Dünyanın ən məşhur
siyasətçilərinin çıxışları ilə yanaşı, onların şəxsi həyatından
müxtəlif məqamlar da insanlar üçün hər zaman maraqlı olub. Bunlar
sırasında dünya liderlərinin avtomobillərini misal göstərmək
olar.
Axar.az bunu nəzərə alaraq, 7 dünya liderinin istifadə etdiyi
xidməti avtomobillər haqqında məlumatı oxuculara təqdim edir:
Angela Merkel
Dünyanın ən nüfuzlu qadınlarından olan Almaniya kansleri ictimai
və siyasət məsələlərində olduğu kimi, şəxsi həyatında da qənaətə
üstünlük verir. Angela Merkel çoxmənzilli binada yaşayır və
mərasimlərdə bir neçə dəfə eyni paltarda görünməkdən utanmır.
Avtomobilinə gəldikdə isə kansler heç də onun üçün xüsusi
yaradılmış limuzində deyil, Almaniyaya məxsus "Audi"də gəzir.
"Audi"nin interyeri nisbətən lüks avtomobillərə bənzəyir. Bu
maşının mobil ofis, həmçinin, mini barı da var.
Fransua Olland
Angela Merkeldən fərqli olaraq, Fransa Prezidenti Fransua Olland
"Citroen DS5"-də gəzir. Olland öz inaqurasiya mərasiminə məhz bu
maşında gəlmişdi. Fransua Ollanda qədər isə "Citroen DS5"
eks-prezident Şarl de Qolla məxsus olmuşdu. Eks-lider hətta 1962-ci
ildə bu avtomobildə hücuma məruz qalmışdı.
Barak Obama
ABŞ Prezidenti Barak Obama xidməti avtomobil kimi dəbdəbəli
limuzin olan "Cadilac One"-dan istifadə edir. Bu avtomobilə
"təkərlər üzərində olan oval ofis" də deyilir. Maşın qumbara
partlayışına tab gətirə bilən gücləndirilmiş zirehə malikdir.
Müxtəlif mənbələrə görə, maşının qiyməti 1 milyon dollara
qədərdir.
Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin "Mercedes Pullman S600"
avtomobilində gəzir. Bu avtomobilin uzunluğu 6 metrdən çoxdur.
Təkərlər üzərində rahat ofislə təchiz olunan "Mercedes Pullman"
kiçik silah və qumbara partlayışından qorunmaq imkanına malikdir.
Həmçinin o, qəzanın önlənməsi və yanğının söndürülməsinə qarşı
müdafiə sistemi ilə təchiz edilib. "Mercedes Pullman"ın qiyməti
təxminən 1 milyon dollardır.
Devid Kemeron
İngiltərənin Baş naziri Devid Kemeronun xidməti avtomobili tünd
göy rəngli "Jaguar XJ Sentinel"dir. Bu avtomobilin qiyməti 110 min
dollar məbləğində dəyərləndirilir.
Si Çzinpin
Çinin dövlət başçısı Si Çzinpin Çin istehsalı olan "FAW Hong Qi
HQE" limuzini ilə səfərlərini yerinə yetirir. Bu avtomobilin debütü
2009-cu ilin oktyabrında Çin Xalq Respublikası quruluşunun 60-cı
ildönümündə baş verib. Ekspertlər maşının dəyərini 600 min
dollardan 1,2 milyon dollara qədər qiymətləndirirlər.
Esixiko Noda
Yaponiya dünya avtomobil istehsalçıları arasında aparıcı
ölkələrdən biridir. Bu səbəbdən Yaponiyanın Baş naziri Esixiko
Nodanın yerli avtomobillərə üstünlük verməsində təəccüblü bir şey
yoxdur. Onun qarajında iki xidməti maşını var. Onlardan biri
"Toyota Century", digəri isə "Lexus LS 600h L"dir.