AKP dünən gecə Türkiyə Baş naziri R.T.Ərdoğanla oğlu
Bilal Ərdoğana aid olduğu iddia edilərək internetdə yayımlanan səs
yazısını ABŞ-dakı bir səs studiyasında analiz etdirib və mövzu
haqda hesabat alıb.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, studiyada
aparılan işlər nəticəsində verilən hesabatda "səs yazısının montaj
olduğu, səs yazısındakı səslərin kəsilib yapışdırılmış və
kompüterdə əlavələr edilmiş olduğu" bildirilib.
Hesabatda "səs yazısındakı qırılmaların tək-tək təhlil edildiyi,
səs yazısında bəzi yerlərdə iki sözün tək söz halına gətirildiyi"
də qeyd edilib. Studiyanın AKP-yə çatdırdığı hesabatda "əksik
sözlərin kompüter səsləndirməsi ilə tamamlandığı" faktı da ortaya
çıxıb. Səs yazıları haqqında detallı qeydlər aparılaraq yaradılan
hesabatın qısa müddətdə Baş nazir Ərdoğana təqdim ediləcəyi
bildirilir.