Yuxarı

O qədər saf idi ki, qıvlasız...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaddaşımdan silinməyən bir xatirədir bu. Zəlimxan Yaqubla ilk görüşümdə yenicə dərc olunmuş "Od aldığım ocaqlar" kitabını mənə bağışlayanda belə bir avtoqraf yazmışdı: "Faiq, gün o gün olsun ki, sən də öz kitabını mənə verəsən".

Gün o gün olmuşdu, "Eh, ayrılıq, nə yamansan" ilk şeirlər kitabımı ona vermişdim. Sonralar da ustad şair müəllif sözü ilə bir neçə kitabını mənə bağışlamışdı. Elə mən də digər kitablarımı utana-utana da olsa, ona vermişdim...

Zəlimxan Yaqub sözün həqiqi mənasında xalq şairi - xalqın şairi idi... Mən bunu bir neçə dəfə onunla rayonlara yol yoldaşı olanda görmüşdüm. Bir dəfə Cəlilabaddan gələndə, Salyanda yolüstü kəndlərin birində "10 dəqiqə dayanaq, çay içək" dedi. Dayandıq, amma təxminən 2 saatdan sonra yola düşdük. Şair, dəfələrlə çay təzələnsə də, üst-üstə heç bir stəkan da çay içmədi. Yaşıl ağacın altına qoyulmuş stolun ətrafı insanlarla dolmuşdu. İnsanlar dərdini danışır, şairə sevgilərini izhar edir, onunla iki daşın arasında şəkil çəkdirirdilər.

Onun qəlbində nə qədər xatirələr vardı. Özü də kimlərlə bağlı! Bu insan daima şükranlıq etmişdi, yaddaşında ancaq xoş günlər, xoş anlar qalmışdı sanki...

Şair danışıqlarında, söhbətində hər kəsin ancaq müsbət tərəfini görüntüləyirdi, yaxşısını deyirdi... Kimsə haqqında pis söz deməzdi. İnsanlara qarşı qəribə bir sevgi vardı onda: "Biz niyə sevməyək bir-birimizi?" deyirdi.

Xeyirxah idi, yaxşılıq etmək üçün doğulmuşdu sanki.

Yaxın qohumum Sabiti oxuduğu İqtisad Universitetindən qovmuşdular. Müəllimlə şəxsi zəmində olan müsahibəsi gəlib imtahanlarda aldığı qeyri-kafi qiymətlərə qədər çatmışdı. Nəşriyyatda Zəlimxan müəllimlə görüşdüm. "Ədəbiyyat qəzeti"nə gəlmişdi. Adətinə xilaf çıxmadı:

- Bir sözün? – dedi.

- Xahişim var... (Və dedim).

- Baxarıq...

Səhər saat 6-ya qalmış zəng etdi.

- Rektor səhərlər bulvarda qaçır, gedirəm ora, dedim, mən yuxuma haram qatdığım kimi, sən də oyanasan, - deyib, zarafat etdi. Dəhşətə gəldim. Necə yəni, tezdən yuxudan olmaq? Saat 10:00-da yenidən zəng vurdu, dedi, get Əli müəllimin (Əli Abbasov o vaxt rektor idi) yanına, səni gözləyir...

Zəlimxan müəllimin qəribə lətifə danışmaq qabiliyyəti də var idi. Elə ürəkdən gülürdü ki!

80-ci illərdə Vasif Süleymanla birlikdə onun Yasamaldakı evində olmuşduq. Özünün tay-tuşu kimi qonaq çağırmışdı.

2007-ci ildə Bakıxanovdakı evində də olmuşdum. Eyni coşquyla qonaq olaraq qarşılamışdı. Evin 1-ci qatındakı iş otağında xeyli söhbət etmişdik. Onu dinləməkdən yorulmaq olardı?

Ərklə boynumu qucaqlamışdı, Vasifi soruşmuşdu: - Qıvlasız, o qədər utancaq, safdır ki, elə bil oğlan xeylağı deyil, utana-utana danışır adamla, - demişdi.

Axı onunla biz ikimiz birlikdə tanış olmuşduq, yaxın dost olduğumuzu bilirdi...

Yadıma düşür, 1985-ci ildə o zaman işlədiyim XDND idarəsinin hami olduğu 171-saylı orta məktəbdə onunla görüş keçirdik. Vasif Süleymanı, İlham Qəhrəmanı, Xatirə Rəhimbəylini və məni də özü ilə apardı. Görüş boyu ancaq bizdən danışdı, şeirlərimizdən misallar göstərdi. Heç düz-əməlli dərc də olunmurduq o zaman...

Bu gün şair Fəxri Xiyabanda dəfn olundu... Dünyasını dəyişdi... Amma ədəbi dünyamızda əbədi olaraq yeri var olan, qalan şairimiz olacaq...

O saf bir ömür yaşadı, qeybətsiz, kinsiz, sevgi dolu bir həyat. Özü yaxşı demişdi:

Mən dünyanı durultmağa can atdım,

Dünya məni bulandıra bilmədi...

Tarix
2016.01.11 / 20:40
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla