Yuxarı

14 yaşlı qız işgəncəyə görə evdən qaçdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara Ç

Bura bir qəsəbədir, adı “Qaraçı məhəlləsi” adlandırılır, halbuki burada qaraçılara nadir hallarda rast gəlmək olur...

Rayanın bu gün qanı qara idi. O, əhali ilə az təmasda olan əli və üz dərisi vaxtından tez qırışmış azsaylı qaraçılara aid idi. Üz- gözünü turşudub, bir sınıq daxma qarşısında oturmuşdu; əli ilə kirli, uzun ətəyinin balağını qatlayıb, bildiyi rəqəmləri beynində hesablayırdı. Həm hesablayırdı, həm də hesab edirdi ki, çoxsaylı külfəti bu gün gecikdiyindən, o, gündəlik evhaqqını da gecikdirəcək. Səkkiz uşağı olan Rayanın 53 yaşı vardı; qanında əsl qaraçı qanı axan bu qadının əcdadları Azərbaycana əsrlər öncə uzaq Hindistandan köçmüşdülər. Rayanın nənəsi Fainanın söylədiklərindən o zamankı uşaq yaddaşındakı xatirələrdən məlumatlı idi ki, əsl zadəgan həyatı yaşayan qaraçı tayfası məhz Hindistanda və Çində qəbilələr halında olub ki, indi bu rəvayətlər acı həqiqətlər qarşısında kölgədə gizlənmək məcburiyyətində idi.

Budur, uzaqdan şən uşaq səsləri eşidildi. Raya cəld ayağa qalxdı, kənarda qoyduğu yun döyəcləmək adı ilə ev sahibəsindən aldığı zoğal çubuğunu əlinə aldı. Uşaqlar yaxınlaşdıqca qaraçının rəngi qaralır, daha da vahiməli və əsəbi görünürdü. İlk yaxınlaşan oğlu Erik oldu. On yeddi yaşlı gənc oğlan ciblərini eşərək, ovuc dolusu qəpik-quruş çıxardı. Anası onun başına sığal çəkdi:

- Yıxılan evin dirəyisən, əsl qaraçı kimi yetişdin. Afərin oğlum!

Dörd qızından ən böyüyü olan on beş yaşlı Sabrina anasının əlindəki zoğal çubuğuna baxaraq, ona yaxınlaşmaqdan ehtiyat edirdi. Raya ona tərs-tərs baxaraq, “tez ol!” deyə əmr etdi. Sabrina çəkinərək ona yaxınlaşdı və ovcuna əvvəlcədən sıxmış manatları uzatdı. Anası qaşlarını çatdı:

- Niyə bu qədər az?

- Bu gün bir qızla qarşılaşdım. Bazar kənarında alver etmişdi, yükünə kömək etməyimi istədi və yaxınlıqdakı evlərinə getdik. Kömək etdiyim üçün məni yemək və şirniyyata qonaq etdi, yola salanda isə ətirli şal hədiyyə verdi.

Rayanın gözləri parıldadı:

- Hanı şal?

Qız ürkək-ürkək yamaqlı, kirli köynəyini qaldırdı, arıq qarabuğdayı bədəninə kəmər kimi bir neçə dəfə doladığı al-əlvan saçaqlı iri şalı tələm-tələsik açmağa başladı.

Anası qəhqəhə ilə gülməyə başladı:

- Görürsünüzmü? Uca Ra izn vermir ki, siz mənə yalan deyəsiniz. Özünüz biixtiyar bütün olanları-olmazları mənə danışırsınız, odur ki, nəbadə yalan deyəsiniz.

O, cəld Sabrinanın ona uzatdığı şalı əlinə aldı və qoxlamağa başladı:

- Çox imkanlıdır hər kimdirsə!

Saçaqlı şalı məmnunluqla süzüb, boynuna şərf əvəzi keçirdi.

Bu hesabat uzun sürdü. Artıq soyuq hava xəbərini yollayan yaz havası qaralmağa, öz sərin küləyini şıltaqlıqla onlara sarı yönləndirirdi ki, qəfil Raya soruşdu:

- Bəs Çonita? O haradadır?

Uşaqlardan səs çıxmadı. Birdən uzaqdan təlaşla onlara tərəf qaçan qızcığazın səsi eşidildi:

- Mən burdayam ana, gəlirəm!

Rayanın əhvalı pozudu. O, dörd qızının içində Çonitanı heç sevmirdi. Maraqlıdır ki, bir ana kimi də qayğısına qalmadığı Çonita ona heç zahirən də bənzəmirdi. Çonita doğulandan Rayanın işləri heç gətirmirdi: əri Serqan qazamata düşdü, körpəyə Rayanın anası Faina qulluq edirdi. Rayanın zoğal çubuğuna əl atdığını görən Çonita ona tərəf addımlarını zəiflətdi, qardaş-bacısının arxasında gizlənərək yalvarıcı səslə dedi:

- Laləgilə getdim...

Anası ucadan qışqırdı:

- Ra uzaq etsin, yenə də bu lənətə gəlmiş qız səni yolumuzdan döndərir!

“Ra” kəlməsini Çonita heç sevmirdi. Nənəsi Faina deyərdi ki, qədim çinlilərin və hindistanlıların sitayiş etdiyi günəş allahı Ra hər yerdədr və onarın arzularını sözsüz-söhbətsiz həyata keçirir. Dəfələrcə anasının kötəklərindən qurtulmağa can atan Çonita Raya yalvararaq, onu qorumağı diləsə də, günəş kökmdarı onu dinləməmişdi, əksinə, anasının kötəklərinə bacı-qardaşlarının lağ- lağaları da əlavə edilmişdi. Laləyə gəlincə isə, bu Rayagilin külfətinin yaxınlığında anası ilə bir otaqlı mənzildə yaşayan gənc tələbə qız idi. Çonita ona bütün qəlbi ilə bağlanmışdı. Qarlı- şaxtalı gecə ilə evə pul gətirmədiyi üçün bayıra atılan Çonita yeganə sığınacağı məhz Laləgildə tapırdı. Qız onun üzünə hər zaman evlərinin qapısını açardı. İstənilən zaman sorğu-sualsız onu yeməyə qonaq edər, sonra isə uzun-uzadı dərsə, məktəbə getməyinin vacib olduğundan danışardı. Lalənin pianosu da vardı. O, incə barmaqları ilə bu alətdə möcüzə dolu ecazkar mahnılar ifa edərdi və Çonitaya hərfləri öyrətməklə yanaşı, eyni zamanda notları da əzbərlədərdi.

Anası Raya qızının Laləylə ünsiyyətindən böyük qızı Sabrinadan eşitdi. Bir dəfə sübh tezdən tikiş fabrikinə tələsən Lalənin anası Sevdanın qarşısını kəsərək, qızının uşağından uzaq durmasını da demişdi. Amma Sevda xala Rayanın ailəsindən bixəbər deyildi. Odur ki, özünənməxsus cavabla işə gecikdiyini bəhanə edərək, ondan tələsik addımlarla uzaqlaşmışdı. Rayanın kin dolu beynində indi Sevdanın ona vaxtı ilə dediyi sözlər bir daha canlandı. Sevda ona, “Narahat olma, Raya, Çonita bizim evdə daha təhlükəsiz yerdədir və ona heç bir zərər gəlməz”, - demişdi. Təbii ki, bu sözün acığını Raya gecə ikən qızını çarpayıya bağlayıb o ki var döyməklə çıxmışdı. Amma nə faydası? Qız yenə də Lalədən əl çəkmirdi, Lalə isə öz növbəsində ona bildiklərindən, öyrəndiklərindən dərs keçirdi, Çonitanın hər yeniliyi asan və qıvraq qavraması ona xüsusi zövq verirdi. Hətta bir gün Lalə onun beyninə mükəmməl bir ideya da yeritmişdi: Çonita istəsə, bildikləri əsasında xüsusi imtahan verə bilər və attestat əldə edər, sonra isə universitetdə də oxumaq imkanı olar ki, bu artıq zavallı qızcığazda xoş gələcəyə bir ümid qığılcımı yaratmışdı.

