"Biz başa düşmürük, daha dəqiqi, başa düşmək istəmirik
ki, nədən Minsk qrupuna həmsədrlik edən bir ölkənin rəsmləri belə
bir məsələyə yanaşmada bu cür ikili standarta yol
verirlər".
"Axar.az" xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımıyla
bağlı açıqlamasına cavab olaraq deyib. Deputat hesab edir ki, səfir
təcrübəli deputat olaraq belə bir səhvə yol verməməlidir:
"Uydurma erməni soyqırımını təkcə onların deyil, həm də
özlərinin böyük fəlakəti kimi qiymətləndirənlər Xocalıda
yaşananları ancaq "azərbaycanlılar üçün ağır dərd" adlandırırlar.
Axı o, təcrübəli diplomatdır və xəbərsiz deyil ki, beynəlxalq
sənədlərdə soyqırım harada baş veririsə-versin, bütün bəşəriyyətə
qarşı yönəldilmiş addım kimi qiymətləndirilir. Deməli, Xocalı
soyqırımı təkcə azərbaycanlılar deyil, içi Morninqstar qarışıq
bütün amerikalılar üçün də ağır dərd sayılmalıdır".
Sahib Alıyev ABŞ səfirini ədalətli olmağa, işğalçı Ermənistanın
torpaqlarımızı azad etmək üçün ona təsir göstərməyə çağırıb:
"Təəssüf ki, Amerika təmsilçiləri içərisində, yumşaq desək, belə
anlaşılmaz mövqeni təkcə Morninqstar sərgiləmir. Bu ölkənin Minsk
Qrupundakı təmsilçisi Ceyms Uorlik bu yaxınlarda tvitterdə
Qarabağda öldürülən və Ermənistan vətəndaşı olan bir əsgər üçün göz
yaşı tökərək başsağlığı verirdi. Əslində isə onun birbaşa vəzifə
borcu idi ki, Ermənistan rəhbərliyindən hesab sorsun. Onlardan
soruşsun ki, sizin əsgərinizin Azərbaycan torpağında nə işi var?
Neçə ki, amerikalılar bizim üçün ən ağrılı bir məsələdə bu cür
mövqe ortaya qoyacaqlar, inciməsinər, bu ölkədə onların ədalətli və
həqiqətən də sülh tərəfdarı olduqlarına kimsə inanmayacaq. Eyni
zamanda irəli sürdükləri bir çox ideyalara da şübhə ilə
yanaşacaqlar. Necə ki, yanaşırlar".
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar
Xocalı soyqırımıyla bağlı yaydığı açıqlamada deyilir: "Biz başa
düşürük ki, Xocalı faciəsi bütün azərbaycanlılar üçün ağır
dərddir".