Avtomobilin normadan artıq yanacaq sərf etməsi çoxlarını
narahat edən məsələlərdən biridir.
Avtomobil mütəxəssisi Şahin Qasımov avtomobilin hansı səbəbdən
normadan daha çox yanacaq sərf etməsi ilə bağlı Axar.az-a
danışıb.
5 müxtəlif səbəb
Avtomobilin normadan daha çox benzin sərfiyyatının hansı
səbəbdən yaranmasına adətən standart cavablar verilir. Məsələn,
orta sürət, təkərlərin hava təzyiqi, əlavə komfort yüklənməsi,
kondisioner, işıqlar, şüşələrin açıq saxlanılması, əlavə kütlə və
s. Avtomobil mütəxəssisi tərəfindən aparılan araşdırmaların
sayəsində bu məsələnin 5 müxtəlif səbəbdən irəli gəldiyi aydın
olub. Məhz Azərbaycanda mövcud olan avtomobillərdə də benzin
sərfiyyatının artması əsasən 5 səbəbdən yaranır.
Periodik xidmət hissələri
Düzgün seçilməyən və dəyişilmə vaxtı gecikdirilən periodik
xidmət hissələri bu problemi yaradan səbəblərdən biridir. Həmin
xidmət hissələrinə yağları və fitrləri misal göstərmək olar. Bu isə
yanacaq sərfiyyatının artmasında 3-5 faiz arası rol oynayır.
Köhnəlmiş mexaniki hissələr
Köhnəlmiş mexaniki hissələr yanacaq sərfiyyatının miqdarını
artıran və ən çox yayılan amillərdən hesab olunur. Belə ki, bəzi
insanlar qiymətinin ucuz olduğuna görə yürüşü yarım milyona çatmış
avtomobil alır. Bu qədər yürüşü olan bir avtomobilin isə bütün
hərəkət hissələri yeyilmiş halda olur. Nəticədə güc itkisi əmələ
gəlir. Bu itkini bərpa etmək üçün isə mühərrik daha gərgin rejimdə
çalışır və avtomatik olaraq yanacaq normadan daha artıq sərf
olunur.
"İnjektor" sistemi
Püskürtmə və yanacaq sistemi... Hamının "injektor" kimi tanıdığı
bu sistemin sıradan çıxması yaxud iş prinsipinin pozulması və
bundan əlavə yanacaq sistemində olan problemlər avtomobilin daha
çox yanacaq sərf etməsi ilə nəticələnir.
"Datçik"lər və elektronik
hissələr
Mühərrik sensorları (datçik) və digər elektronik hissələrin
nasazlığı da yanacağın çox işlənməsinə səbəb olur. Mühərrik işə
düşür, avtomobil hərəkət edir və kompüter diaqnostikası hər hansı
problem olduğunu göstərmirsə, bu, tam olaraq avtomobildə hər şeyin
qaydasında olduğu anlamına gəlmir. "Datçik" və digər elektronik
hissələri adətən müəyyən vaxtdan bir test edirlər. Alınan cavablar
müxtəlif və standarta uyğun gəlmədiyi halda avtomobil normadan
artıq yanacaq sərf edəcək.
Katalizator və "lamda" sensoru
Qiyməti ucuz olduğuna görə Azərbaycana gətirilən və ölkə
bazarına salınan avtomobillərin əksəriyyətində yürüş çox olduğuna
görə katalizator xarab vəziyyətdə olur. Mühərrik "boğulduğuna" görə
bəzi ustalar avtomobil sahibinə bunu söküb atmağı məsləhət görür.
Onların "mənasız şeydir" deyib çıxarıb atdıqları katalizatorun
olmaması nəticəsində avtomobilin zəhərli qaz tullantılarına nəzarət
sistemi pozulur. Məhz bu səbəbdən mühərrik daha çox yanacaq sərf
edir. Analoji hal "lamda" sensoru xarab olanda da baş verir.
Yanacaq sərfiyyatının normadan artıq olmaması üçün sürücülərə
ili köhnə, yürüşü çox olan avtomobil almamalarını tövsiyə edirəm.
Bundan əlavə, avtomobil sahibi periodik baxış hissələrini zamanında
dəyişməli, filtr və yağ seçimini düzgün etməlidir. Katalizator
sistemi xarab olduğu halda isə mütləq yenisi ilə əvəzlənməlidir.
Onun içini boşaltmaq və katalizatorun yerinə boş qazan qoymaq heç
bir halda müsbət nəticə verməyəcək. Ümumilikdə hər bir avtomobildə
mühərrik, sensorlar 6 aydan bir yoxlanmalı və yanacaq sistemi təmiz
saxlanılmalıdır. Bunun üçün mütəmadi olaraq xüsusi qatqılardan da
istifadə etmək olar.