Xocalı soyqırımı ilə bağlı hələ də açılmamış bir neçə
əsas məsələ qalır. Ən qaranlıq məqamlardan biri isə Xocalı
soyqırımının törədilməsində fəal iştirak edən 366-cı Motoatıcı
alayın hələ də müstəqil Azərbaycanın ərazisində qalması idi.
Müsahibimiz politoloq Zərdüşt Əlizadə 1992-ci fevralın 25-də bu
qoşunların Xankəndindən çıxarılması ilə bağlı Yeltsinin əmr
verdiyini bildirib. Politoloqla müsahibəni təqdim
edirik.
- Zərdüşt müəllim, Xocalı soyqırımı ərəfəsində 366-cı
Motoatıcı alay hələ də Xankəndində qalmışdı. Bundan Ayaz
Mütəllibovun xəbəri var idimi?
- Var idi və bu alayı çıxarmaq tələbi ilə deputat Araz Əlizadəni
səlahiyyətli nümayəndə kimi Yeltsinin yanına göndərmişdi.
- Bəs Yeltsinlə görüşdə nə qərar qəbul edilmişdi? Deyə
bilərsinizmi?
- Rusiya Federasiyası Prezidenti Arazı qəbul etmişdi. Əvvəl o,
rus əsgərlərinin Azərbaycan kəndlərinin yandırmasını inkar etmişdi.
Arazın təkidi ilə Rusiya Federasiyası Dövlət Təhlükəsizlik
Komitəsinin (KQB.- red.) sədri Barannikova zəng vurmuşdu.
Barannikov Arazın dediyini təsdiq edəndən sonra Boris Yeltsin Araza
demişdi: "Get Şapoşnikovun yanına, mən alayın çıxma əmrini
verəcəyəm". Araz Müdafiə naziri Şapoşnikovun qəbuluna getmişdi.
Rusiyanın Müdafiə naziri demişdi ki, qoy Ayaz Niyazoviç mənə zəng
vursun. Araz Mütəllibova zəng vurub demişdi ki, Yevgeni İvanoviçə
zəng etsin. Mütəllibov marşal Şapoşnikova zəng etmişdi. Rus nazir
Mütəllibova sual vermişdi: "MDB ölkələrinin vahid komandanlıq
ideyasını qəbul edirsənmi?" Mütəllibov demişdi: "Yox". Nazir də
"Oldu" demişdi.
Və elə o gecə Xocalı məhv edilmişdi.
- Rusiyanın Azərbaycandan əsas istəyi nə
idi?
- MDB ölkələrinin yeni yaranan qoşunlarını Rusiya öz vahid
komandanlığı altında saxlamaq istəyirdi. Mütəllibov buna razı
olmadı və devrildi.
- Ayaz Mütəllibovun hakimiyyətdən getməsinə səbəb Xocalı
soyqırımına aid kadrlar oldu?
- Mütəllibovu devirən bəhanə Xocalı oldu. Lakin səbəb
qaragüruhçu qüvvələrin fəallığı ilə Bakı neftinə can atan mafiyanın
dağıdıcı fəaliyyəti və Mütəllibovun şəxsi qətiyyətsizliyi oldu.
- Bəs Ayaz Mütəllibovu Xalq Cəbhəsindən üstün edən nə
idi?
- Mütəllibov qaniçən və qəddar deyildi. Müxalifətə barış və
koalisiya hökuməti təklif edirdi. Ölkənin inkişafını təkamül və
islahatlarda görürdü.
- Bəs Zərdüşt bəy, Xocalının mühasirəsini yarmağa
kifayət edən silahlı qüvvə var idimi?
- Xocalıdan cəmi 12 km aralı Ağdamda bir neçə min silahlı
Azərbaycan qoşunu dayanmışdı. Müdafiə naziri olmuş peşəkarları
(general-leytenant Valeh Bərşadlı və general-mayor Tacəddin
Mehdiyev) AXC qaragüruhu devirib qovmuş, yerinə hərbi işdən başı
çıxmayan cahillər gəlmişdi.