qoyduğumuz ilk andan yaddaşıma köçürdüyüm və hər məqamı mənə əziz olan xatirələr yeni bir biçimdə qələmin ucuna sarınır, önə çıxır, diqqətimi məhz həmin səmtə yönəldir. Bu xatirələrin unudulmazlığı, xətri-hörməti önündən etinasız keçə bilmirəm. İlk dəfədi ki, təslim oluram anın felinə. İlk dəfədi ki, özümüzdən başlayası oluram...

HAMI YATMIŞ, GECƏ KEÇMİŞ YARIDAN...

Upuzun bir yol adlayıb yetişmişdik Elazığa. Gecədən xeyli keçmişdi. Bu yolçuluqda mənimlə bir arada olan dostlarım otelə yetər-yetməz həmən odalarına çəkilmişdilər. Səhər erkəndən toplantılar, Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı ilə bağlı konfranslar, çoxlu görüşlər bizi gözləyirdi. Hamı yatmışdı... Unudulmaz Məhəmməd­hüseyn Şəhriyar demiş, bir Allah oyaq idi, bir də mən... Özümlə götürdüyüm kitabları yerbəyer edirdim. Ertəsi gün Fərat Universitetində soyqırım qurbanı Xocalının anım günüylə bağlı düzənlənəcək tədbirdə söyləyəcəklərimi düşünürdüm... Aradan keçən 22 illik vaxt, zaman məsafəsinin duz yükü varlığımı nanə yarpağı kimi büküb-bürmələyir, yuxumu ərşə çəkirdi. Dualarımı edirdim, diləyimi diləyirdim: “İlahi, özün yardım et ki, insanlarımızın günahsız axıdılan qanı yerdə qalmasın. Bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olması üçün xalqımıza yardım et! Bizi şəhid ruhu önündə xəcil eyləmə. Düşmən məkrli, hiyləgərdir, arxadan vurmağın, namərdliyin, nakəsliyin xas ustasıdır. Namərd əlindədir düşmən zənciri, necə qısqırtsalar, o cür həmlə edir haqqın üstünə... İlahi, haqq ağacımızı, haqq savaşımızı şəhid qanımızla sulamağa, ayaqda saxlamağa yardımçı ol. Dədəmiz Əhməd Yəsəvi demiş:

Cilve kılgil, tilbe kılgil, şeyda kılgil,

Mecnun kılgil, el ve halka rüsva kılgil.

İşıq göster, pervane dek yanıq kılgil,

Her ne kılsan aşik eylə, ey Allahım.

Bizi mübarizə, haqq savaşı aşiqliyindən cüda etmə.

“DOST SƏNİ BAĞINA MEHMAN EYLƏSƏ...”

Dədə Ələsgərdən qalan öyüd-nəsiyyətdir; “dəvət olunduğun bağın almasın ye, heyvasın dər, narın üz”, - deyib də saza əl aparıb o böyük ustad. Bizi Elazığda Fərat Universitetində çalışan alim dostlar qarşıladılar. Səhər o başdan, dan yeri ağarar-ağarmaz bizi səhər süfrəsi başına götürdülər.

İlk bələdçimiz, can deyib-can eşidənimiz Fərat Universitetinin dəyərli aydınları Elazığ Böyük Şəhər Bələdiyyəsinin yetkililəri oldu. Qardaş sayğısını gördük ilk andan. Qardaş sayğısıyla duz-çörək kəsdik. Əl uzatdığımız halal qardaş, dost süfrəsi oldu.

VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR...

Şair, ədəbiyyatşünas qardaşım Sərvaz Hüseynoğlu ancaq mənim eşidə biləcəyim bir tərzdə, özünəməxsus sakitliklə səhər o başdan etdiyi ricanı xatırlatdı mənə. Qanlı-qadalı 37-ci illərin repressiya qurbanı, nakam şairimiz Almas İldırımın tez-tez ziyarət etdiyi, doğma Xəzər dənizinin qoxusunu aldığı Xəzər gölünü ziyarət etmək istədiyini bildirmişdi. “Mütləq ziyarət edəcəyik - demişdim. - Mütləq!”

Həmən, heç unuda bilmədiyim, zaman-zaman haqqı tapdalanmış, eli-obası yağmalanmış Azərbaycanımıza ana laylası kimi xitab olunmuş misralar yaddaşımı göynədib keçmişdi:

Hanı məni gül qoynunda doğuran,

Xamırımı göz yaşıyla yoğuran,

Beşiyimdə “layla balam!” çağıran?

Azərbaycan, mənim baxtsız anam, oy!..

Neçə ildir həsrətində yannam, oy!..

Ani olaraq yenə xatırlayıram o unudulmaz misraları. Xocalı ağrısının, nisgilinin qaysağını qoparır elə bil...

Bələdiyyə yetkililəri və alim dostlar:

- Bir şeymi gərəkdir - deyə soruşurlar.

Almas İldırımla bağlı Elazığda nələrin qaldığını soruşuram. O könül parçalayan olaylar yenidən xatırlanır; Sovet imperiyasının təzyiqləri əlindən doğma Bakısından baş götürüb Türküstana qaçan şairi burada da rahat qoymurlar. Əlacsız qalıb Cənubi Azərbaycana üz tutur. Burada da fars zabitləri onu cəsus hesab edir, səhərə qədər boğazına kimi çıxan su içində saxlayırlar. Birtəhər canını qurtarıb qardaş Türkiyəyə pənah gətirir. Həyat yoldaşı və körpə balası Azərlə bərabər. Azər Yılmaz 3-4 il əvvəl Bakıda olarkən Sərvaz bəyə özü danışıb bu əhvalatı: “İran sərhəddini keçərkən mən anamın qucağında olmuşam. Bir yandan yorğunluq, əzab-əziyyət, bir yandan da mənim aclıqdan ağlamağım əhdlərini kəsibmiş. Məni bir qaya dibində qoyub Allaha tapşırırlar. Ayrı əlac yox imiş. Ancaq az getməmiş dözməyiblər. Dönüb götürüblər. Nə qədər çətin olsa da götürüblər”.

Gəliblər Elazığa. Almas İldırım burada bir müddət müəllim kimi çalışıb. Xiffət içində yaşayıb. Gəlirmiş doğma Xəzərini xatırladan gölün kənarına, saatlarla oturub tamaşa edir, xəyala dalırmış. Sonra Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkə məktub yazıb, bu gölə rəsmən Xəzər adının verilməsini xahiş edib. Nakam şairin bu arzusu nəzərə alınıb. O ağrılı illərin canlı şahidi Azər Yılmaz söyləyir bunları.

Fərat Universitetinin rektor köməkçisi Nuru bəy telefon açıb kiminləsə danışır: “Azərbaycandan millət vəkilimiz Qənirə xanım öz arkadaşları ilə gəlib. Bizimlə olmağınızı rica edirik, həmən gəl!”

Az keçməmiş Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı, “Manas” nəşriyyatının başqanı Şənər Bulud gəlir. Hal-əhvallaşır, sonacan bir yerdə oluruq. Almas İldırımdan bəhs edirik. Şənər bəy “Uyuduğu qəbir naməlumdur, - deyir - ancaq şəhərimizdə adını daşıyan küçə var...” Oğlu Azər Yılmazın mobil telefonunu verir. Həmən zəng edirəm. Azər bəyin yorğun, qos-qoca, tutqun səsi “sizi Azərbaycanın millət vəkili Qənirə xanım Paşayeva arayır” sözlərini eşidəndə, elə bil, birdən-birə dirçəlir, yorğun, səsi fərəh dolu bir ahəng alır...

Həm də titrəyir...

Həm də qəm dolu bir hekayət boxçası kimi açılır elə bil...

Fevralın 23-də İstanbulda olacağımızı və mütləq ona telefon açacağımı söyləyib sağollaşıram... Heç unutmadığım misralar dolaşır yaddaşımda:

Haqqa aşiq dərvişlərin daşı göydə,

Bu aləmdə məkan tutmaz canı göydə...

Haqqa aşiq olan dərvişlərin könül dostu Almas İldırımın ciyərparası Azər bəyin telefonda titrəyən, eyni zamanda sevincək səsi hələ də qulaqlarımdan getmir.

Bu, Azərbaycan parkıdır...

Elazığın ən görməli yerlərindən birində Azərbaycan adını əzizdən əziz tutaraq salıblar bu parkı. Tanış olduğumuz qısa vaxt ərzində bizimlə çox doğmalaşan Şənər bəy parkda Azərbaycan şəhidlərinin anımıyla bağlı abidənin açılış mərasimindən söz açır. “Yazıçılar Birliyinin sədri Anar və bir çox başqa ziyalılar da iştirak edirdilər”, – deyir. Qardaşın qardaşa olan təmənnasız sayğısından, dərdini dərdi, kədərini kədəri bilməsindən duyğulanır, qürur keçiririk. Eyni zamanda, Xocalı yaramız, o gözəl bölgələrimizin işğal altında olması könüldən sevinməyə imkan vermir. Şəhidlərimizin ruhuna dualar oxuyur, Xocalı dəhşətinin törədildiyi günlərdə çəkdiyimiz acılardan söz açırıq. Hamımız “İnşallah, torpaqlarımızın bir millət olaraq azad edib o gözəl bölgələrimizdə də şəhidlərimizin ruhuna abidələr ucaldarıq... İnşallah, gələn dəfə Dağlıq Qarabağda görüşək”, - deyirik.

Ardı Burda

Tarix
2017.01.21 / 08:45
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla