Son beş gündə paytaxtda baş verən avtobus qəzalarında 3
nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, ölkə gündəmini zəbt edən bu mövzu
fevralın 24-də Nizami rayonunda baş verən hadisə ilə alovlanıb.
Metronun Qara Qarayev stansiyası yaxınlığında 62 saylı xətt
marşrutu üzrə hərəkət edən 90 HS 692 dövlət nömrə nişanlı marşrut
avtobus "Nissan" markalı minik avtomobili ilə toqquşub. Nəticədə
sərnişin Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib, 13 nəfər isə
müxtəlif bədən xəsarətləri alıb.
Bu hadisədən cəmi 3 gün sonra Yasamal rayonunda 63 saylı xətt
üzrə hərəkət edən "Daevo" markalı sərnişin avtobusu ana və qızını
vurub. Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın xəstəxanada
keçinib. 16 yaşlı qızının isə vəziyyəti ağırdır.
Silsilə avtobus terroru bu gün də davam edib. Maştağa
qəsəbəsində 172 saylı marşrut avtobusu idarəetmədən çıxaraq yol
kənarında dayanan iki məktəblini vurub. İki qardaş olan
məktəblilərdən biri hadisə yerində ölüb, digəri isə xəsarət alıb.
Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.
İctimai nəqliyyatda ölümlə nəticələnən qəzaların artan xəttlə
inkişaf etməsi cəmiyyəti düşündürən əsas problemlərdən biridir.
Mütəxəsislərin iddiasına görə, yol polislərinin avtobus sürücüləri
ilə mülayim davranması, bəzən onların yol hərəkəti qaydalarını
kobud surətdə pozmalarına rəğmən, ciddi ölçü götürməmələri nəticədə
belə faciələrə rəvac verir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Vaqif Əsədov Axar.az-a açıqlamasında bu iddiaları
qətiyyətlə rədd etdi:
"Əgər kimsə avtobus sürücülərinin cəzalanmadığını düşünürsə,
buyursun, bizim cərimə meydançalarına baxsın və özü şahid olacaq
ki, kobud qayda pozan sürücülər cəzalanır, avtobuslar isə marşrut
xəttindən çıxarılır.
Məsələn, dünən Bakı şəhəri üzrə keçirilən reyd zamanı 3 avtobus
cərimə meydançasına aparılıb. Gün ərzində isə avtobus sürücülərinə
qarşı 50-dən artıq inzibati protokol tərtib edilib. Eyni zamanda,
ötən həftə 700-dən çox elektron protokol toplanıb. Ən çox isə
təhlükəli manevrlər etmə və yolayrıcılarını keçmə qaydalarını
pozduğuna görə sürücülər məsuliyyətə cəlb edilib.
Bu gün Bakı şəhəri üzrə hərəkətin təhlükəsizliyinin təmin
edilməsi və asayişin qorunması üçün mövcud texniki vasitələrimiz
varsa, hərəkətə tam nəzarət edib tədbir görə biliriksə, hərəkət
iştirakçıları niyə polisin bu addımlarını görmür?
Təkcə kameraların köməkliyi ilə gün ərzində 100-dən çox avtobus
sürücüsü barəsində tədbir görülməsi üçün fotomateriallar
hazırlanır. Avrobus sürücüləri yanaşı durub söhbət edəndə belə
onların görüntüsü qeydə alınır".
V.Əsədovun sözlərinə görə, avtobus qəzaları zamanı polisi
günahlandırmaq düzgün deyil:
"Təəssüf ki, bizim qəribə mentalitetimiz var. Polisi görəndə
hamı bütün qaydalara əməl edir, polis olmayanda isə qaydaları
pozur. Amma polisin sözügedən ərazidə olub-olmamasına baxmayaraq,
bütün sürücülər bilməlidirlər ki, polis müşahidə kameraları
vasitəsilə hər zaman nəzarət edir və kobud qayda pozuntuları
cəzasız qalmır".