Üç gün öncə başlayan
futbol üzrə Dünya Çempionatı (DÇ) həmişəki kimi maraqlı olması
baxımından digərlərindən seçilir. Rəsmi məlumatlara görə, bu
çempionatı 3,2 milyard insan izləyəcək.
Axar.az xəbər verir ki, DÇ komandaların tərkibi ilə yanaşı, bir
çox başqa xüsusiyyətləri ilə də marağı cəlb edir.
DÇ ilə bağlı maraqlı araşdırmalar aparan "Blumberq" saytı bu
dəfə də ciddi mövzuya toxunub. 1 ay ərzində Braziliyada top qovacaq
komandaların geyimlərini hazırlayan firmalar haqqında statistik
məlumatı nəzərinizə çatdırırıq.
Araşdırmaya əsasən, çempionat ərzində yarışacaq 32 komandanın
27-nin geyimini 3 firma hazırlayır. Dünya brendi hesab edilən
"Nayk" ("Nike"), "Adidas" və "Puma" bu bazarı əldə saxlayıb.
"Nayk" hazırda 32 komandadan onunu geyimlə təmin edib. Ötən
illərin statistikasına nəzər salsaq, görərik ki, əvvəlki illərdə bu
rəqəm daha çox olub. Bu rəqabətdə ikinci yeri "Adidas" tutur.
Təxminən 9 ölkə yığması "Adidas"ın, 8 dövlətin komandası isə
"Puma"nın hazırladığı geyimi geyinəcək.
ABŞ brendi hesab edilən "Nayk" Avstraliya, Braziliya, Xorvatiya,
İngiltərə, Fransa, Yunanıstan, Niderland, Portuqaliya, Cənubi
Koreya və doğma ABŞ-ın futbol komandalarını geyimlə təmin edir.
Argentina, Bosniya və Herseqovina, Kolumbiya, Yaponiya, Meksika,
Nigeriya, Rusiya, İspaniya və Almaniya komandalarını elə sonuncu
ölkənin ən tanınmış firması olan "Adidas" geyim forması ilə təmin
edir.
Futbol komandalarını geyimlə təmin edən Almaniyanın digər bir
firması "Puma"dır ki, bu geyim nəhəngi Əlcəzair, Kamerun, Çili,
Qana, İtaliya, Fil Dişi Sahili, İsveçrə və Uruqvaya paltar
paylayır.
Dünya Çempionatında iştirak edən qalan 5 komanda isə başqa geyim
firmaları ilə müqavilə imzalayıb. Cənub qonşumuz İran Almaniyaya
məxsus "Uhlsport", Kosta-Rika İtaliyaya məxsus "Lotto", Belçika
İsveçrəyə məxsus "Burdda", Honduras İspaniyaya məxsus "Joma Sport"
və nəhayət, Ekvador elə öz istehsalı olan "Maraton Sport" (Marathon
Sport) firmalarından geyimlə təmin olunacaq.
2013-cü ilin rəsmi statistikasına görə, "Adidas" FİFA-ya 2,4
milyard dollar, "Nayk" isə 1,9 milyard dollar köçürüb.