“Qazprom”un baş direktoru Aleksey Miller və Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar 2025 və 2026-cı illərdə Rusiya qazının Qazaxıstana tədarükünün artırılmasına dair saziş imzalayıblar. Sənəd Vladivostokda Şərq İqtisadiyyat Forumu-2025 çərçivəsində imzalanıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.
“2025-ci ilin ilk altı ayında Rusiya Qazaxıstana 320,9 milyon dollar dəyərində qaz tədarük edib. Xatırladaq ki, Avropa ölkələri Rusiyadan qaz alışlarını dayandırdıqdan sonra Moskva bütün ümidlərini Uzaq Asiyaya dikmişdi. “Blumberq”in məlumatına görə, bu ilin may ayının ortalarında Vladimir Putinin Çin səfərində iki ölkə liderləri “Sibir gücü-2” qaz kəməri layihəsini də müzakirə etmişdilər”, - politoloq vurğulayıb.
O, “Sibir gücü 2” qaz kəmərinin Rusiyanın əlavə 50 milyard kubmetr qazını Çinə tədarük etməsini nəzərdə tutduğnu vurğulayıb:
“Rusiya tərəfi bu sazişi Çinlə uzun müddət həyata keçirməyə çalışsa da, Pekin hələ də əvvəlcədən razılaşmadan çəkinirdi, halbuki Moskva bu müqavilənin qaçılmaz olduğunu dəfələrlə vurğulamışdı.
İddialara görə, bu məsələdə Rusiya üçün ən çox maneə yaradan dövlət Monqolustandır. Ulan-Batur ABŞ və Avropanın sanksiyalarından çəkindiyindən rus qazının öz torpaqlarından keçməsini istəmir. Müxtəlif bəhanələrlə Moskvaya bir növ, “xətanı məndən uzaq elə” mesajları verir.
Görünən budur ki, həm Çinin və Monqolustanın çəkingəliyini ortadan qaldırmaq, həm də Rusiyanın arzularını reallaşdırmaq üçün ortaq yol tapılıb. Rusiya Çinə nəql etməyi planlaşdırdığı qazını Qazaxıstana, Qazaxıstan isə öz daxili tələbatının bir hissəsini Çinə göndərəcək. Beləcə, Çin də, Monqolustan da potensial beynəlxalq təzyiqlərdən xilas olacaq.
Qeyd edək ki, Qazaxıstanda illik təbii qaz istehlakı 2024-cü ildə 21,2 milyard kubmetr olmuşdu. Bu da əvvəlki dövrlə müqayisədə 9% artım demək idi və hökumətin proqnozlarını üstələyir. 2025-ci ilədək Qazaxıstanda evlərin sayının artması, avtomobillər üçün yanacaq kimi istifadə və istehsalatda qazın rolunun artması hesabına təbii qaz istehlakı həcminin böyüməsi gözlənilir.
Qazaxıstanın daxili istehlakı və hasilatı artırmaq üçün kifayət qədər imkanları mövcuddur. 2024-cü ildə 59 milyard kubmetr təbii qaz istehsal edən qardaş ölkə 2025-ci ildə bu rəqəmi 62,8 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2030-cu ilə qədər isə hasilatın 74 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.
Rusiyanın “Sibir gücü-2” layihəsi ilə Çinə ildə 50 milyard kub metr qaz satmaq istədiyini nəzərə alsaq, belə çıxır ki, Qazaxıstanın bu il hasil edəcəyi 62,8 milyard kub metr qazın daxili istehlaka gedən 21.2 milyard kub metrini çıxarsaq, hardasa, 40 milyard kub metri Astana sayəsində həll olunacaq. Qalan 10 milyard kub metr qazı isə yəqin ki, Türkmənistanla əvəzləməyə çalışacaq”.