Yuxarı

Qızı meşədə asmışdılar, üstünə yazmışdılar ki...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Səftər dayı cahil dünyasıyla tam anlamasa da, bu işin şeytansız ötüşmədiyini gözəl bilirdi, uşaqlıqdan əzbər bildiyi quran ayələrini xatırlayaraq, onları bərkdən söyləmək istəyi onda heç cürə alınmırdı. Beyni sanki iki yerə ayrılmışdı; düşünən başının yarımkürəsində gələn kəslərin insan olmaması düşüncəsi ilə heç cürə razılaşmadığından, digər ikinci yarımkürəni dinləyirdi... Lakin beyninə gələn fikirlər həqiqətlə heç cürə uzlaşmırdı...

Əvvəli burada

Vahimə məni bürüsə də, düşüncələrimdə qaynayan maraq dolu suallar iradəmə güc gəldi. Qadına sarı başımı əyərək, avtobusdakıların eşitməyəcəyi tərzdə soruşdum:

- Xanım, mənə bu gəlin barədə danışa bilərsinizmi?

Qadın təəccüblə mənə baxdı, sanki üz cizgilərimi əzbərləməyə çalışırdı:

- Danışaram, amma qorxuram...

Maraq məni bürüdü. Ehtiyatla sual etdim:

- Nədən?

Qadın qəribə tərzdə gülümsəyib üzünü yana çevirdi:

- Gecələr yuxunun ərşə çəkiləcəyindən...

Özlüyümdə iki-üç saniyə götür-qoy etdikdən sonra qeyri-adi danışıq üslubuna malik yol yoldaşımın söyləyəcəyi əhvalatın heç də buynuzlu satanistlərdən və ya buynuzları daxilində gizlədilən İqbal ilə bağlı başıma gətirilən macəralardan dəhşətli olmayacağını düşündüm:

- Mən qorxulu əhvalatları sevirəm, - dedim.

Qadın sanki ağır işə hazırlaşırmış kimi uzunqol ağ köynəyinin qollarını həvəslə çirmələməyə başladı:

- Yaxşı... O zaman dinlə, - dedi. - Uzun illər əvvəl bu kənddə Səftər adlı bir kişi yaşayırdı. Onun iki övladı vardı. Həyat yoldaşını erkən itirən kişi oğlunu tez evləndirmişdi; Tahirdən başqa evdə Səhər adlı yeniyetmə bacısı da böyüyürdü. Ailə kasıb dolansa da, zəhməti ilə çalışar, mehribançılıqla keçinərmiş. Bir il sonra evlərində yeni doğulan Nur adlı qızcığaz isə gəlişi ilə ailəyə daha çox sevinc və xoşbəxtlik gətirmişdi. Hər bir şey öz axarınca, öz qaydasınca davam edirdi. Lakin heç kəslə bir işləri olmayan ailənin sən demə başına gələcək bəlalar qarşıda imiş!..

Qadın fasilə verdi. Mən isə istər-istəməz narahatlıq keçirməyə başladım. Qadından danışacağı ailə ilə bağlı söyləyəcəklərini tezləşdirmək üçün sualları onun üzərinə güllə kimi yağdırmağa başladım:

- Ailəyə nə oldu bəs? Kasıb, heç kəsə zərər verə bilməyən insanlarla kimin işi ola bilərdi?! Bəla necə başladı?

Qadın köks ötürdü:

- Səhər hədd-büluğa çatar-çatmaz gözəlliyi və zərifliyi ilə bütün kənddə özünə maraq və sevgi yaratmışdı. Ona qohum-qonşudan saysız-hesabsız elçilər çıxırdı. Səhərin könlü isə Səlimdə idi. Səlim ondan iki sinif yuxarı oxumuşdu. Qız məktəbi bitirincə, Səlim də əsgərliyini çəkərək kəndə geri qayıtdı və südçülük fermasında sürücü kimi işə düzəldi.

Mənim üçün maraq yaradan məqamlar yarandı:

- Əgər oğlanla qız bir-birilərini sevirdilərsə, nə üçün evlənməyə çalışmırdılar? Nə idi onların sevgisinə mane olan?

Qadın:

- Əvvəlcə cavanlara heç nə mane olmurdu. Səlim elçi göndərmək istəsə də, qız evi Səftər kişinin qərarıyla bu məsələni yubadırdı. Evlənmələrinə gecikmənin əsas səbəbi Səlimin işləyərək toy tədarükünə pul yığmaq istəyi idi; elə Səhər də gəlinləri ilə cehizlik hazırladıqları üçün onlara bir qədər zaman lazım idi. Odur ki, heç kəs tələsmirdi. Amma günlərin bir günü qızını dünyalar qədər çox istəyən ata övladının məyus halda həyətdəki balaca hovuzda əksinə baxdığını hiss edir; sən demə qız otluqda oturaraq artıq uzun müddət imiş ki, suyla oynayırmış. Heç vaxt qızını bu qədər dalğın görməyən ata sonralar qızının bulaq başında eyni vəziyyətdə görcək qəlini Məsməni yanına çağırır:

- Səhərə de ki, Səlimgilə xəbər yollasın. Oğlan evi qız hələ məktəbdə ikən məni girinc etmişdi, - kişi deyir. - Qismət bu günəymiş, anışdırsın oğlana ki, adamlarını yollasın...

Məsmə Səhərə xəbəri söyləyəndə qızın heç tükü də ürpənməyibmiş! Əlində tutduğu nimçədə aram-aram su ilə oynayan gənc qız heç bir sevinc hissi keçirmədən gəlinin sözünə etinasız yanaşır. Axşamüstü Səhər Səlimin işlədiyi südçülük zavoduna yollanır. Yolu qısa etmək üçün qız sevgilisinin yanına kənd yolu ilə deyil, kəsə meşə yolu ilə gedir. Artıq hava yavaş- yavaş qaralırmış ki, Səhər kənddən xeyli uzaq düşdüyünü anlayır. Obasını körpəlikdən yaxşı tanıyan qız onun hər dağına-daşına bələd olduğuna baxmayaraq, gecənin vahiməli qaranlığı və gözlə görünməyəcək kələ-kötür yollarında üzü zülmət gecəyə doğru artan çaqqal ulaşmalarından qorxur; o meşənin zülmət qaranlığında gah o tərəf, gah bu tərəfə qaçır, titrətmə içində qorxudan nə edəcəyini bilmir...

Qadının danışdığı əhvalatın bu yerində həqiqətən də özümü bir anlığına Səhərin yerində hiss etdim. Tər məni basdı. Yazıq qızın nə hiss etdiklərini daxilimdə hiss edirdim sanki.

Qadın isə əhvalatını davam etdirdi:

- Bir qədər qaça-qovdan sonra Səhər tamamlə taqətdən düşür və nəhayət azdığını anlayır. Zavallı qız qaranlıq meşədə bir qoz ağacına qısılaraq, hıçqırtı ilə ağlamağa başlayır ki, qəfil düz başının üstündə dayanan səs onu dərdindən ayırır...

Mən bu yerdə necə qışqırdımsa, bütün avtobusdakılar mənə baxdı:

- İlahi! Kimin imiş bu səs?!

Avtobus sürücünün belə güzgüdə qəzəbli halda bizə baxdığını hiss edən qadın başını mənə sarı əydi:

- Sussss! Bir az sakit danış! Kənd əhli bu hadisədən xoşlanmır! Yerli camaat qorxu içində olduğu üçün ümumiyətlə bu barədə düşünmək istəmir.

Mən sakitcə başımı yellədim:

- Üzr istəyirəm. Hisslərimə hakim ola bilmədim!

Qadın:

- Səs qıza canı qədər əziz olan Səlimin səsi imiş!

Mən sevindim:

- Deməli, Səlim qızı gözləyibmiş, Səhərin ləngidiyini görüncə, özü onu qarşılamağa çıxıb və meşədə qarşılaşıblarmış!

Həmsöhbətim dərindən ah çəkərək başını yellədi:

- Hövsələn olsun!

İstər- istəməz amansız həmsöhbətimə təslim oldum.

- Səlim Səhəri arxasınca səsləməyə, onu kəndə çatdıracağına söz veribmiş, qorxmamağı, onun yanında olduğunu deyirmiş. Nəticədə isə... Sən demə Səlim qızı meşənin tam dərinliyinə aparırmış... və bilirsən ən dəhşətlisi nə olub?

Mənim həyəcandan az qala ürəyim ağzıma gələcəkdi. Titrək səslə astadan soruşdum:

- Nə olub?

- Ən dəhşətlisi isə Səlimin qıza qarşı həmişəki mehriban davranışının əvəzinə kobudluq göstərməyi, onun üzərinə atılaraq, pal-paltarını cırması olub. Zavallı qızcığaz Səlimə yalvararaq bunu etməməsini istəyincə isə yazığı döyməyə başlayıbmış! Qaranlıqda Səlimin yalnz səsini eşidən qız özünə gəldikdən sonra artıq evlərində ikən gəlinlərinə sirr olaraq bütün gerçəkləri danışacaqdı. Onu meşədə cırmaqlayanın çox iti caynaqlarının olduğunu və üfunət iyi gəldiyini söyləyibmiş.

Səhərə bu vaxtacan dırnağını belə toxundurmayan Səlim canından artıq sevdiyi qıza qarşı bu cür vəhşilik edə bilməzdi! Üstəgəl, qızın evə dönmədiyini görən qardaşı südçülük fermasına yollanır; Səlim isə qızı gün ərzində ümumiyyətlə görmədiyini deyir...

Kor-peşman evə dönən qardaş atasıyla bacısının axtarışına başlasa da, Səhər evə yalnız sübhə yaxın gəlir... Al qan içində, bir-biri ilə əlaqəsiz olan qırıq-kəsik ifadələrlə Səhər sanki nə isə vacib bir məsələni anlatmağa çalışır, amma onu heç kəs başa düşmür...

Yaşlı qadın Səhərlə bağlı bütün hadisəni o qədər təfsilatı ilə danışırdı ki, sanki bir ömür boyu qızı tanıyırmış! Əslində bu faktlar məni olduqca sevindirirdi, çünki mənim aləmimdə təsadüf deyilən amil mövcüd deyil. Ümumiyyətlə, real həyatdan illüziyanı ayıran daha bir paralel mövcuddur ki, bir çox insan onu tale ilə qarışdırır, bəziləri “qismət” adlandırır. Mənim aləmimdə isə zərurət var; axtardığımızı tapmaq kimi, itirdiyimizə yiyələnmək, haqq etdiyimiz dağılan ümidlərimizi yenidən bərpa etmək kimi səlahiyyətimizdir bu “təsadüf” adlandırdığımız ifadə. Kosmosla idarə olunan beyinimizin proqramlaşdırma fazasında sözün əsl mənasında “istək” və “arzu” adlandırdığımız konkret plana çatma hədəfi mövcuddur. Aurası, daxili çakraları açıq və təmiz, neqativsiz kəslər kosmosla daha tez əlaqə yaradaraq, konkret proqram missiyalarını həyata keçirirlər. Bu kosmosa çatma ritualı sinaqoq və məsçidlərdə, kilsə və ziyarətgahlarda ruhun paklaşması ilə mümkündür. Ən təmiz sayılan bəndələr şanslılardandırlar! Lakin unutmaq lazim deyil ki, şeytanın da öz ordusuna hədiyyəsi vardır! Yəni pis insanlar nə acından öləcək, nə də onları dəqiqəbaşı cəzalar gözləyir; təbii ki, Yaradanın istəmədiyi təqdirdə heç bir hadisənin həyata keçməsi yolverilməzdir!

- Səhərin sübhə yaxın son dərəcə acınacaqlı vəziyyətdə evə dönməsi ailə üzvlərini dəhşətə gətirsə də, qızdan başına gətirilən bəlanın səbəbkarının kimliyi barədə söz almaq mümkün olmur. Qızın gəlinlərinə Səlimlə bağlı danışdıqları həqiqətə bənzəmədiyi üçün Məsmə bu danışıqarı heç kimə demir; ehtiyat edir ki, Səhəri dəli hesab edərlər və Səlimin günahı olmadan haqsız yerə qızın başına gələnlərdə günahlandırıla bilər. Heç kim bilməsə də, Məsmə dəqiq bilirdi ki, Tahir Səhərin yoxa çıxdığı müddət ərzində Səlimin iş başında olduğundan dəqiq məlumatlı idi...

Mən nə deyəcəyimi bilmirdim; suallar beynimdə ilişib qalmışdı. Qadın səssizliyimdən istifadə edərək sakitcə söhbətinə davam edirdi:

- Ertəsi gün axşam Səftər kişinin daxmasının qapısı döyülür. Təəccübünü gizlədə bilməyən Səftər kişi qapılarında Səlimin atasıyla babasını görür. Onları evə dəvət edən kişi qonaqların bir çox qəribəliklərini hiss etsə də, büruzə vermir; axı elçilərin gəlişinə özü razılıq vermişdi!

Mən sualımı gizlətmədim:

- Nə kimi qəribəliklər?

- Misal üçün, qaraqabaq, sanki zorla qız evinə gətirilən ata ilə baba başlarını aşağı dikmiş və heç kəsin üzünə baxmırlarmış. Səftər kişi qızının dərdindən ayılmamış gələn elçilərə nə deyəcəyini də bilmirmiş. Köməyə Tahir gəlir:

- Səhər naxoşlayıb. Bütün günü yatır. Həkimə aparmaq lazımdı.

Onun bu sözünə baba batıq, sanki quyununn dibindən gələn səsi ilə cavab verir:

- Həkim lazım deyil, ona biz gərəyik!

Bu ifadədən sonra evdəkilər bir-birilərinin üzlərinə baxırlar ki, gələn kəslərin əslində nə demək istədiklərini anlasınlar. Lakin heç kim heç nə başa düşmür!

Ata dərhal qızı onlara verməyi təkidlə tələb etsə də, Səftər kişi “elin adət-ənənəsi var” deyə, qızının meşədə itkin düşdüyü gecənin səhəri üstü-başı cırılmış, cızılmış vəziyyətdə evə gəldiyini xatırlayayaraq, fikrə gedir.

Süfrəyə çay-çörək gətirililməsinə qəti etiraz bildirən qonaqlar Məsmənin dəstəmaz almağı ilə dərhal bir göz qırpımnda ayağa qalxırlar. Gəlin namaza gedincə isə gələnlər də qapıya sarı tələsirlər və yalnız həyət darvazasının astanasında Səlimin atası arxaya çevirilərək, qaranlıqda az qala od saçan qəzəb dolu baxışlarını Səftər kişinin düz gözlərinə sancır:

- Birdən çaşarsan, qızı bizə verməzsən... Bil ki, Səhərin ölüsü belə bizimdir...

Səftər kişi bu ikibaşlı “bizim”, “Səhərin ölüsü” ifadələrindən yenə də heç nə anlamır, amma susmağa üstünlük verir.

Kəndin adəti belədir; “qız evi az danışar”, “dərdini deməz”, “ağır oturar, batman gəzər”... Səftər kişi də “ağır oturmağı” düşünür. Amma bu “oturuş”, necə deyərlər, uzun çəkmir. Ertəsi gün bazarda onu Səlimin atası səsləyir. Səftər könülsüz halda ona sarı gedir:

- Nədir ay elli, niyə bikefsən, - şən-şən gələcək qohumu soruşur.

Səftər gecə onların gedişindən sonra yata bilmədiyini desə də, həmsöhbəti kişini anlamır və əsas istəyini bildirir:

- Bu axşam sizə gələcəyik. Səlim də deyir, “ata, Səhər üçün gedin danışın, nişan taxaq heç olmasa”...

Kişinin “uşaq narahatdır, ay Səftər” deməsini Səftər kişi artıq dumanlı beynindən çox uzaqda eşidir. Bütün gücünü toplayaraq Səlimin atasına baxaraq deyir:

- Siz ki dünən gəlmisiniz! Mən də razılıq verdim...

Səlimin atasının təəccüb dolu baxışları Səftərin kürəyini yandırır sanki. Uzun müddət arxasınca gələn səsi beynindən qovmağa çalışırdı:

- Nə danışırsan, a Səftər, bizdən sizə gələn olmayıb, and olsun Allaha!..

***

...Səftər dayı cahil dünyasıyla tam anlamasa da, bu işin şeytansız ötüşmədiyini dərk edir, uşaqlıqdan əzbər bildiyi Quran ayələrini xatırlayaraq, onları bərkdən söyləmək istəyi onda heç cürə alınmır. Beyni sanki iki yerə ayrılmışdı; düşünən başının yarımkürəsində gələn kəslərin insan olmamağı düşüncəsi ilə heç cürə razılaşmadığından, digər ikinci yarımkürəni dinləyirdi... Lakin beyninə gələn fikirlər həqiqətlə heç cürə uzlaşmırdı. Əgər Səhər üçün Səlimin atası və babası qiyafəsində elçiliyə gələnlər onlar deyililərsə, o zaman onun evinəcən təşrif buyurmuş bu məxluqlar kimlər idilər?

Səftər kişi və ailəsi çaşqınlıq içərisində olsa da, kimsə bu hadisəyə hər hansı bir izah vermək iqtidarında deyildi.

Bir müddət sonra nisbətən özünə gəlmiş Səhərin razılığı ilə Səlimə xəbər yollayır ki, oğlanın ailəsi elçiliyə gəlsin. Lakin elə həmin günün axşamı bütün kənd Səhərin qışqırığına Səftər kişinin həyətinə yığılır; qız ilan kimi yerdə qıvrılır, var gücü ilə qışqırır...

Mən marağımı saxlaya bilmədim:

- Qıza kimsə xəsarət yetirmişdi? Bəlkə... – ağlımda Səhərə qarşı dilimə gətirə bilməyəcəyim ən dəhşətli hadisələr canlanırdı.

Qadım davam edirdi:

- Qızın başına gələcək əhvalatdan heç kəs xəbərdar deyildi. Sonradan başı çıxan bilicilər, ovsunçular qızın əslində cinvurma ilə havalandığını desə də, nəticə etibari ilə heç kəs tam dəqiqini bilmirdi.

Qadının fikrini yenidən yarım qalmış əhvalata yönəltmək istədim:

- Həyətə yığılan insanlar qızcığaza kömək edə bildilərmi?

Qadın başını günahkarcasına aşağı dikdi:

- Yox. Ona heç kəs yardım edə bilmirdi. Qızda qəfil elə bir güc- qüvvə yaranmışdı ki, on-on beş bığıburma kişini belə itələyərək yıxır, ona kimsənin yaxınlaşmasına izin vermirdi. Qız bir müddət yerdə çabalayandan sonra ayağa qalxaraq insanlara hücum etməyə başlayır. Hər kəsin üstünə yeriyir, qəribə, nəriltiyə bənzər səslər çıxarır. Amma çox qəribədir... Çox qəribədir ki, Səhər bircə balaca qardaşı balasının yanında donub qalır. Kiçik Nura tərəf yaxınlaşdıqda Səhəri sanki hansısa qüvvə dayandırır.

Kənd həkimini çağırırlar. Naəlac qaldıqlarından, Səhəri kəməndlə ovlayaraq yerə sərirlər, əl-ayağını bağladıqdan sonra həkim ona yaxınlaşa və yuxugətirici iynə vurmağa imkan tapır. Qız yuxuya gedən kimi atası ilə qardaşı köməkləşərək onu yerdən qaldırır, otağına aparır. Bütün baş verənlərdən sonra camaat məsləhət- məşvərətə gəlir; bəziləri qızın havalandığını desə də, yaşlı qadınlar qıza nəzər dəydiyini söyləyir. Yalnız qonşuluqdakı yaşlı Tutu xala qızı mollaya aparmağı tövsiyə edir:

- Qız nə həkimlikdir, nə də dəlixanalıq. Qızı başbilən mollanın yanına aparmaq lazımdır!

Hər kəs dağılıb öz komasına gedəndən sonra Səlim Səftər kişinin yanına gəlir. Gənc oğlan hıçqırıq içərisində sevdiyi qızı xilas etməyi yalvarır. Naəlac qalan ata qızını molla yanına aparmağa qərar verir...

Qadın söhbətinə bir qədər ara verdi, mən dərhal soruşdum:

- Molla ona yardım edə bildimi?

Qadın harasa uzağa dikilmiş nəzərini mənə sarı yönəltdi:

- Molla Səhəri görər-görməz “qıza cinlər tayfasından bir cin vurulub, əl çəkməyəcək” deyir.

Səftər kişi cinlər, şeytanlar haqqında eşitsə də, qızının başına gələn bəlayla heç cürə barışa bilmir. Yazıq kişi molladan çarə tapmağı, övladına yardım etməyi xahiş edir. Molla Quran ayələri oxuduqca Səhərin vəziyyəti pisləşir, halbahal olur, gah durub qaçmağa, gah da otaqda əyləşənlərə, ən əsas da Quran oxuyan mollanın özünə hücum edir.

Molla Səhəri qırx gün qorumağı tövsiyə edir:

- Onu qırx gün qorusanız, hər hansı bir güzgüyə və ya suda əksinə baxmasına imkan verməsəniz, o zaman qız cinlərin əsarətindən xilas olar.

Molla Səftər kişiyə daha bir neçə məsləhət verir. Qızının hardan bu bəlaya duçar olduğunu bilməsə də, Səhərin ruhuna qənim kəsilən cin tayfası haqqında molladan bolluca məlumat almağa imkan tapır. Mollanın tapşırıqlarına əsasən, qız hər gün qızılgül suyunda qüsl almalı, gecə-gündüz Quran ayələri oxumalı və ya kiminsə oxumasını dinləməli idi.

Səftər mollanın evini qızı ilə tərk edəndə arxasınca yenidən təkrarlanan sözləri beyninə həkk etməyə çalışır:

- Səftər kişi, qızı güzgüyə baxmağa imkan verməyin... Yoxsa onu bu dəfə xilas edə bilməyəcəksiniz!

Evlərinə qayıdanda Səftər kişi qızını həyətdə saxlayaraq, gəlini Məsməyə bütün evdəki güzgülərin üzərini örtməyə tapşırır. Çarhovuzdakı su boşaldılır, həyətlərindəki bağdan Səhərin hər gün yuyunması üçün qızılgül ləçəkləri dərilir.

Səhər otaqda altı yaşlı qardaşı qızı Nurla yatırdı. Məsmə qızının təhlükədə olduğunu dərk etdiyi üçün bir müddət özü də qızın yanında qalmağı qərara alır. Qəribə idi ki, heç kimlə ünsiyyət qurmayan Səhər yalnız qardaşı qızı ilə danışar, ən çox da şər qarışana yaxın Nura yaxınlaşar, ona qəribə dildə ifadələr söyləyərək, sanki əzbərləməyə səsləyərdi.

Məsmə bu ifadələri anlamasa da, mənasını bilməsə də, Səhərin uşaqla bu cür ünsiyyətini adi bir oyun kimi qəbul edər, qızın daxili rahatlıq tapdığını düşünərək, övladı ilə münasibətlərinə müdaxilə etməzdi.

Səhər xeyli yaxşılaşır. Mollanın söylədiyi məsləhətlərin icrasının hardasa otuz altıncı günü idi. Nur anasının Səhər üçün hazırladığı naharı geniş nimçədə bibisinə aparır. Otağa gircək Səhər ayağa qalxır, uşağa yardım məqsədi ilə boşqabı nimçədən götürməyi ilə vahimə dolu səslə qışqıraraq yerə yıxılmağı bir olur! Qız əvvəlki vəziyyətindən bətər yerdə ilan kimi sürünür, fısıldayır, dəhşətli dərəcədə heyvani səslər çıxarır. Səsə həyətdən qaça-qaça gələn Məsmə yalnız indi bağışlanmaz səhvini anlayır. Sən demə, Məsmə Səhər üçün hazırladığı naharı hamar dəmir nimçəyə yerləşdiribmiş ki, boşqabı dövrədən alan qız ayna qədər aydın şəkildə nimçədə əksi ilə qarşılaşaraq, yenidən əvvəlki dəhşətli və vahiməli vəziyyətinə qayıdır...

Mən məyus idim. Səhərə yardım edəcək mollanın məsləhətlərinə tam riayət olunmadı. Məsməyə qarşı qəzəbim sonsuz idi, odur ki, bu fikrimi açıq şəkildə həmsöhbətimə bildirdim:

- Məsmə diqqətli olsaydı, qız sağalacaqdı, - kədərlə dedim.

Qadın kədər dolu gözlərini mənə zillədi:

- Yox qızım, Səhər çoxdan şər qüvvələrin təsirində idi. Təsəvvür et ki, əlləri sarıqlı Səhərin otağına daxil olduqda yerdə onun öz heyzi ilə yazdığı yazıları görürdülər. “Səhərin ölüsü belə bizimdir!” Sən demə, cinlər artıq Səhəri ram edərək, onunla cinsi əlaqədə olurdular, özü də məhz heyzli, natəmiz vaxtlarında...

Əhvalat məni sarsıtmışdı. Səhərin sonrakı taleyini düşünürdüm. Təşvişlə soruşdum:

- Səhərin aqibəti necə oldu?

- Səhər bir gecə evdən qaçaraq meşəyə getdi. Yol boyunca onu görən tək-tük kənd camaatı qızın yol boyu kiminləsə sanki söhbət etdiyini, mübahisəyə bənzər danışıqlar apardığını deyirdi. Səhəri elə səhər tapdılar; o vaxtı ilə azdığı meşədə sığındığı qoz ağacından asılmışdı. Qoz ağacının düz yuxarı, əlçatmaz hissəsində qanla yazı vardı: “Qız artıq bizimdir!” Ən dəhştlisi isə kənd camaatının lənətli hesab etdikləri Səhərin cinlərlə əlaqədə olaraq onların gəlini adlandırmaları və kənd qəbiristanlığında basdırlmağına etirazları idi. Səhər elə ölü tapıldığı yerdə dəfn olunur. O zamandan çox keçsə də, kənd camaatı bu dəhşət dolu hadisəni unutmur, amma danışmağa da hər adam ürək etmir. Səftər kişi qızından sonra çox yaşamadı, bir neçə aydan sonra ürəktutmasından dünyasını dəyişdi. Lənətlə dolu komada qalmaq çətin olduğundan, Tahir Məsmə ilə qızı Nuru götürüb qonşu kəndə köçdü. Səlimə gəlincə isə, bəxtsiz, taleyi yarımçıq qalan cavan bir müddət kənddə havalı kimi gəzir, sonra Səhərin dərdini unutmaq istəyi ilə Rusiyaya işləməyə gedir. Amma bir müddət sonra qərib ölkədən cavan oğlanın meyiti gətirilir. Səlimin ölüm səbəbi bu günə qədər bəlli deyil...

Söhbətin bu cür sonluğunu heç gözləmirdim. Qorxudan dizlərim əsirdi, artıq hava qaraldığından avtobusun pəncərəsindən bayıra baxmağa belə ürək etmirdim. Mənə elə gəlirdi ki, avtobusun pəncərəsindən bayıra baxan kimi oradan qoz ağacından asılı qalan Səhərin cəsədi ilə qarşılaşacam; yanında Səlimin meyitini görəcəm.

Qorxumu azaltmaq niyyəti ilə həmsöhbətimə baxdım. Qadın sakitcə başını aşağı dikmişdi, hər ikimiz susurduq. Vahimə dolu ab-havadan bir qədər ayrılmaq üçün qadının danışdıqları içərisində Səhərin rəğbəti olan məsum Nuru xatırladım:

- Səhərin qardaşı qızı Nur indi hardadır, nə işlə məşğuldur?

- Nur rayon məktəbində müəllimə işləyir, - qadın ah çəkdi. - Amma qəribəliklərindən də geri qalmır...

Təəccübümü gizlətmədim:

- Nə edir ki?

- Demə, Səhər cin tayfasından öyrəndiyi bilgiləri qardaşı qızına öyrədirmiş!

Mənim heyrətdən gözlərim bərəldi:

- Axı bu necə mümkündür?

Qadın bir müddət tərəddüd etdi, sanki deyib-deməmək kimi qərarını ölçüb-biçirdi. Bir qədər susqunluqdan sonra dilləndi:

- Nur cinlərin dilində onlarla danışır... Və ən qəribəsi isə... onlar Nura itaət edirlər...

Avtobus artıq Bakıya çatmışdı. Yavaş-yavaş enən sərnişinlərin arasından bayırda məni səbirsizliklə gözləyən bibimlə Daşanı görə bildim; onlar mənə əl yelləyirdilər.

Qadın sanki illərin ağırlığından yorulmuş insan kimi ayağa qalxdı, yavaş-yavaş avtobusdan endik.

Arxasınca səsləndim:

- Bağışlayın, amma heç adınızı demədiniz?!

Uzun yolda yeganə həmsöhbətim arxaya çevrilərək, qəribə baxışla məni süzərək xeyli susdu, sonra fısıltıya bənzər səslə adını söylədi:

- Məsssməəə.... Səhərin qardaşı arvadı...

Ardı var

Tarix
2020.07.29 / 01:04
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla