Yuxarı

Kainatın sirri: başlanğıc və son varmı? - Şumer

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şumer sivilizasiyası dünya ictimaiyyətinə hələ də qaranlıq qalan və ən çox maraq doğuran mövzulardan biridir. Dünya alimləri illərdir şumerlərin dünyanın yaranması və inkişafı ilə bağlı fikirləri haqda müzakirələr aparır.

Axar.az Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin "E06000.002 - Şumerlər kainatın formalaşması haqqında" əsərindən növbəti yazını təqdim edir.

(Əvvəli burada)

Kainat və zaman haqda təbiətşünasların düşüncələri

Zaman zülmkardır. O öz şıltaqlığı ilə fərqlənir və hər bir yüzillikdə edənlərə və danışanlara yeni gözlə baxır (İohan H.Göte).

Zaman bizim üstümüzdən ötür, lakin onun kölgəsi bizim arxamızda qalır (N.Qotorn).

Biz şumerlərin Kainatın formalaşması haqqında düşüncələrinə münasibətimizi bildirdik və onların əllərində laboratoriyalar, tədqiqat institutları olmadığı, həmçinin, elmi biliyin formalaşmadığı halda Kainatın yaranışı, zaman və məkan münasibəti haqqında dürüst fikirlər söylədiklərinin şahidi olduq. Ancaq elmin inkişafı boyunca Kainatın və insanların yaranışı və bu fonda zamanın statusu həmişə filosof və təbiətşünasları düşünməyə məcbur etmişdir. Başqa sözlə, Kainat və Zaman məsələsinin həlli həmişəyaşar problemə çevrilmişdir. Onlar bu cür suallara cavab axtarışında olmuşlar. Zaman Kainatın yeganə, həqiqi, dürüst ölçü vahididirmi? Zaman yalnız və yalnız bir istiqamətdəmi axır, cərəyan edir və ya onu geri döndərmək mümkündürmü? Bu gün keçmişin davamı, gələcəyin başlanğıcıdırmı? Zamanın başlanğıcı vardırmı? Əgər zamanın başlanğıcı vardırsa, onda onun sonu da vardır. Əgər Kainat əbədi mövcuddursa, deməli, onun nə başlanğıcı, nə də sonu vardır. Onda zamanın da nə başlanğıcı, nə də sonu vardır. (Ситчин Захария Армагедон откладывается. От начало времени до судного дня. М: Эксмо, 2006).

Elmi biliyin inkişafının müxtəlif dövrlərində zaman anlayışına müxtəlif yanaşmalar olmuşdur. Fəlsəfi ensiklopediyalarda zaman anlayışı belə şərh edilmişdir: bütün mexaniki, üzvü və psixi proseslərin axını forması, hərəkət, dəyişmə və inkişafın imkan şərti kimi ( Новая Философская Энциклопедия. Т.1. М.: "Мысль", 2001) dünyada bütün maddi sistem və proseslərin vəziyyətlərinin ardıcıl əvəzlənməsi və varlığın sürəkliliyini ifadə edən materiyanın varlığının ən ümumi forması – atributu kimi (Философский Энциклопедический словарь. М.: "Советская энциклопедия", 1983) zaman hadisələrin bir-birini əvəzləməsinin baş tutduğu sonsuz mühitdir. Bəzən dünyaya və insanlara təsir edən güc kimi də baxılır.

Avqustinə görə zamanın 3 ölçüsü vardır: indiki, keçmiş və gələcək. İndikinin keçmişə münasibəti yaddaş, indikinin indikiyə münasibəti qavrayış, indikinin gələcəyə münasibəti gözləmədir. Lanoya görə, məkan bizim nəhəngliyimizin, zaman isə gücsüzlüyümüzün işarəsidir (Философский словарь. М. : Международные отношения. 2000). Platon zaman anlayışına bütün mövcudatın varlığı və təşəkkül tapana ayrılmasının kontekstində yanaşmışdır. Burada birinci əbədi mövcud olandır, ikinci isə zaman boyunca yaranıb məhv olanlardır. Onun fikrincə, zaman əbədi mövcud olanın hərəkətsiz obrazdır. (Новая Философская Энциклопедия. Т.1. М.: "Мысль", 2001).

