Gənc repçi Kabusun sabaha planlaşdırılan "Ergenekon"
adlı konsertinə polislər mane olub.
Konsertin elanı təxminən iki ay bundan öncə verilsə də, polislər
məhz bu gün axşam saatlarında konsertin keçiriləcəyi "Vətən"
kinoteatrına gələrək, konsertin qeyri-qanuni olduğunu
bildiriblər.
Konsert təşkilatçılarından Elvin Mahmudovun bildirdiyinə görə,
onlar bu gün axşam səs avadanlıqlarını konsertin keçiriləcəyi zala
aparanda onları Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis
Bölməsinin sahə müvəkkili və başqa 3 polis qarşılayıb: "Bizə
dedilər ki, siz konsertlə bağlı bizə müraciət etməmisiniz, ona görə
də bu konsert qanunsuzdur. Dedilər, biz onlara müraciət etməli
idik, onlar da təhlükəsizliyi yoxlayıb bizə icazə verməli idilər.
Amma bunu niyə konsertə saatlar qalanda dediklərini bilmədik.
Halbuki "Vətən" kinoteatrı dövlətin nəznindədir və burda baş verən
hər şey barədə məlumat olur".
İdarə bölmədən xəbərsizdir
Nəsimi Rayon Polis İdarəsinin növbətçisi, mayor Səbuhi Ələsgərov
bildirib ki, bölmənin bu qadağasından polis idarəsinin xəbəri
yoxdur: "Bizdə bu barədə məlumat yoxdur. 22-ci polis bölməsinin
niyə bu addımı atdığını bilmirik".
Kinoteatrdan isə qeyd ediblər ki, bu günə qədər olan orda keçirilən
konsertlərin heç birində belə problem yaşanmayıb. Konsert üçün heç
bir icazə də alınmayıb.
Polis çəkilişə də mane oldu
Nəsimi Rayon 22-ci Polis İdarəsində polis serjantı Abbasov,
22-ci Polis bölməsində isə növbətçi polis kapitanı Yahya Mahmudov
çəkiliş aparmaq istəyən "Etatist.com", "Axar.az" və "Qaynar.info"
əməkdaşlarına çəkiliş aparmağa imkan verməyib.
Bizə dəyən maddi ziyan ödənməlidir
Məsələ ilə bağlı açıqlama verən Milli Fikir Mərkəzinin sədri
Şəhriyar Məcidzadə bildirib ki, biz gənclərimizin dövlətimizə
inancını aşılamağa çalışırdıq. Amma polis gəldi və hər şeyi
yerdən-yerə vurdu. Biz etatizmi - dövlətçiliyi təbliğ edirik.
Dövlətin qanunları beləmi işləyir? Hardan çıxıb "qapalı yerdə
yığıncaq, konsert keçirmək üçün polisə müraciət etmək lazımdır"
qanunu? Belə bir qanun varsa, iki ay müddətinə hər gün konsert
xəbərini işıqlandırdığımız halda polis niyə bir gün qalmış xəbər
tutur?
Bu qanun izah olunmalıdır, bizə maddi və mənəvi zərər dəyib və
bunlar da ödənməlidir. Qanunsuzluğu kim törədibsə, o da
cəzalanmalıdır. Biz bütün mümkün vasitələrdən istifadə edib, qanuni
haqqımızın bərpasına nail olacağıq".