İndi isə sərin və küləkli yaz havasının qaranlığında anasının qəzəbli baxışlarından gizlənən on dörd yaşlı Çonita növbəti zərbənin bədəninin hansı nahiyəsinə dəyəcəyini düşünürdü. Anası qəzəblə Çonitanın üstünə yeridi. Qızcığaz dartınıb qaçmaq istəsə də, əli qardaşının əlinə keçdi və oğlan anasına “yardım məqsədi ilə” Çonitanı yeni işgəncələr üçün saxlayırdı; bacı- qardaşları bu “tamaşadan” xüsusi zövq alırdılar. İlk zərbə düz əlinin üzərindən dəydi. İlk fikri artıq uzun müddət qələm tuta bilməyəcəyi oldu. Anasının xırıltılı səsi bütün məhəlləni bürümüşdü:

- Sən artıq hərf-mərf öyrənməyəcəksən! Kumanc dilimizi öyrən, bəsindir!

Bacısı Sabrina anasının odunun üstünə yağ tökürdü:

- Anacan, biz parsıq, biz qaraçıyıq! Bu isə nə qaraçıdır, nə pars! Bu heç Çonita da deyil!

Edqan da bacısına qoşuldu:

- Hə, Sabrina, bu qaraçı deyil, “Qara Ç”-dır.

Onlar Çonitanı hərflərə, elmə olan sevgisinə görə məhz bu cür adlandırırdılar. Adının baş hərfi və rənginin hədsiz qarabuğdayılığına görə öz aralarında qızçığaza məhz bu ləqəbi vermişdilər: “Qara Ç”.

Deyim var, insanın adının, adlandırılmasının həyatına təsiri böyükdür. Çonitanın həyatını onsuz da “ağ zolaqlı” adlandırmaq çətin olardı və dilənçiliklə yaşamağa vərdiş almış bacı-qardaşları onun gələcək taleyinə qarşı laqeyd və etinasız idilər; yəni bacıları Çonitanı “qaraçı” əvəzi “Qara Ç” ləqəbi ilə səsləyərək, onun gələcəkdə həyatının qara rəngə boyanmasıni bilsələr belə, buna tam etinasız yanaşacaqdılar.

Məhəllədəki qonsuları səs-küylərinə bərk-bərk qapı- pəncərələrini bağladılar. Cüt gedən iki qadından biri isə, “Yenə qaraçılar həyasızlıq edir”, - söyləyib, dərhal xoş ovqatı olmayan mühitdən uzaqlaşmağa çalışdı.

Çonita anasının əlindən qurtulmağa, onun daş ürəyini azacıq da olsa yumşaltmağa cəhd edirdi lakin, bütün cəhdlər boşa idi. Anası ev sahibəsindən “yun döyəcləmək üçün” aldığı çubuqla Çonitaya o ki var qüvvətli zərbələr endirirdi. Çonita yalvarırdı:

- Mən dilənmək istəmirəm, ana, məni buna məcbur etmə! İnsanlar mənə gülür, ələ salır!

Anasının qəzəbi daha da artırdı:

- Axmaq, insanların bizim adət-ənənələrimizdən nə xəbəri var? Bu bizim ənənəmizdir və sənin kimi nanəcib müqəddəs andımıza qarşı çıxır!

“And” dedikdə, Raya öz toy gecəsi ərinə verdiyi andı nəzərdə tuturdu. Bu ənənə əsrlərdir ki davam edirdi. Dünyanın hər yerində qaraçı qadınları evlənəcək ərlərinə toy gecələri and içirdilər ki, onların birgə həyatları boyunca dilənəcək, dolanacaq, yeddi-oba, yeddi kənd gəzəcək və ərlərini, uşaqlarını dilənçiliklə saxlayacaqlar. Ər bu andiçmə zamanı “həsir” adlanan quru qamışdan hörülmüş böyük səbətin içində gizlənir və yalnız andiçmə bitdikdən sonra səbətdən çıxaraq, qızın əri olmağa razılıq verir.

Raya da and içmişdi. Əri Serqanla uşaqlıqdan tanış idilər. Serqan onun rəfiqəsi Melisanı istəsə də, qollarındakı və boyun- boğazındakı qızılların ağırlığına görə məhz Raya ilə evləndi.

İndi isə Çonita var səsi ilə yalvarır, anasından mərhəmət diləyirdi. Anası “axı niyə bacı-qardaşların qazana bilir, sən isə çalışmırsan?” deyə qəzəblənirdi. Çonita bu günlərdə olmuş həqiqəti söyləməyə cürət tapdı:

- Pul versinlər deyə, ətəyimizi bir az qaldıraq söyləmişdin. Stansiyada tumsatan oğlan baldırımdan yapışdı... - O, ətəyinin balağını qaldırıb, göyərmiş budunu anasına göstərdi.

Növbəti zərbə gözlərinə qaranlıq çökdürdü. Raya bərk şillə ilə onun üzündən vurdu:

- Axmaq qız, o ki yatmadı səninlə! Bəhanə gətirmə! Pul qazan, ailə saxlamağı öyrən! And olsun Ra hökmdara ki, səni heç bir qaraçı and içdirməyəcək! Kötük kimi üzərimizdə qalıb, nəslimizə lənət olacaqsan!

Rayanın şillələri onun üzünü şaxtada sürətlə yağan dolu kimi döyəcləyirdi. Üsyanı üçün hədsiz dərəcədə ağır cəzalandırılan Çonita gözlərini çarpayıda açdı. Əlləri yatacağın paslı dəmirlərinə bağlanmışdı. Çonita dumanlı beyninin xəyal güzgüsündə olanları əks etdirməyə çalışdı. Anladı ki, əlləri anasının istəyi ilə bağladılmışdır və onun Laləgilə qaçıb getməməsinə uyğun bir “simvolik” adət idi. Onun ayıldığını görən səkkiz yaşlı balaca qardaşı Davud anasını səslədi. Çox güman ki, bu, ona Raya sarıdan verilən tapşırıq idi. Raya əlində dəmir nimçə gəldi. Ağzında nə isə ətə bənzər tikə gövşəyirdi.

- Ayılmısan, balaca ləçər?

O, çeynədiyi tikəni çıxarıb nimçəyə atdı və uşaqların hamısını adbaad səslədi. Çarpayını devrəyə alan bacı-qardaş Çonitanın yalvarışlarına və ağlamağına baxmayaraq, nimçəni onun xirtdəyindən içəri tökdü. Çonita nimçədəkinin nə olduğunu bilirdi. Bu, axşam yeməyindən sonra qabların bulaşıq suyu idi ki, çox vaxt yal halında Çonita çöl itlərinin həyətdəki qablarına tökərdi. Bu dəfə isə “cəza” olaraq bu tullantıya məhz Çonita özü “qonaq oldu” və bu mənəvi “sındırılma prosesindən” sonra on üç yaşlı Çonita öz beynində dərhal həyatı üçün əhəmiyyətli olacaq qərarı verdi. Uzun-uzadı düşünmədən, beynindəki öncədən canlandırdığı planlara artıq indidən daxilən hazır idi: ilk dayanacağı məhz qonşuları Laləgilin evi olacaqdı. Lakin qısa, iki- üç saatlıq vidalaşmadan sonra o, buranı tərk etməli idi. Çünki yoxluğundan duyuq düşən anası dərhal onu burada soraqlamağa göstəriş verə bilərdi. Odur ki, tezliklə ona olmazın yaxşılıqlar etmiş bu gözəl insanların məkanını tərk etmək məcburiyyətində qalacaq; sonra isə qaraçı, daha doğrusu, Qara Ç- nın həyatına daha bir burulğan dolu tale qucaq asacaq. Lakin bütün bunlar sonra baş verəcəkdi.

Çox sonra...

Ardı Burada

Tarix
2019.02.04 / 01:42
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla