Yuxarı

Dedim Musa, süz, düzələk... - Sabir Rüstəmxanlı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı bir neçə gün əvvəl vəfat edən yaxın dostu Musa Yaqubla bağlı müxtəlif illərdə yazdığı şeirləri öz Feysbuk səhifəsində paylaşıb.

Kult.az həmin şeirləri təqdim edir.

Qeyd edək ki, Musa Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.

ŞAİR QARDAŞIM MUSA YAQUBA

Dost zarafatları

***

Ağaclarla adamların

Kökü birdi, burda iş var.

Bu dağdağan ağacında

Sənə bir az bənzəyiş var.

Qayaları yarıb çıxır

Yarı ağac, yarı daşdı

Biz Vətənin qonağıyıq

Bu əbədi vətəndaşdı.

Qoruduğun bu ocaqla

Tarixləri aşan səssən.

Barmağına əski bağla

Elə sən də müqəddəssən!

***

Siz gələnə biz düzəldik,

Dedim, Musa, süz, düzəldik!

Yaxşı oldu tez düzəldik

Sizə ümid edəmməzdik.

Çay da axır zaman kimi,

Yaş da çökür duman kimi,

Bu yamacda çoban kimi

Qoyun-quzu güdəmməzdik!

Payız yeli qəm dağıdır,

Ömrün saralan çağıdır

Bura şair ocağıdır

Burdan ayıq gedəmməzdik.

***

Tez-tez zəngləşirik. Bu gün harda olduğunu soruşdum. “Kəndə gəlmişəm, Buynuzdayam!” - dedi. Paxıllığım tutdu...

***

Yenə də ruh kimi uçub getmisən,

Sonu qayıtmaqsa, yaxşı yol sənə!

Adam çoxluğundan qaçıb getmisən

Adamlıq çox olan məmləkətinə...

Kim oldu yenə də xətrinə dəyən,

Hansı yel qayandan çınqıl qopardı?

Ya vaxtsız boş qoyub ev-eşiyini

Məzara gedənin dərdi apardı?

Vətəndən qismətin o kiçik yuva

Zirvəyə üz tutub, ayrıldı kənddən.

Təməli sevgisə evlərimizin

Fərqi yox, çöpdəndir, ya qranitdən...

Orda gəncliyinin min xatirəsi,

Çiçəyə, yarpağa dönən anların.

Şerindən boylanıb səni gözləyən

O ağac, o qaya qəhrəmanların.

Yenə iki bacı verər baş-başa,

Axar gözlərindən yaş çiçək-çiçək.

İşıq sevincindən pəncərələrin

Qaralan gözləri günəşlənəcək...

Yanır qara daşı, yanır ağ daşı,

Götür, ya götürmə, bitməz həsrəti.

Bir yaşıl yorğanla min qaya örtər.

Şükür ki şerinin yaz bərəkəti

Zindandan betərdi kimsəsiz evlər,

Boşalsa bir yığın ağacmış, daşmış.

Həsrətdən soluxur divarın rəngi,

Baxımsız həyət də balacalaşmış...

Zirvənin hər biri-dost xatirəsi,

Başında tələsən qışın sərtliyi,

Sözünü ağaca, quşa deyərsən,

Qayıdar suların həmsöhbətliyi...

Dağdağan yenə də göz almağında,

Qutsal əmanətdir durmuş qayada.

Bu taydan o taya dəmir körpudən

Hörümçək yol verməz qarışqaya da...

Getmisən yenə də dindirən olsun

Çölün çiçəyini, dağın qarını.

Kəndin ürəyinə toxtaqlıq gəlsin

Sapsağlam görəndə nəğməkarını.

Ey müdrik əkinçi! Get dincəl bir az,

Səpdiyin toxumlar çiçək-çiçəkdir.

Buynuzda bir nəğmən yorulub sussa

Yüz kənddən yüz nəğmən dillənəcəkdir!

***

Deyək ki, sən getdin Buynuz kəndinə,

Gördün ki, dağ-daşı öz yerindədir.

Keçən yay, sevinib gələn dostlara,

Yarımçıq qoyduğun söz yerindədir...

Ağaclar yenidən çiçək altında,

Çör-çöp yuvasında vəfalı quşlar

Yarımçıq qoyduğun neçə nəğməni

Evin yaddaşına toxuyurmuşlar.

Təbiət nizamlı, biz nizam pozan,

Kötüyün yüz pöhrə mükafatı var.

Bizim qanadımız qırılan yerdə

İldırım uçuşu, yel qanadı var.

... Deyək ki, sən gedib Buynuz kəndində,

Soyuyan ocağa qısılacaqsan.

Gecələr gözünlə Ay işığından

Sözünlə İlhamdan asılacaqsan.

Kəndə soraq düşdü, canlandı həyət,

Bəs Bakıda qalan dostlar neyləsin?

Seyrələn məclislər, kəsilən zənglər,

Ləzzəti azalan tostlar neyləsin...

Lap elə ucaldın Ay səhrasına,

Elə bilirsən ki, Yer əl çəkəcək?

Düz ol, müqəddəs ol, peyğəmbər kimi

Qeybət yorulacaq, Şər əl çəkəcək?

Sənin getməyinlə işlər düzəlməz,

Özünü qurtardın, millət ki qalır.

Bakı civarında, bağlar başında

İşgəzən bazarı, zillət ki qalır...

Bizim əlimizin düz olmasıyla

Yetimin saçları tumarlanırmı?

Mən də çıxıb gedim Hamarkəndimə

Millətin yolları hamarlanırmı?

Həminki Buynuzdur, ulduz deyil ki,

Hər fəsli gözəldir-qarşılayacaq!

Bakıdan qaçmağa nə var,əzizim,

Bəs onun dərdindən hayana qaçaq?

Bəs bu toranlığın sonu nə olsun,

Onu kim çıxarsın gün işığına?

Bu farsın, ərəbin Allah adına

İşğal niyyətini Din işığına?..

Bu qədər qaraçı, araçı gəlir,

Yetərmi? Lap daş da qoy ruzu olsun...

Gərək düyünlənsin fəhlə yumruğu

Gərək baş kəndin də buynuzu olsun!

Alsın kəlləsinə matadorları,

Buğa bürcündənəm, ey dırnağım, kəs!

Beş-üç saniyəlik bel tamarzısı

Görsün ki bu millət minik götürməz!

Dünya silkələnsin addımımızdan

Dostlar dikəlsinlər yenə nər kimi.

Bir səhər güzgüdə hamı görsün ki,

Başı silahlanıb İskəndər kimi...

Gör nə gözəllikdir buynuz meşəsi,

Kim sındıra bilər onun barını?

Eybi yox, qoy bəzi oliqarxların

Qızıla tutsunlar buynuzlarını...

Sənin hər nəğməndə əskər qeyrəti,

Bir ordu qurmusan ömrün uzunu...

Buynuzsuz yaşamaq istəyən millət

Silaha çevirsin Söz Buynuzunu!

***

Sənin Bakıda da izin ayrıdır,

Avazın ayrıdır, sözün ayrıdır,

Xordan gileyləndin, xora pis dedin,

Səs səsdə gizlənir, sən solist idin!

Bilmir nə biçəcək, bilmir nə əkir,

Hər iclas öncəsi söz dilənənlər.

Millətin önündə xəcalət çəkir

Səsi düymələrdə düyünlənənlər!

Məclisə dağların buludundan su,

Ürək tonqalından çınqı vermişdin.

Diplomat susquya söz zəlzələsi,

Soyuq siyasətə yanğı vermişdin.

Şükür Canalımız, Hamarkəndimiz,

Şükür üz tutası dağlarımız var.

Millət arasında rahatlığımız,

Çöllərə söz demək haqlarımız var.

Gedirik, qəlbimiz incəlir bir az,

Gedirik, canımız dincəlir bir az...

Xoru bəyənmədin, canın sağ olsun,

Bir şimşək oxutmaq imkanın varmı?

Bəlkə mən də gəlim, verək səs-səsə,

Görək göy dilini duyan olarmı?

Bəlkə kabinetlər rahatlığını

Buynuza keçürək günün birində.

Bəlkə nazirləri dil öyrənməyə

Buynuza köçürək günün birində!

Meşə nazirliyi köçsün meşəyə,

Kötük qəbristanı ağlamaq istər.

Şorlaşan torpaqlar yer məmurunu

Bir gün su həsrəti saxlamaq istər...

Görsünlər üstündə isti əl olan

Torpaq yetirməkdən yorulmayacaq.

Şair öz elindən perikmədikcə

Nəğməsi heç zaman qırılmayacaq!..

***

Bir məclisdə gördüm səni,

Heç özünə bənzəmirdin.

Söhbətinlə, gülüşünlə

Dörd çevrəni bəzəmirdin.

Sonra gedib vərəqlədim kitabını,

Neçə dəfə göz yaşımı boğa-boğa

Dodağında millətimin dərdi idi-

“Burax məni, çıxıb gedim azadlığa!”

Min illərin dərdi idi-

Musa Yaqub ağzı ilə qışqırırdı.

Min dahinin həsrətiydi

Bir ustadın sinəsindən fışqırırdı...

...Yüzillərlə

Azadlığın yollarına

Intizarla baxan da biz,

Yüzillərlə öz nəfsində

Azadlığı boğan da biz!

Babaların kor iştahı boynumuzun qılıncıdı,

Ötənlərin hər yanlışı başımızın qaxıncıdır!

Silkələndim bu acıdan, qüssələrdən,

“...Burax məni çıxıb gedim bu şəhərdən!

Çıxıb gedim öz dağıma, öz obama.

Övladarı perik düşən xarabama!

O yaylaqlar beşiyində tərk eləyib dincliyimi

Bu kəpənək boyasına qurban verdim gəncliyimi.

Heç bilmədim nədir yalan, nədir riya.

Şerim mənə həm Cəbhəydi, həm Partiya!

Silahları susduracaq söz söylədin,

Vicdan səsi! Nə söylədin, düz söylədin...

Qurdun, quşun qisməti də yasaq bizə...

Həm hakimik, həm müttəhim...Yazıq bizə!

Burda yollar ayrılmalı! Düzə, dağa,

Onun yolu-köləliyə! Mənim yolum-azadlığa!”

Allah necə tanış arzu, saf istəkdi,

Bu bir misra min ürəyi suya çəkdi.

Yatanlara xatırlatdı, bu zəhəri içmək olmaz,

İgid olan başdan keçər,

Azadlıqdan keçmək olmaz!

Tarixlərin utancından

Qəlbinə qəm yığa-yığa

Çıxıb getdin azadlığa!

Çıxıb getdin!..

Ucaldığın Baba dağda,

Azadlığı buldunmu de!

Şər düyünü açılmırsa,

Zülm əlindən qaçılmırsa

Orda xışbəxt oldunmu, de!

Günəşimə pərdə çəkən kölgələrdən

çıxıb gedək.

Bu arxacı söküb gedək, bu xəlbirdən axıb gedək,

Ancaq yenə yer üzünün havası bir.

Hara getsən səninlədir!

Lap Şahdağın beli olsun

Azaddırmı dağ kəlləri?

Okeaanın o tayında

Azaddırmı Azadlığın heykəlləri?

Azadlığı gəzənlər çox,

Azadlığın eşqi ilə vətəndən əl üzənlər çox!

Bu istəklə sığındılar neçə yada,

Gedib azad oldularmı Avropada?

Özünə gün ağlamaqla, Haqqa qapı açıldımı?

Ehtiyacdan qaçanların, yoluna nur saçıldımı?

Ayaq altda yad torpaqsa hər bayramın sevinci-Qəm.

Mən Gəncəsiz, Qarabağsız azadlığı istəmirəm!

Belə möhnət olan yerdə nə azadlıq?

Mühacirət olan yerdə nə azadlıq?

Azadlıqda gərək Laçın, Şuşa olsun!

Orda Bakı, Təbriz ilə qoşa olsun!..

Azad olaq bu görünməz zindanlardan,

Tarixlərə qan uddurmuş ehkamlardan.

Yad dillərdən, yad səslərdən

Əsarətdən miras qalan

O bölücü qəfəslərdən.

***

Ey vəfada bir qardaşım.

Ruhundakı qutsallıqla pir qardaşım!

Ucalmısan dilindəki həqiqətlə,

ruhundakı qətiyyətlə.

Məğrur səsin minilləri aşacaqdır bu niyyətlə!

Tarixlərin ağrısından qopan şerin

Yatanların vicdanını qamçılayır.

Min illərin buz dağları ərimədə

Sözümüzdən göz yaşıtək damcılayır.

Zaman keçdi, indi tarix bizə bağlı,

Dirilən ruh, qalxan bayraq səninlədir!

Azadlığın söz heykəli sənsən elə,

Hara getsən yenə də haqq səninlədir!

Tarix
2021.05.10 / 15:55
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla