Azərbaycandakı maşın
bazarlarında kəskin ucuzlaşma baş verib.
Fins.az-ın
məlumatına görə, buna səbəb dünya iqtisadiyyatında baş verən son
tənəzzüldür.
"Yanacaq sərfiyyatına və sığorta xərclərinə
baxırlar"
Artıq alıcılar avtomobili alarkən indiyədək o qədər də ciddi
nəzərə alınmayan məsələlərə - ehtiyat hissələrinin qiymətinə,
yanacaq sərfiyyatına, hətta sığorta xərclərinə də diqqət edirlər.
Maşınların qiymətinin aşağı düşməsinə taksilərlə bağlı yeni
standartların tətbiqi də səbəb olub. Bütün bunlar avtomobillərin
kəskin ucuzlaşması ilə nəticələnib. Bəzi modellərdə ucuzlaşma 50%-ə
çatır. Hətta satılmadığına görə 80-100 min manat ucuzlaşan
avtomobillər də var.
"14 ay bazarda qalandan sonra 16 min manata
satıldı"
Avtomobil satıcıları alverin olmamasından narazıdırlar. Maşın
bazarında və avtomobil salonlarında çalışanlar bütün günü müştəri
gözləməklə keçirirlər. Satıcılar bildirir ki, ötən il ay ərzində
10-12 maşın satılırdısa, indi 3-4 avtomobil satmaq mümkün deyil.
Maşınlarla maraqlananlar da kəskin azalıb. Olanlar isə avtomobilə
görə çox ucuz qiymət təklif edirlər.
Avtomobil satışlarının azalması nəticəsində qiymətlər də xeyli
ucuzlaşıb. Məsələn, avtomobil satıcısı Oley Şamxalov bildirib ki,
iyul ayında 18900 manata satılan "Mersedes E 200" avtomobilini
hazırda 9-10 min manata alan tapılmır. Onun sözlərinə görə
tanışlarından birinə Almaniyadan "Mersedes E 220" avtomobili alıb
gətirmək 22 min manata başa gəlib. Avtomobil bazarda 14 ay qalandan
sonra 16 min manata, həm də hissə-hissə ödəməklə satılıb. Üstəlik,
həmin şəxs avtomobilin satılmadığı dövrdə bazarda saxlanılmasına
görə 2 min manat da ödəməli olub.
"Mersedes", "Toyota", "KİA" və "Hunday"lar kəskin
ucuzlaşıb
Bəzi maşınların qiymətində isə az qala ikiqat ucuzlaşma var. Bir
neçə ay əvvəl alıcılar arasında çox populyar olan "Mersedes E Klass
350" avtomobili 28 min manatdan 16 min manata kimi ucuzlaşıb.
2014-cü il model 2.4 litr mühərrikli "Hyunday Sonata" avtomobili
25 min manatdan 16 min manata, eyni istehsal ilinə və eyni
mühərrikə malik "KİA Optima" avtomobili isə 23 500 manatdan - 15
min manata kimi ucuzlaşıb. Bir il əvvəl 18-19 min manata asanlıqla
satılan 3,8 litr mühərikli 2008-ci il model "Mitsubişi Pajero" indi
11-13 min manata təklif edilsə də, alan yoxdur.
Avtomobil satıcısının sözlərinə görə, "Toyota" avtomobilləri də
10 min manata kimi ucuzlaşıb. Məsələn, əvvəl 38 min manata satılan
2009-cü il model "Toyota Prado"nun qiyməti 22 min manata kimi
ucuzlaşıb. Ötən il 35 min manata satılan 2,7 litr mühərrikli
2012-ci il model "Toyota Prado" isə hazırda 25 min manata təklif
edilir.
"Opel" avtomobilləri isə ümumiyyətlə su qiymətinə düşüb - bu
maşınlar 5-6 min manata kimi ucuzlaşıb. O.Şamxalovun sözlərinə
görə, 2008-ci il model "Opel Vektra" əvvəl 13 min manata
satılırdırsa, indi qiymətlər 7 min manata enib. 1998-2003-cü il
model 1,6-1,8 mühərrikli "Opel Astra" isə 8 min manatdan 2-4 min
manata qədər ucuzlaşıb.
Böhran kiçik biznes avtomobillərini "vurub"
Bəzi avtomobillərin satışının azalması isə iqtisadi böhranla
bağlıdır. Bununla bağlı xüsusilə də biznes modellərinin satışı
azalıb. O.Şamxalov "Fiat" avtomobillərinin satılmamasını kiçik
biznesin azalması ilə əlaqələndirib. Məsələn, əvvəl hər hansı kiçik
yük daşımalarda əlverişli olan bu avtomobillərin qiyməti 50% aşağı
düşüb. Əvvəl 15 min manata satılan 2012-ci il model "Fiat"lar indi
müştərilərə 10 min manata təklif edilir.
Bu avtomobillər 40-80 min manat ucuzlaşıb
Satıçıların sözlərinə görə manatın ucuzlaşmasından sonra
avtomobil alıcıları qənaətə üstünlük verməyə başlayıblar. Buna görə
də iri mühərrikli və bahalı avtomobillər daha çox ucuzlaşıb. Son
illər Bakının imkanlı təbəqəsi arasında populyar olan və statusu
nümayiş etdirən "Leksus", "Gelandevagen", "Mazerati", "Bentli",
"Porşe" və "Rənc Rover" kimi bahalı markaların qiymətləri 40-100
min manat arasında ucuzlaşıb. Məsələn, əvvəl 100-105 min manata
satılan 2012-ci model 5.7 litr mühərrikli "Leksus" hazırda 50-55
min manata satılır. 6.3 litr mühərrikli 2013-cü il model
"Gelandevagen" isə 150 min manatdan 100-95 min manata kimi
ucuzlaşıb. Tanışlar öz aralarında bu avtomobili 110-120 min manata
alırlar. 2012-ci model 4.7 litr mühərrikli "Mazerati Kardexo"
avtomobili ötən il 145 min manata satılırdı. Bu il isə onun qiyməti
80-95 manata kimi ucuzlaşıb. 2012-ci il model 4.8 l mühərrikli
"Porşe Panamera" avtomobilin qiyməti 110 min manatdan 60-65 min
manata enib.
"Bentli"lərin qiyməti də göydən yerə "enib"
Ən böyük ucuzlaşma isə "Bentli" və "Rənc Rover" avtomobillərində
müşahidə olunur. bu avtomobillər nə az nə çox 80 min manat
ucuzlaşıb. 190 min manatlıq 5.0 l mühərrikli 2014-cü il model "Rənc
Rover"lər 110-115 min manata satılır. 2012-ci il istehsalı olan
"Bentli Kupe" avtomobilinin qiyməti isə 520 min manatdan 200 min
manata enib.