Gənc reper "Kabus"un solo
konsertinin keçirilməsinə polis imkan verməyib.
"Axar.az" xəbər verir ki, saat 14:00-da keçirilməsi nəzərdə
tutulan konsertə polislər müdaxilə edərək təşkilatçıları "Vətən"
kinoteatrına buraxmayıblar.
Konsertin keçirilməsinə mane olmaq üçün əraziyə Nəsimi Rayon
Polis İdarəsinin rəis müavini və bir sıra yüksək rütbəli polis
zabitləri gəliblər. Konsert təşkilatçılarının verdiyi məlumata
görə, onlar konsertə gələnlərin bir yerə toplaşdığını görüncə
müdaxilə ediblər. "Özünü təqdim etməyən polis mayoru "Kabus"a
yaxınlaşaraq ondan ərazini tərk etməyi tələb etdi. "Kabus" onun
tələbini yerinə yetirməyincə tərəflər arasında qısa müddətli
gərginlik yaşandı. Sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavini
polislərdən ərazini tərk etməyi tələb etdi. Maraqlısı odur ki,
polislər artıq 15:00-da getmişdilər. Elə buna görə də konsertimiz
baş tutmadı".
Konsert təşkilatçıları həmçinin biletlərin bir hissəsinin artıq
geri qaytarıldığını deyiblər: "Konsert ləğv olunmayıb, bir
müddətlik təxirə salınıb. Qısa müddətdə konsertin keçiriləcəyi yer
və vaxt bildiriləcək". "Kabus"da təşkilatçıların dediyi sözləri
təsdiqləyib.
Vətən kinoteatrının əməkdaşı isə ümumiyyətlə bu müəssisədə belə
bir situasiyanın heç baş vermədiyini bildiriblər: "İndiyə kimi
burda çox sayda konsert icazə alınmadan keçirilib, lakin belə bir
hadisə baş verməyib. Mən özüm də çaşıb qalmışam".
Qeyd edək ki, dünən axşam saatlarında Nəsimi Rayon Polis
İdarəsi, 22-ci Polis Bölməsinin əməkdaşları və şəxsən bölmə
rəisinin müavini İsa Babaşov Vətən kinoteatrına gələrək konsert
keçirilməsinə icazə verilməyəcəyini bildirmişdi.