Məsələnin bu cür qoyuluşu yenidən başqa sualları gündəmə gətirir. Kainatın mahiyyəti nədən ibarətdir? Onun haqqında nəyi bilirik və bunu biz necə öyrənirik? Əgər hesab etsək ki, Kainatın başlanğıcı vardır, onda bu başlanğıca qədər nələr olmuşdur, hansı hadisələr baş vermişdir? Kainat zamanının mahiyyəti necədir və hansı əlamətlərlə müəyyənləşdirilmişdir? Bu zaman nə vaxtsa sona çata bilərmi? (Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008). Fizika, astronomiya və bütövlükdə təbiətşünaslıq sahəsində əldə olunmuş nailiyyətləri danmaq qeyri-mümkündür. Bununla yanaşı, göstərilən suallara mümkün cavabların verilməsində hələ də boşluqlar həddən çoxdur. Elə bir dövr gələcək ki, bu cavabların heç biri Yerin Günəş ətrafında fırlanması kimi şübhə doğurmayacaq. Bu məsələnin həllinin özünün də zamana ehtiyacı vardır.

Elmin inkişafında göstərilən sualların cavablandırılmasına müxtəlif dövrlərdəki yanaşmaların mahiyyətini açmaq üçün təbiətşünaslığın inkişafına qısa ekskurs edək. Hələ b.e.ə. 340-cı ildə yunan filosofu Aristotel özünün "Göy haqqında" kitabında Yerin yastı, boşqaba bənzər yox, kürə kimi dairəvi olduğunu göstərmişdir (Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).

Aristotelin belə fikrə gəlməsinin kökündə Yer, Ay və Günəş arasında olan zaman Ay tutulması hadisəsi dayanmışdır. Yəni onun gəldiyi qənaətə görə, Yer Aya həmişə dairəvi kölgə salır. Bu ona görə olur ki, Yer kürə formasındadır. Əgər Yer yastı diskə malikdirsə, onda Aydakı kölgə uzadılmış ellips formasında olardı. Ancaq şumerlər Aristoteldən çox-çox əvvəl və ondan fərqli olaraq Yerin kürəyə bənzər yox, yastı diskə oxşar olduğunu göstərmişlər (Редер Д.Г. Мифы и легенды древнего двуречья. М.: Мысль, 1965).

Aristotelin yuxarıda söylənilən fikirlərinin bazasında yunanların özlərinin gəmi səyahətləri zamanı topladıqları təcrübə durur. Bu təcrübəyə görə onlar bilirdilər ki, Qütb ulduzları Şimal hissəyə nəzərən Cənubda daha aşağıda müşahidə olunur. Aristotel Qütb ulduzlarının Yer kürəsinin Şimal və Cənub hissəsində müşahidələr nəticəsində alınmış fərqləri, həmçinin Misir və Yunanıstan ərazisində Qütb ulduzlarının duruşu əsasında ekvatorun uzunluğunu hesablamışdır.

Bununla yanaşı yunanlar Yerin kürəyə bənzər olması ilə bağlı üçüncü dəlili ortaya qoydular: Əgər Yer dairəvi deyildirsə, onda nə üçün üfiqdə peyda olan gəminin yelkəni gəminin özündən tez görünür? (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н. Самородинской. - СПб.: Амфора, 2008).

Aristotel hesab edirdi ki, Yer hərəkətsiz dayanır, Günəş, Ay, planetlər və ulduzlar dairəvi şəkildə onun ətrafında fırlanır. Onun bu fikrinə görə Yer Kainatın mərkəzidir. II əsrdə Ptolemey Aristotelin kosmoloji modelini tamamilə inkişaf etdirmişdir. Onun fikrincə, Yer mərkəzdə dayanır, Ay, Günəş, Merkuri, Venera, Mars, Yupiter və Saturn onun ətrafında fırlanır. Ptolemeyə görə planetlərin özləri onlara aid sahələr üzrə kiçik dairələr üzrə hərəkət edir. Bunu onunla izah edir ki, planetlərin özləri mürəkkəb yol keçirlər. Axırıncı sahədə ulduzlar bir-birinə eyni vəziyyətdə olur və göydə vahid tam kimi hərəkət edir. O, bu sahəni bəşəriyyətin müşahidə etdiyi Kainatın bir hissəsi adlandırmışdır (Хокинг С. Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).

1514-cü ildə N.Kopernik Günəşin hərəkətsiz olaraq mərkəzdə dayanması, Yer və digər planetlərin onun ətrafında dairəvi orbit üzrə fırlanmasına əsaslanan modeli qurdu. Təxminən yüz ildən sonra İ.Kepler və Q.Qaliley onun irəli sürdüyü ideyanı müdafiə etdilər. 1609-cu ildə Q.Qaliley Aristotel- Ptolemey modelinin yararsız olduğunu sübut etdi və özünün ixtira etdiyi teleskop vasitəsi ilə Göyün gecə vaxtında müşahidələr apardı. O öz teleskopunu Yupiterə doğru istiqamətləndirərək onun ətrafında bir neçə peykin dövr etdiyini aşkarladı. Bu o deməkdir ki, Aristotel və Ptolemeyin fikirləşdiyi kimi yox, yəni bütün göy cisimləri Yerin ətrafında birbaşa yox, dolayısı, vasitəli dövr edə bilər. Eyni zamanda, İ.Kepler Kopernikin nəzəriyyəsini modifikasiya edərək planetlərin dairə üzrə yox, ellips üzrə hərəkət etdiyini göstərdi. Onun irəli sürdüyü ideya müşahidənin nəticələri ilə üst-üstə düşdü. Lakin İ.Kepler planetlərin Günəş ətrafında maqnit gücünün təsiri altında dövr etməsi faktını nəzərə almamışdır.

