Birinci Avropa Oyunlarının məşəli mayın 14-də
Goranboydan sonra kurortlar şəhəri Naftalana gətirildi. Özünün
müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin
sakinləri yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl
estafetini böyük coşqu ilə qarşıladılar.
Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural Məmmədov
Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Dörd kilometr
məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar şəhər
sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev parkına
gəldilər.
Naftalan uşaq gənclər idman məktəbinin məşqçi-müəllimi Fuad
Əliyev burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq
ilk Avropa Oyunlarının sonunadək "Bakı-2015"in rəmzi kimi
Naftalanda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim
edildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa
Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx
göstərildi.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan şəhər sakinlərinin
bir neçəsi ürək sözlərini AZƏRTAC-la bölüşdü. Körpələr evi-uşaq
bağçasının müdiri Kəmalə Hüseynova: "Birinci Avropa Oyunlarının
məşəl yürüşünü üzlədiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu tarixi
hadisə ilə bir daha dünyaya göstərdik ki, Azərbaycan gənc müstəqil
dövlət olmasına baxmayaraq, ən inkişaf etmiş ölkələrin belə
öhdəsindən gələ bilməyəcəyi işi uğurla həyata keçirir. Ölkəmiz
təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda, idman sahəsində də
yeni-yeni uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda
keçirilməsi də bunun məntiqi nəticəsidir".
Səməd Vurğun adına 2 nömrəli orta məktəbin müəllimi Aygün
Əliyeva isə dedi: "Belə mötəbər bir yarışa Azərbaycanın ev
sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir.
Bildiyimiz kimi, bu cür beynəlxalq və məsuliyyətli yarışlara ev
sahibliyi etmək heç də hər ölkəyə qismət olmur. Burada ölkənin
iqtisadi inkişafı, idman sahəsində qazandığı nailiyyətlər,
infrastruktur və digər bu kimi amillər önəmli rol oynayır. Bütün
bunlar isə Azərbaycanın timsalında daha aydın görünür. Buna görə də
belə mötəbər idman tədbirinə ev sahibliyi etmək ölkəmizin
haqqıdır".
Birinci Avropa Oyunlarının həm də ölkəmizin dünyada təbliğində
mühüm rol oynayacağını söyləyən Naftalan şəhər xəstəxanasının
həkimi İlhamə Hüseynova bildirdi ki, idmançılarımızın Olimpiya
Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları
medalların sayı ildən-ilə artır: "Söz yox ki, respublikamızın ev
sahibliyi etdiyi bu Oyunlar da uğurla başa çatacaq. Bu tədbir təkcə
idmançılarımızın qələbəsi ilə deyil, eyni zamanda, Azərbaycanda
idmanın daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli
mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq".