İyulun 9-da Lənkəran şəhərindəki Heydər Əliyev
Mərkəzində Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə "Aprel döyüşləri-ruhumuzun qələbəsi!"
devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir
keçirilib.
Axar.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək
xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda,
eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev
tədbirdə çıxış edərək bildirib ki, aprel döyüşlərində Milli
Ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi,
lənkəranlıların da böyük ruh yüksəkliyinə səbəb oldu. O, həmin
döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, lənkəranlı hərbi
qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini vurğulayaraq
onlardan şəhidlik zirvəsinə ucalanların olduğunu diqqətə
çatdırıb.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi
rəisinin müavini polkovnik Abdulla Qurbani aprel döyüşlərində Milli
Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, qəhrəmanlıq
nümunələrindən danışıb.
Qeyd olunub ki, aprel döyüşlərində fərqlənən oğullarımız və
şəhidlik zirvəsinə ucalmış Vətən övladları Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
Sərəncamı ilə orden və medallarla, fəxri adlarla mükafatlandırılıb.
Şəhid ailələrinə ölümündən sonra təltif olunduqları medallar təqdim
edilib.
Diqqətə çatdırılıb ki, aprel döyüşləri Azərbaycan dövlətinin
qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın monolit
birliyinin nümayişinə çevrilib.
Tədbirdə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri
Hadi Rəcəbli çıxış edərək Azərbaycanda ordu quruculuğunun ən yüksək
səviyyədə olduğunu bildirib.
Ölkəmizdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata
keçirildiyini vurğulayan komitə sədri bu il 1500-ə yaxın hərbi
qulluqçuya yeni mənzillərin verildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, aprel döyüşlərində iştirak edən hərbi
qulluqçuların və onların ailə üzvlərinin Yeni Azərbaycan
Partiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Lənkərandakı "Palıdlı
sahil" istirahət mərkəzində istirahəti təşkil olunub. Tədbirdə
aprel döyüşlərinin Lənkəranda istirahət edən hərbi qulluqçuları da
iştirak ediblər.
Döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının
Prezidenti adından müdafiə naziri, generel-polkovnik Zakir
Həsənovun əmri ilə Milli Ordunun əsgərləri - Cəlilabad rayonunun
Məlikqasımlı kənd sakini Röyal Nəsirovun, Masallı rayonunun
Güllütəpə kənd sakini Firdovsi Bağırzadənin və Lənkəran rayonunun
Vilvan kənd sakini Nahid Səfərovun ölümlərindən sonra təltif
olunduqları "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli
medallar mərasimdə şəhidlərin ailə üzvlərinə təqdim edilib.
Şəhid əsgərlərin valideynləri göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda
şeirlər ifa olunub, aprel döyüşləri ilə bağlı videoçarxlar nümayiş
etdirilib.