1687-ci ildə İ.Nyuton "Natural fəlsəfənin riyazi başlanğıcı" əsərində nəinki maddi cisimlərin zaman və məkan çərçivəsində hərəkəti nəzəriyyəsini yaratdı, həm də göy cisimlərinin hərəkətləri üçün zəruri mürəkkəb metodları işləyib hazırladı. Bununla yanaşı, o, ümumdünya cazibə qanununun postulatlarını işləyib hazırladı. Bu nəzəriyyəyə görə Kainatda hər cür cism onların böyük kütlələri və onlar arasındakı kiçik məsafəyə görə biri digərinə böyük güclə cəzb olunur. İ.Nyuton bununla da göstərdi ki, Ay qravitasiya gücü sahəsində Yerin ətrafında ellips orbiti üzrə hərəkət edir, Yer və digər planetlər Günəş ətrafında elliptik orbit üzrə fırlanır. İ.Nyuton 1691-ci ildə Riçard Bentliyə ünvanladığı məktubunda öz nəzəriyyəsinin sonlu məkan sahəsində və ulduzların sayının sonlu olduğu halda doğru olduğunu qeyd etmişdir. Deməli, məkanın və ulduzların sayının sonsuzluğu halında İ.Nyuton nəzəriyyəsi öz əhəmiyyətini itirmiş olur (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).

Kainatın sonsuzluğunda istənilən nöqtəni istənilən şəraitdə mərkəz hesab etmək olar. Bu baxımdan həmin mərkəzdən hər tərəfə ulduzların sayını da sonsuz hesab etmək olar. Elmin inkişafının bu səviyyəsində Kainatın sonsuz statistik modelini qurmaq qeyri-mümkündür, çünki qravitasiya gücü həmişə qarşılıqlı cazibə gücü kimi qalmaqdadır (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008). Bununla yanaşı, həm də ulduzlar və ulduzlararası münasibətlər də dinamik və daimi dəyişkəndir. XX əsrin əvvəllərində belə bir fikir formalaşmağa başladı ki, Kainat ola bilsin ki, genişlənsin, ola bilsin sıxılaraq daralsın. Təbii ki, bu fikirlər fonunda hamının gəldiyi qənaət bundan ibarət olmuşdur ki, Kainat ya həmişə dəyişməz vəziyyətdə mövcud olmuş, ya da zamanın hər hansı anında yaranmışdır. Bu onunla izah olunurdu ki, insanlar əbədi həqiqətə, Kainatın da əbədi və dəyişməz qalmasına inanırdılar.

1823-cü ildə alman filosofu Henrix Olbers Kainatın sonsuz statistik modelinin əksinə çıxdı. Onun fikrincə, uzaq ulduzlardan gələn işıq onun yolunda qarşısına çıxan cisimlərin sayəsində ya zəifləməlidir, ya da sönməlidir. Buradan belə bir nəticə çıxır ki, ulduzlar həmişə parıldamır. Belə bir sual ortaya çıxır ki, ulduzlar nə üçün yandırılmışdır? Kainatın zamanın hansı anında meydana gəlməsi, onun hansı məkanda məhdudlaşması məsələsinə İ.Kantın 1781-ci ildə nəşr etdirdiyi "Xalis zəkanın tənqidi" əsərində baxılmışdır. O, bu məsələni xalis zəkanın antinomiyaları (ziddiyyətləri) adlandırmışdır. İ.Kantın Kainatın zəruri başlanğıcı haqqında tezisi və onun əbədi mövcudluğu haqqında antitezisini eyni dərəcədə nə sübut, nə də təkzib etmək olar. Kant tezisini əsaslandırmaq üçün belə dəlilərə istinad etmişdir ki, əgər Kainatın başlanğıcı yoxdursa, onda hər cür hadisə sonsuz zaman dövrlərini qabaqlamış olardı. O, bunu absurd adlandırmışdır. Kant öz antitezisini isə belə əsaslandırırdı ki, əgər Kainat başlanğıca malikdirsə, deməli onu sonsuz zaman dövrləri qabaqlamışdır, onda nə üçün Kainat zamanın başqa anında yox, məhz bu anında meydana gəlmişdir? Onun gəldiyi qısa nəticələr bundan ibarət olmuşdur ki, Kainatın əbədi mövcud olub və ya olmamasından asılı olmayaraq, zaman keçmişdə sonsuz olmuşdur. (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).

Kainatın mahiyyəti, onun başlanğıcı və sonu haqqında bilik elmi nəzəriyyələr sayəsində verilir. Başqa sözlə, Kainatın modeli nəzəriyyələrdə öz əksini tapır. Deməli, nəzəriyyə - nəzəri modeldir. Bu cür modellər bizim beynimizdə formalaşır. Nəzəriyyələri o zaman düzgün hesab etmək olar ki, onlar aşağıdakı prinsiplərə tabe olsunlar:

1. Müşahidə olunan geniş hadisələr sinfi müəyyənləşdirilməli və ayrılmalı, sonra isə model çərçivəsində dəqiq təsvir olunmalıdır.

2. Qurulmuş model gələcəkdə aparılacaq müşahidələrin nəticələrinə nəzərən müəyyən qabaqsöyləmə funksiyalarını həyata keçirməlidir. Karl Popperə görə prinsipcə eksperimental təkzib olunmayan qabaqsöyləmələr verən nəzəriyyələr daha dəqiq, daha dürüstdür. Başqa sözlə, eksperimentlərlə təkzib olunmayan qabaqsöyləmə verən nəzəriyyələr yaşamaq hüququnu qazanmış olur. Əgər bir yeni müşahidə nəzəriyyə ilə uyğun gəlmirsə, onda o sıradan çıxır. Təbii ki, eyni obyekt haqqında mövcud nəzəriyyələrdən axırıncısı əvvəlkinin genişlənmiş variantı olur (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).

Bu gün alimlər qarşısında duran əsas məsələlərdən biri Kainatın bütövlükdə modelini verən vahid nəzəriyyənin yaradılmasıdır. Alimlər qarşıda duran bu məsələni həll edərkən onu şərti olaraq iki hissəyə ayırırlar: Bunlardan birincisi, Kainatın zaman oxu boyunca hərəkətini tənzimləyən qanunların və qanunauyğunluqların aşkar edilməsi, ikincisi isə Kainatın başlanğıc vəziyyətinin müəyyənləşdirilməsi problemidir. Hal-hazırda Kainatı iki xüsusi nəzəriyyə təsvir edə bilir. Bunlardan biri ümumi nisbilik nəzəriyyəsi, ikincisi isə kvant mexanikasıdır. Ümumi nisbilik nəzəriyyəsi Kainatın iri miqyaslı strukturunu və qravitasiya qarşılıqlı təsirini, kvant mexanikası isə həddən ziyadə kiçik miqyaslı hadisələri, nəsnələri təsvir edir. (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008). Deməli, ən iri ölçülülərlə ən kiçik ölçülülər arasında qarşılıqlı əlaqə və təsirin müəyyənləşdirilməsi elm qarşısında həllini gözləyən ən vacib məsələlərdəndir. Bu cür qlobal miqyaslı məsələlərin həlli isə xüsusi nəzəriyyələr vasitəsilə reallaşa bilməz. Əgər hesab etsək ki, Kainat müəyyən qanunlara tabe olaraq inkişaf edir, onda Kainat haqqında bütün xüsusi nəzəriyyələri onu tam, bütöv təsvir edən ümumi nəzəriyyə halında birləşdirmək zərurəti ortaya çıxmış olar (Хокинг С.Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).

Təbii ki, Kainatın ümumi mənzərəsini verən nəzəriyyələrin yaradılması həmişəyaşar problem olaraq hələ də qalmaqdadır. Qeyd etdiyimiz kimi, şumerlər Kainatın başlanğıc nöqtəsi olaraq ucu-bucağı görünməyən okeanı və bu əsasda meydana gələn tanrıların obrazı ilə verilən Göy, Atmosfer və Yerin əksikliklərinin vəhdəti və mübarizəsini, başqa sözlə, Tanrıların "səma döyüşlərini" götürmüşlər.

Biz bu bölümdə Kainatın modelinin qurulmasına qısa tarixi ekskurslar etdik. Lakin Kainatın formalaşmasının ilkin çıxış nöqtəsi haqqında məsələyə toxunmadıq. Burdan belə bir sual ortaya çıxır ki, Kainat zamanın hansı anında və hansı müstəvidə meydana gəlmişdir? Bu suala cavab axtarmaq üçün biz "Böyük partlayış" və zaman münasibətinə geoxronologiyanın üfüqlərində cavablandırmağa çalışdıq.

(Ardı var)

Tarix
2016.02.12 / 11:44
Müəllif
Nazim Hüseynli
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla