Yuxarı

Parisə olar, Ankaraya yox? – AŞPA rəzaləti

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, Avropadan Türkiyəyə təzyiqlər ediləcəyi, hansısa qərarların çıxarılacağı gözlənilən idi. Avropa Birliyinin 54 ildir Türkiyəni qapı arxasında gözlətməsi, son illər isə rəsmi Ankaraya münasibətdə özünü qərəzin ən pik zirvəsində aparmasının nəticəsi ortaya çıxmalı idi.

Lakin AŞPA-nın Türkiyəni təhqir etməyə yönəlik qərar çıxaracağını heç ən praqmatik siyasi şərhçilər belə proqnozlaşdırmırdılar. AŞPA Türkiyəyə qarşı siyasi monitorinq prosedurunu bərpa etdi. Türkiyəyə qarşı bu prosedur 1991-ci ildə tətbiq edilmiş və 2004-cü ildə aradan qaldırılmışdı. Rəsmi Ankaranın isə bu qərara münasibəti çox sərt olub.

Dövlət başçısl Rəcəb Tayyib Ərdoğan “Röyter”ə müsahibəsində AŞPA-nın bu qərarını tanımadıqlarını açıqlayıb. Gözlənilən budur ki, Türkiyə AŞPA-nın göndərəcəyi monitoriq qrupunu ölkəyə buraxmayacaq. Ankara bu qərarın siyasiliyini, demokratiya ilə heç bir əlaqəsi olmadığını, bunun müstəqil siyasi xətt yürütməkdə davam edən Türkiyəyə bir təzyiq forması olduğunu yaxşı anlayır. Bəs Türkiyəyə qarşı sistematik olaraq davam edən hücumların arxasında nə dayanır?

Məsələ aydındır, 16 aprel referendumunda sandıqdan çıxan “Hə” qərarını Avropa heç cür həzm edə bilmir. Zatən Avropa strukturlarının referendum öncəsi verdiyi bəyanatlar da olduqca aqressiv idi. Lakin məsələ təkcə bəyanatlarla kifayətlənmirdi. Referendum öncəsi Avropada yaşayan türklərlə görüşmək istəyən türk rəsmilərinə icazə verilmədi. Hətta Hollandiya beynəlxalq hüquqa tüpürərək Türkiyə Cümhuriyyətinin naziri postunda oturan, diplomatik pasporta sahib bir şəxsi ölkədən polis gücünə çıxardı. Diplomatik qaydalara görə, Hollandiyadakı Türk Konsulluğunun ərazisi Türkiyəyə aid olmasına rəğmən, polis türk nazirin konsulluq binasına daxil olmasına belə izn vermədi. Əvəzində Avropanın bir çox ölkələrində”Yox” kampaniyası aparan PKK terror təşkilatının üzvləri mitinqlər keçirdi. Hətta mitinqlərin birində Türkiyə Prezidenti Ərdoğanın başına silah dayadılmış portreti qaldırıldı. Elə həmin mitinqdə PKK-çılar “Ərdoğanı öldürün” posterini havada dalğalandırırdılar. Lakin polis nəinki bu aksiyalara mane olurdu, hətta aksiya keçirən PKK terrorçularını mühafizə edirdi.

Referendumdan sonra isə Fransada məşhur bir telekanalın efirindən məşhur bir fransız politoloqu Türkiyə prezidentini öldürməyə çağrış etdi.

Türkiyədəki Konstitusiya dəyişikliyi Avropa üçün son nöqtə idi. Bunu həzm edə biməməkləri çox açıqdır. Hər şey gözlə görüləcək qədər sadədir. Türkiyənin artıq əvvəlki – müti və hər deyiləni edən bir Türkiyə olmayacağı dəqiqləşdi. Bunun fərqindədirlər. Bu səbəbdən də ATƏT və Avropa Şurası Avropada PKK tərəfdarı kimi ad çıxarmış, terror təşkilatının Avropada təşkil etdiyi aksiyalarda fəal iştirak edən “müşahidəçilərinin” hazırladığı referendum hesabatına əsaslanaraq, Türkiyədəki fövqəladə vəziyyəti bəhanə edərək, belə bir mənasız qərar çıxardı.

AŞPA bu qərarı verməsinin əsas səbəbi kimi Türkiyədəki yumşaq fövqəladə vəziyyəti göstərir. Halbuki Fransada 2015-ci ilin noyabr ayından bu yana fövqəladə vəziyyət var və mütəmadi olaraq uzadılır. Fransada ötən bazar günü keçirilən prezident seçkisinin ilk turu da fövqəladə vəziyyət şəraitində keçrildi, seçki komissiyalarının önündə əli silahlı hərbçilər keşik çəkirdilər. Hətta seçkidən sonra Parisin küçələrində toqquşmalar oldu, polisin aksiyaçılara sərt müdaxiləsini də dünyanın aparıcı telekanallarının efirindən hər kəs gördü. Lakin Avropa strukturlarından kimsə buna reaksiya verdimi? Yaxud da Fransada seçkinin fövqəladə vəziyyət şəraitində keçrilməsi ilə bağlı rəsmi Parisə qarşı hər hansısa sanksiya tətbiq olundumu?

Türkiyədə isə fövqəladə vəziyyəti əsas göstərərək, AŞPA heç bir məntiqə sığmayan qərar verir. Halbuki rəsmi Ankara bu qərarı, necə deyərlər, kefindən çıxarmayıb. Türkiyədə ötən ilin 15 iyulunda 265 nəfərin şəhid olması, 1000-dən artıq insanın yaralanması ilə nəticələnən dövlət çevrilişi cəhdi baş verib. Bu hadisədən öncə və sonra PKK, İŞİD kimi terror təşkilatları Türkiyənin müxtəlif şəhərlərində qanlı terror aktları həyata keçiriblər. Türkiyədəki bu terror aktları Fransada fövqəladə vəziyyətin tətbiq olunmasına əsas olan terror aktlarından daha qanlı və daha çox insanın həyatını itirməsi ilə nəticələnmişdi.

Bu arada qeyd edək ki, AŞPA-nın qəbul etdiyi qərarda Türkiyənin terrorla mübarizəsi də əsas götürülüb. Təbii ki, AŞPA Türkiyənin kürdlər yaşayan bölgələrində PKK terrorçularına qarşı aparılan əməliyyatları “kürd xalqına təzyiq” kimi təqdim edir. Lakin son bir ildə PKK-ya qarşı aparılan əməliyyatlar nəticəsində 11 min terrorçunun məhv edildiyi faktdır. Görünən budur ki, neoimperialistləri hürküdən də budur. Avropanın Türkiyənin terrorla mübarizəsinə qarşı tənqidləri son bir ildir ki, durmadan artır. Ötən ilin noyabr ayında Avropa Parlamentinin Türkiyə ilə müzakirələri təxirə salma qərarı qəbul edilərkən də Ankaranın terrorla mübarizəsi əsas göstərilmişdi. AŞPA-nın bu son qərarında da fövqəladə vəziyyətlə birgə, terrorla mübarizə məsələsi önə atıldı.

Məqsəd bəllidir, neoimperialistlərin PKK arzusu gömülməkdədir. Türkiyənin, Yaxın Şərqin qan gölündə üzməsini istəyirlər. Hətta Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD və PKK/PYD terrorçularına qarşı əməliyyatlar apmasına da Avropa susmadı, rəsmi Ankaranı buna görə tənqid etdi. Nəticə də göz önündədir. Türkiyənin fövqəladə vəziyyət tətbiq etməsi və terrorla mübarizəsi nəticəsində artıq uzun müddətdir ki, ölkədə böyük ölçülü terror aktları baş vermir, bunun qarşısı alınır. Bunun səbəbi ilk növbədə Türkiyənin ərazisi və xaricində PKK/PYD, İŞİD kimi terror təşkilatıları ilə aparılan mübarizədir. Ankara “Fərat qalxanı” əməliyyatı çərçivəsində sərhədləri yaxınlığındakı terrorçuları məhv edib, Suriyanın böyük bir hissəsini terrordan azad edib.

Elə AŞPA-nın Türkiyə ilə bağlı verdiyi bədnam qərardan saatlar öncə Türkiyə hərbi təyyarələri Sincardakı PKK, Suriyanın şimal-şərqindəki PYD/YPG mövqelərini bombardıman etdi. Hadisə ilə bağlı açıqlama verən ABŞ Xarici İşlər Nazirliyi isə Türkiyənin bu addımından “dərin narahatlıq” keçirdiyini bildirdi.

Türkiyənin bombardmanından saatlar sonra isə AŞPA rəsmi Ankaranın qəbul edə bilməyəcəyi bir qərar çıxardı. Lakin AŞPA-nın elə həmin iclasında PKK və FETÖ terror təşkilatları ilə bağlı Türkiyənin təqdim etdiyi layihə qəbul olunmadı.

Avropa Şurası Parlament Asambleyasının iclasında 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı layihədə çevrilişi cəhdinin arxasında “Gülən hərəkatının olduğu” ifadəsinin “Fətullah Gülən Terror Təşkilatı” olaraq dəyişdirilməsi tələb olunurdu. Səsverməyə qatılan 148 üzvdən 45-i dəyişikliyin qəbuluna səs verərkən, 84 üzv bu dəyişikliyin rədd edilməsinə səs verdi, 19 üzv isə bitərəf qaldı.

Bundan başqa, Türkiyə tərəfinin PKK-nın Türkiyə kimi, Avropa üçün də təhdid yaratdığına, terror təşkilatının son zamanlar Avropa daxilində pul toplaması, havadar tapması və təbliğat fəaliyyətləri aparması və bunun qarşısının alınmasına dair təklif etdiyi layihə də qəbul olunmadı. Hər şey bu qədər açıq və bəsitdir.

AŞPA-nın bu qərarının Türkiyə üçün ciddi əhəmiyyəti olacaqmı?

Cümə günü Maltada Avropa Birliyi zirvəsi keçriləcək. AŞPA-nın qərarından sonra Avropa Birliyi ilə müzakirələr təxirə salınmalıdır. Lakin Avropa Birliyinin qaçqın sazişi səbəbilə belə bir qərarın verilməsinə isti baxmadığını güman etmək olar. Türkiyənin Avropa Birliyi qarşısında əli güclüdür. Həqiqi mənada beynəlxalq siyasətə baxıldığında Türkiyənin regional qüvvə olması, Avropa Birliyi və NATO üçün imtina edilməz bir dövlət olduğunu Aİ-də çox yaxşı bilirlər.

AŞPA-nın qərarı isə daha çox təhdidə bənzəyir.

Tarix
2017.04.26 / 15:32
Müəllif
Ruslan Bəşirli
Şərhlər
Digər xəbərlər

İstanbulda AKP-yə “tələ” quruldu: 41 ildən sonra qələbə…

Şuşaya dəhşətli mənzərə ilə daxil olduq – Foto

Süleymaninin qətli: Kimlər qazandı, kimlər uduzdu?

Prezidentin 4 generalla bağlı qərarı: Biz əsgərik!

İstanbul debatı: Küçükkaya rəzaləti, əldə partlayan yalanlar

Kançelskisin Mxitaryana, Bakının dünyaya cavabı...

Xocalı soyqırımı buna görə tanınmır

Türkiyə inqilab astanasında: Yalanlar və...

Niderlandı müdafiə edən “Qərb uşaqları”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla