Yuxarı

Evdən qaçan qız necə milyonçu oldu...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli BURADA

Həyata baxışın iki növü var: ya möcüzələrə inanmamaq, ya da həyatın özünün bir möcüzə olduğunu sanmaq.

Albert Eynşteyn

Sübh tezdən Çonita anasının xırıltılı bağırtısına oyandı. Raya uşaqlarınının adlarını bir-bir çəkərək, onların harada dilənəcəyi barədə göstəriş verirdi. Sonrakı hökmlü tapşırıqdan məlum oldu ki, Çonita böyük bacısı Sabrina ilə dəmiryol vağzalına gedərək, gecəyə qədər orada “çalışaçacaq”. Əslində isə Çonita bilirdi ki, Sabrina onun yanında sadəcə on-on beş dəqiqə qalacaq, sonra həmişəki kimi qeybə çəkiləcək.

Çonita çoxdan bilirdi ki, ala gözlü, yetişmiş böyük bacısı artıq bir müddətdir gənc hərbçi ilə naməlum istiqamətə gedərək, dilənçilik biznesini başqa “işlə” əvəzləyir və qızın anasına gətirdiyi qəpik- quruş əvəzi şax kağız pullar məhz zabitin ona bəxşişidir. Çox güman ki, ətirli şalı da ona məhz sözügedən oğlan bağışlamışdı ki, Sabrina anasının vahimə dolu baxışı altında özünü ələ verərək, bəxşişini sözün əsl mənasında itirmiş oldu.

Bacı-qardaşlarının bütün sirlərindən agah olan Çonita onları heç bir zaman analarına təslim etməzdi. Əksinə, hər zaman bacı-qardaşının səhvləri olduqda günahı öz üzərinə götürən Çonita indi nə dərəcədə düzgün addım atdığının bir daha şahidi oldu. Beynində öncədən cızdığı plan əsasında qəsəbəni tərk etməyə üç saata yaxın zamanı vardı. Sabrina Çonitanın “çənədən çürük olmadığını” və onu ələ verməyəcəyini bilərək, kiçik bacısından arxayın halda öz sevimli məşğuliyyətini daha artıq müddətə davam etdirə bilərdi. Çonitaya bu cür vəziyyət tam əl verirdi; bu uzun müddət ərzində vağzaldan geri qayıdaraq, Laləgilə gedə bilər, sonra yenidən evlərinə baş çəkər, əvvəlcədən “qaraladığı” lazımi kiçik əşyalarını da götürüb, ürəyində hər axşam lənətlədiyi bu qəsəbəni biryolluq tərk edərdi.

Zabit onları həmişəki kimi dəmiryol vağzalına yaxın parka gedən yolda gözləyirdi. Sabrina oğlanı uzaqdan görcək bacısı tərəfə baxmadan, “Edqanla qarşılaşsan, deyərsən ki, bazara getmişəm” deyərək, qaça-qaça gəncə doğru getdi. Gənc oğlan ürkək-ürkək ətrafa boylanaraq, Sabrinanı eyş-işrət üçün nəzərdə tutduğu istiqamətə tərəf apardı. Çonita düşündü: “Görəsən, Sabrina Çonitanı sonuncu dəfə görəcəyini bilsəydi, ona qarşı münasibəti necə olardı?”

Bir anda Çonita bacısına səslənmək, ona sarılmaq istədi, lakin anasının yanında hər zaman “yerini şirin edən” Sabrinanın onun nəvazişlərindən şübhələnərək, “tədbir” görməsindən ehtiyatlanıb, dərhal fikrindən daşındı. Sabrina gözdən itən kimi Çonita dərhal gəldiyi yol ilə qəsəbəyə geri döndü. İti addımlarla kirayə qaldıqları evlərinin yanından sürətlə ötdü, həyəcanla Laləgilin qapılarında dayandı. Zəngə qapını Lalənin anası açdı. Sübh tezdən Çonitanın evlərinə gəldiyini görən Sevda xala təlaş içində ətrafa boylandı:

- Nə baş verir, Çonita? Səni yenə evdə incidiblər?

Çonita şəhadət barmağını həyəcandan göyərmiş dodaqlarına sıxdı. Sevda xala dərhal qızın əlindən tutub, onu evə çəkdi. Lalə artıq dərsə getməyə hazırlaşırdı. Pencəyini geyinə-geyinə güzgüdə Çonitanı görən qız karıxdı:

- Nə olub sənə?

Çonita Laləni görcək, yeganə sirdaşına sarıldı, hönkür-hönkür ağlamağa başladı:

- Lalə bacı, mən artlq bu cür yaşaya bilmirəm. İşgəncələrdən bezmişəm!

Lalə qızı sakitləşdirməyə çalışdı. Göz yaşları leysan təki Çonitanın üzündən aşağı, göyərmiş boynuna-boğazına doğru şığıyırdı. Lalə zavallı qızcığazın hələ dünən qalın kəndirlə çarpayısının dəmirlərinə sarılan əllərinə və bu işgəncədən acı xatirə kimi biləklərinə həkk olunan dərin yara izlərinə baxdı. Lalə nifrətini və qəzəbini gizlədə bilmirdi:

- Anan da olsa, deyəcəm, o da atan kimi qazamata düşməlidir! Bəlkə belədə onun daş ürəyi yumşalar. İnsan da heç bu cür zalımlıq edərmi öz balasına qarşı?

Bayaqdan bəri susan və matı-qutu qurumuş Sevda xala söhbətə müdaxilə etmək və gərginliyi bir qədər yumşaltmaq istədi:

- Bəlkə də o Çonitanın heç anası da deyil! Allah bilir, yazıq qızcığazı haradan oğurlayıb!

Lalə gözlərini anasına zillədi:

- Ana, bəsdir, sən Allah! Qızın bu ağır durumunda onun beynini lazımsız şübhələrlə yükləmə!

Lakin ağıllı Çonita üçün Lalə tərəfindən lazımsız adlandırılan şübhə böyük bir ideya idi. Heç doğum haqqında şəhadətnaməsi belə olmayan Çonita anası tərəfindən axtarılıb tapılardısa, ondan qurtulmağın yeni yolu uşaq vaxtı Raya tərəfindən oğurlanmasını öyrəndikdən sonra evlərini tərk etməsi barədə “nağılı” olacaqdı. Görünür, Lalənin ona öyrətdikləri və oxumağa verdiyi kitablardan mənimsədiyi məlumatlar hədər deyildi.

Çonita öz qaçış planını Lalə və Sevda xala ilə bölüşdü; artıq bu qəsəbədə qala bilməyəcəyini, gözü gördüyü yerə gedəcəyini dilə gətirdi. Lalə uzun müddət susqunluq içində göz yaşlarına boğularaq, dəhşətli həyatını anladan zavallını dinlədi. Qəfil dilləndi:

- Günəş! Necə ola bilər ki, mən onu unudum?!

Günəşlə bağlı heç nəyi sevməyən Çonita əslində söhbətin nə ilə bağlı, daha doğrusu, kimdən getdiyini yaxşı anlayırdı. Günəş Lalənin universitet rəfiqəsi idi. Bir-iki dəfə Çonita onu Laləgildə də görmüşdü. O zaman anasının kötəklərindən canını qurtarmağa çalışan Çonita həmişəki kimi Laləgilə sığınmışdı. Olduqca zəngin ailədən olan Günəş qızı görcək Lalədən istehza ilə soruşmuşdu:

- Bu qaraçının burada nə işi var? Qorxmursunuzmu nəyinizisə əkişirə bilər?

O zaman Lalə uzun-uzadı Çonitanın tam fərqli olduğunu anlatmışdı. Günəş Çonita tərəfə baxmasa da, öz fikrində qətiyyətli idi; ərköyün qız əsnəyə-əsnəyə: “Baxın da, məndən xəbərdaqlıq etməkdir”, - demişdir.

Günəşin sözləri Çonitanın ürəyinə bıçaq kimi sancılsa da, qızcığaz o zaman susmağı üstün tutmuşdu. İndi isə deyəsən, amansız tale onu daha bir sürprizlə üz-üzə qoyurdu: özü də sırf Günəşlə üzləşməyə vadar edirdi.

Lalə Çonitaya baxmadan əlini telefonuna atdı, dərhal əzbər bildiyi nömrəni yığdı:

- Alo, Günəş? Qulaq as, çox təcili bir məsələni həll etməliyik. Yadındadırmı, sən mənə bağ evinizə qulluqçu axtardığınızı deyirdin. - Telefonda eşitdiyi cavabdan Lalənin üzündə məmnunluq yarandı: - Mənə xatir, Çonitanı işə götür!

Hiss olunurdu ki, qarşı tərəf Laləni uzun-uzadı sorğu-sual edir. Lalə Günəşə Çonitanı onların evlərində gördüyünü dedi:

- Hə, hə, ay sağ ol, həmin qaraçı qızdır. Amma vallah, Günəş, inan mənə ki, o bildiyin, eşitdiyin başqa dilənçi qaraçılar kimi deyil! Zavallı qız çalışmaq, halal yol ilə yaşamaq istəyir!

Hiss olunurdu ki, Günəş razılaşmaq istəmirdi, Lalə isə onu dilə tutaraq, Çonitanın durumunun çox çətin olduğunu deyirdi. Lalə rəfiqəsinə hətta yalvarmağa başlamışdı.

Nəhayət, Lalə sevinclə dedi:

- Sağ ol, Günəş, sən həqiqətən də Günəşsən! Çox sağ ol, mənim gözəl dostum! Mən sənə söz verirəm, Çonita sənin etimadını heç bir zaman yanıltmaz! İnan mənə!

O, söhbətin davamını universitetdə edəcəkləri vədi ilə rəfiqəsi ilə xudafizləşdi. Dərhal da kiçik çantasından dəftər-qələm çıxarıb, nə isə tələm-tələsik yazmağa başladı. Sonra kağızı dəftərdən ayırıb, dörd yerə bükərək onu Çonitanın ovucuna sıxdı:

- Bu, Günəşgilin ev ünvanıdır. Səni bu gün gözləyirlər, - dedi. Sonra qızı süzərək: - Yox, belə bir görünüşdə getmək olmaz, - deyə qəti narazılığını bildirdi.

On beş dəqiqə isti suda yuyunan Çonita bir qədər özünə gəldi. Hamamdan çıxanda Sevda xala ona çay-çörək də hazırlamışdı. Lalə isə dolabından xeyli paltar çıxarıb öz-özlüyündə hansı geyimin Çonita üçün daha uyğun olacağını düşünürdü...

Çonita güzgüdə özünü tanımadı: Lalənin qısa ətəyi və qırmızı köynəyində başqa adam olmuşdu.

Sevda xala Çonitaya evlərinə getməyi məsləhət görmədi:

- Raya səni bu görkəmdə görsə, bizim hamımızı sürgün edər!

Lalə də dərsə gecikdiyini və taksi sifariş edəcəyini bildirdi. Laləni universitetdə düşürən sürücüyə qızı bərk-bərk tapşırdı: “Xanımı dediyi ünvanda düşürərsiniz!”

“Xanım” kəlməsini Çonita özü barəsində ilk dəfə idi eşidirdi. O, ürəyində Lalə və Sevda xalaya bildiyi xoş dualardan edir, gələcəkdə mütləq onların etdikləri yaxşılıqlara görə xüsusi minnətdarlıq edəcəyini indidən öz nağıllarla dolu beynində şəkilləndirirdi.

Taksi iri bir binanın yanında dayandı. Çonita bu cür evləri Lalənin ona verdiyi nağıllarla dolu kitabların şəkillərində görmüşdü. Ürkək-ürkək qapının zəngini sıxan qızcığaza qapını yaşlı bir kişi açdı. Özünü “nağıllardakı evin” gözətçisi adlandıran baba Çonitaya evin xanımını dəhlizdə gözləməsini tapşırdı.

Qızcığaz anladı ki, Günəş onun gəlişi ilə bağlı artıq valideynlərini xəbərdar edib, odur ki, səbirlə bu malikanənin sahibəsini gözləməyə başladı. Bir neçə dəqiqə sonra ev sahibəsi çəhrayı məxmər geyimdə mərmər pilləkənləri ağır-ağır enməyə başladı. Gözətçi Çonitanı malikanənin kraliçası ilə təkbətək qoyaraq, dərhal qeybə çəkildi. Özünü Larisa adlandıran tatar əsilli xanım sadəliyi ilə bir o qədər fərqlənməsə də, adətən varlıların bağışladığı əcaib yekəxana xüsusiyyətlərdən də uzaq idi. Qızı Günəşdən fərqli olaraq, daha səmimi və daha şirindil olan qadın Çonitaya ailəsi barədə heç bir sual vermədi, sadəcə olaraq, ev işlərini görüb-görə bilməyəcəyini soruşdu. Özündən kiçik bacı-qardaşlarının daim qulluğunda dayanan Çonita ev işlərini bacardığını, hətta yemək hazırlaya bildyini də sevinclə vurğuladı. Çonitanın adını tez-tez unudan dəbli xanım onu başqa necə adlandıra biləcəyini soruşdu. Çonitanın üzünə kədər çökdü. İstər-istəməz hələ səhər ayrıldığı narahatlıqlarla dolu həyatı gözləri önündə canlandırdı. Qeyri-ixtiyari istədi özünü “Qara Ç” adlandırsın, amma bir qüvvə onu bu ifadəni səsləndirməməyə, özünü sıxıb saxlamağı vadar etdi. Təbəssümlə ev sahibəsinə, “Narahat olmayın, tədricən adımı yaddaşınızda saxlaya biləcəksiniz”, - dedi.

Larisa xanım Çonitanı üç mərtəbəli evlərinin otaqları ilə bir-bir tanış etdi. Çonitanın qalacağı otaq evin birinci mərtəbəsində idi. Larisa Çonitaya ilk iş günü dincəlməyi tapşırdı. Yeganə istəyi isə mümkün qədər otağındakı əşyalar ilə səs salmaması idi. Buna səbəb kimi bəstəkar oğlunun gecələr “yaradıb”, gündüzlər isə yatdığını dedi:

- O royalda ifa edir və ona görə də otağı birinci mərtəbədədir, düz sənin otağının yanında.

Larisa xanımın “bəstəkar oğul” kəlməsinə Çonita o zaman diqqət yetirməsə də, qısa vaxt ərzində indiki naməlum insanın onun həyatında böyük rol alacağını sonralar asanlıqla duyub-hiss etdi. Renatla Çonita malikanəyə gəldiyi günün axşamı qonaq otağında qarşılaşdı. Yataq otağından yuxulu gələn Renat kal baxışlarla xeyli müddət qarşısında dayanan gənc qızı süzməyə başladı. Sonra çaş-baş qalmış ev sahibi qızdan soruşdu: “Sən kimsən?”

Çonita utanaraq: “Mən Çonitayam”- dedi.

Renatın marağı daha da artdı:

- Mən də Renatam. Bəs sən bu evdə nə edirsən, Çonita?

Qızcığaz evə gəldiyi zaman Renatın istirahət etdiyini və anası ilə tanışlığından, ev işlərində ona yardımçı olacağından danışdı. Renat nə isə öz-özlüyündə düşünməyə başladı. Sonra Çonitaya təbəssümlə baxaraq: “Ailəmizə xoş gəldin”, - dedi. Bu söz Çonitanın yaralı qəlbinə məlhəm kimi yayıldı. Ailəsi ola-ola ailənin nə olduğunu anlamayan qızcığaz özünü yeni evdə elə ailəsində olduğu kimi hiss etməyə başladı.

Ailə üç nəfərdən ibarət idi. Günəşlə Renatın atası olduqca mötəbər insan olubmuş, düz dörd il əvvəl ürək çatışmazlığından dünyasını dəyişibmiş.

Gecə-gündüz dərsləri ilə məşğul olan Günəş Çonita ilə qarşılaşmamağa alışırdı. sEvin bütün təmizlik işlərini xüsusi bacarıqla yerinə yetirən Çonitadan isə Lairsa xanım xüsusi razılıq edirdi.

Aylar keçir, illər bir-birini əvəzləyirdi. Artıq Çonitanın on səkkiz yaşı tamam olmuşdu. Ailə üzvlərindən fərqlənməyən Çonitaya bir gün evin ağıllı və yaraşıqlı iyirmi beş yaşlı oğlundan təhsil almaq təklifi gəldi. O, qızı otağına dəvət edərək, onun kitablara marağı haqqında söz açdı. Çonita tez-tez Renatdan oxumaq üçün kitablar alar, iş-gücü bitirəndən sonra oxuyardı. Bir müddətdən sonra Çonita Renatın şəxsi istəyi ilə xarici dil kurslarına yazıldı. Qısa zamanda kursları da müvəffəqiyyətlə bitirdi.

Renatın üzərində xüsusi diqqətini hiss edən Çonita sadə və alicənab gənc oğlana qarşı biganə deyildi. Çox güman ki, gənc oğlan da qıza qarşı müəyyən xoş duyğular bəsləyirdi ki, hər yerə artıq Çonita ilə bərabər gedirdi, qızı isə qulluqçuları kimi deyil, sırf ailəvi tanışları kimi təqdim edirdi.

Renat bildiyi və qavradığı bütün kübarlıq nümunələrini Çonitaya öyrədir, ona qarşı xüsusi həssaslıqla davranırdı.

Çonita Renatla övladının olacağını gec anladı. Bu barədə çox oxumuşdu, lakin təcrübəsiz idi. İndi isə hamiləlik halının gələcək qərarını Renatla bərabər həyəcan içində qəfil xəbər olaraq söylədikləri Larisa xanımdan gözləyirdilər.

Günəş artıq universiteti bitirib xarici şirkətlərdən birinə işə düzəlmişdi, anası və qardaşından ayrı, müstəqil yaşayırdı. Qardaşının Çonita ilə macəra dolu həyatına qarışmayan qızın öz şəxsi həyatı vardı ki, bu barədə heç kimlə bölüşmürdü. Odur ki, Çonitanın hamiləlik məsələsinə də Günəş laqeyd yanaşdı. Beləliklə, son söz Larisa xanımın idi.

Qadın onları qonaq otağında xeyli pərişan durumda gözləyirdi. İlk sualı Çonitaya oldu:

- Niyə münasibətlərinizi açıq söyləmirdiniz?

Renat özü cavab verməyə tələsdi:

- Biz özümüz də bilmədən bir-birimiz üçün doğmalaşdıq, bir-birimizi sevdik, ana!

Larisa xanım köks ötürdü. Üç-dörd il ərzində o, bir dəfə də olsun Çonitadan inciməmişdi, əksinə, hər sözünü əlüstü yerinə yetirən bu tərbiyyəli qız onun ürəyində xüsusi rəğbət qazanmışdı. Larisa xanım oğuna yaxınlaşaraq sakit səslə dedi:

- Münasibətlərinizi rəsmiləşdirin!

Renat sevincdən qəhərlənərək, anasını bağrına basdı...

Bir il sonra eyni evdə Çonita ilə Renatın oğlu Raula dayə axtarılırdı. Əslində, Çonita oğluna özü baxmaq, şəxsən qulluğunda dayanmaq istəyirdi. Lakin ərinin Çonitaya hədiyyə etdiyi böyük ətir dükanına rəhbərlik etmək istəyini də yerə salmaq istəmirdi. Beyninin bir küncündə çoxdandır ki, Laləgilə getməyi də düşünən Çonita Sevda xalaya bahalı hədiyyə aparmaq istəyirdi.

O, hər kəsi düşünürdü, bircə çoxsaylı ailəsindən başqa. Ailəsi ilə bütün bağları tam kəsməyi, izləri silməyi qərara almışdı.

Lalə ilə telefon danışıqlarında Rayanın kirayədə qaldıqları evdən köçdükləri barədə məlumatlı idi. Lalə onların hansısa ucqar bölgəyə sürgün olunduqlarını söyləmişdi. Onu fikirlərindən Renatın ünvanlandırdığı müraciəti ayırdı:

- Əzizim, sabah dükanın açılışında möhtəşəm görünməlisən. Bir də, yardım et mənə: səncə, bu gözəlliyin adını nə qoysaq ürəyincə olar? Məncə, mağaza üçün sənin seçdiyin ad daha məqsədəuyğun olar, çünki o sənindir, gözəlim!

Çonita bir qədər düşündü. Beynində nə isə axtarırmış kimi əllərini buruq, qara saçlarında dolaşdırdı, sonra yaraşıqlı, cavan ərinin ətirli boynuna sarıldı:

- Əzizim, mağazanı “Qara Ç” adlandıraq. QARA Ç...

Tarix
2019.02.18 / 01:47
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla