Yuxarı

Azərbaycandan yüksələn enerji siyasəti Bakı və Vaşinqtonu birləşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan yüksələn enerji siyasəti Bakı və Vaşinqtonu birləşdirir

Azərbaycan COP29 sədrliyini Braziliyaya təhvil verdiyi dövrdə İbrahim Mustafayev mühüm bir nəticəyə gəldi. Onun fikrincə, COP29-da geniş müzakirə olunan davamlı enerji keçidi təkcə bərpa olunan enerji mənbələri ilə mümkün deyil. Bu keçid, eyni zamanda, stabil enerji yüklü və aşağı karbon izinə malik nüvə və hidrogen kimi qabaqcıl enerji sistemlərinin tətbiqini də mütləq tələb edir.

Altı ay ərzində Azərbaycanın COP29 nümayəndə heyətində ABŞ-dan ezam olunan məsləhətçi kimi çalışmış, hazırda isə Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) qoşulmuş enerji strateqi İbrahim Mustafayev üçün bu nəticə adi bir müşahidə deyildi. Əksinə, əldə etdiyi bu qənaət onun növbəti karyera addımının əsasını təşkil edir.

“Biz COP29-da hidrogen infrastruktur strategiyalarını hazırlayarkən fərqli maraqlı tərəfləri bir araya gətirə bildik”, - deyə İ.Mustafayev qeyd edir. “Lakin regionumuza baxdıqda, Cənub Qaz Dəhlizi kimi böyük enerji infrastrukturu layihələrinin tikilməsi on ildən artıq müddət aldı, çünki tərəflər əvvəlcə bir-biri ilə necə işləməyi öyrənməli idi. Bizim növbəti enerji dəhlizimiz üçün on ilimiz yoxdur: istər hidrogen, istər nüvə, yaxud digər qabaqcıl enerji infrastrukturu olsun – artıq müxtəlif tərəflərin bir-birini tanıdığı şəraitdə, sual budur: kim daha sürətlə hərəkət edə bilər?”

Bu mühüm suala necə gəlib çıxdığını anlamaq üçün Mustafayevin beynəlxalq karyerasına nəzər salmaq kifayətdir.

2017-ci ildə İ.Mustafayev o dövrdə müstəqil qurum kimi fəaliyyət göstərən (hazırda Azərbaycan Mərkəzi Bankının tərkibinə daxil edilmiş) Maliyyə Bazarlarına Nəzarət Palatasına qoşuldu. Həmin vaxt milli valyutanın devalvasiyasının fəsadları hələ təzə idi. Palata milyonlarla manat aktivləri olan bankların, sığorta və investisiya şirkətlərinin fəaliyyətinə nəzarət edirdi. Mustafayevin bu qurumdakı əsas uğuru Azərbaycanda törəmə maliyyə alətləri bazarının formalaşdırılması təşəbbüsündə baş analitik təyin olunması oldu.

Palatadakı fəaliyyətindən sonra Mustafayev Bakı Fond Birjasında Ticarət və Üzvlük qrupuna ən gənc rəhbər kimi təyin olundu. O, burada bir neçə milyard manat həcmində ticarət dövriyyəsinə – əsasən istiqraz alqı-satqısına – rəhbərlik edirdi. Onun rəhbərliyi dövründə Birjada dövlət istiqrazlarının hərraclarına real vaxt rejimində abunə mexanizmi tətbiq olundu və o, Fond Birjasının strateji inkişaf planının hazırlanmasında həmmüəlliflərdən biri oldu.

Azərbaycanın kapital bazarlarında qazandığı təcrübədən sonra Mustafayev təhsilini ABŞ-da, Yel Universitetində (Yale University) magistratura səviyyəsində davam etdirdi. Orada o, inkişaf etməkdə olan ölkələrdə enerji infrastrukturunun təkmilləşdirilməsi mövzusuna fokuslandı. Professor Kevin Donovan ilə tədqiqatçı və tədris köməkçisi kimi çalışaraq Keniyaya bir həftəlik tədqiqat səfəri etdi. Bu təcrübə Mustafayevin beynəlxalq enerji sistemlərinin yalnız texniki dəqiqlik deyil, eyni zamanda güclü institusional əsaslar və maliyyə səmərəliliyi tələb etdiyinə inamını daha da möhkəmləndirdi.

Yel Universitetini bitirdikdən sonra Mustafayev Vaşinqtonda nüfuzlu Boston Consulting Group (BCG) şirkətində müxtəlif sektorlarda infrastruktur, enerji keçidi və təchizat zəncirinin dayanıqlılığı mövzularında məsləhətçi kimi fəaliyyət göstərdi. Lakin BCG-dəki bir çox layihəsi Azərbaycanın COP29 nümayəndə heyətinə ezam olunması ilə kölgədə qaldı. Məhz COP29 missiyasında o, karyerasında ən böyük peşəkar sınaqla qarşılaşdı.

COP29 mandatı

COP29 konfransının ev sahibi qismində Azərbaycanın nümayəndə heyətinə BCG-nin ABŞ komandasından ezam olunan yeganə məsləhətçi İ.Mustafayev idi. Onun ilk məsuliyyəti beynəlxalq qaz kəməri üzərindən hidrogen enerjisi infrastrukturu strategiyasını hazırlamaq oldu. Bu işin tərkibinə kommersiya modelləşdirilməsi, hidrogenlə işləyən pilot layihə üçün ssenari planlaşdırılması, tranzit boru kəməri üzrə risk təhlili və Avropa alıcılarını cəlb etmək məqsədilə biznes modellərinin hazırlanması daxil idi. Əsas hədəf isə Mustafayevin sözləri ilə desək, “geosiyasi arzuları səmərəli şəkildə maliyyələşdirilə bilən layihələrə çevirmək” idi.

COP29 çərçivəsində Mustafayevə həvalə edilən digər mühüm vəzifə Naxçıvanın “Yaşıl Enerji Zonası” konsepsiyasına dair təklif paketinin hazırlanması oldu. Həmin təklifdə Naxçıvanın əhəmiyyətli günəş və külək ehtiyatlarının – Türkiyə ilə potensial enerji bağlantıları da daxil olmaqla – regional enerji ixracını necə dəstəkləyə biləcəyi göstərilirdi. Paralel olaraq, Mustafayev 2024-cü ildə ilk dəfə keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin təşkilində də mühüm rol oynadı və 150-dən çox beynəlxalq iştirakçının – siyasətçilər, maliyyəçilər, QHT nümayəndələri və texniki ekspertlərin – bir araya gəlməsinə dəstək oldu. Bu töhfələrinə görə o, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən rəsmi təşəkkür məktubu aldı.

Mustafayev həmçinin 2024-cü ilin oktyabrında Vaşinqtonda ABŞ Ticarət Nazirliyi, Johns Hopkins Universiteti və USACC-nin birgə təşkil etdiyi Yaşıl Maliyyə Liderlik Sammitinin əsas plenar sessiyasına moderatorluq edib. Həmin panel müzakirəsində ABŞ İxrac-İdxal Bankı (EXIM), Carlyle və Amalgamated Bank kimi maliyyə qurumlarının yüksək səviyyəli təmsilçiləri iştirak edirdi. Yaddaqalan məqamlardan biri Mustafayevin paneli üç mövzu üzrə strukturlaşdırması oldu: enerji təchizatı standartları, risk bölgüsü mexanizmləri və tənzimləyici qabiliyyət. Onun sözlərinə görə, bu moderatorluq diplomatik xarakter daşıyırdı: “Mən Amerika maliyyə institutları ilə Azərbaycanın strateji prioritetləri arasında etimadın qurulmasına töhfə verdim”.

Enerji təchizat zənciri və nüvə məsələsi

COP29 mandatını tamamladıqdan sonra Mustafayev bir neçə vacib mövzu üzrə müstəqil tədqiqat apardı. Onlardan biri nüvə enerjisinin təchizat zəncirinin dayanıqlılığı mövzusu idi. O, Fransanın məşhur EDF şirkətinin Böyük Britaniyada yerləşən atom elektrik stansiyasında nüvə təhlükəsizliyi mühəndisi kimi çalışan Orxan Əkbərovla birlikdə geniş bir tədqiqat həyata keçirdi. Bu birgə araşdırma artıq nüfuzlu “Yale Journal of International Affairs” jurnalının növbəti sayında dərc olunmaq üçün qəbul edilib. Tədqiqatda Qərb ölkələrinin nüvə texnologiyalarının ixracında liderliyi nə üçün itirdiyi sənədləşdirilir və hal-hazırda nüvə enerjisinə yatırım edən bazarlarda Rusiya və Çin kimi rəqiblərə meydanı verməmək üçün atıla biləcək addımlar barədə tövsiyələr verilir.

Bu tədqiqatın nəticələrinə əsasən, ABŞ Kiçik Modulyar Reaktorlar (Small Modular Reactors – SMR) texnologiyası sayəsində nüvə sahəsində rəqabət qabiliyyətini geri qaytara bilər. Mustafayev inanır ki, növbəti 15 il ərzində məhz SMR texnologiyası Şərqi Avropa, Yaxın Şərq və Asiya boyunca ABŞ-ın tərəfdaşlıq əlaqələrini möhkəmləndirən bir lövbər rolunu oynayacaq və dövlət dəstəkli alternativlərdən fərqli bir yol təqdim edəcək.

Birləşdirmə işi USACC-də başlayır

“USACC-də mənim mandatım icradır”, – deyə Mustafayev yeni rolu barədə bildirir: “Artıq biz məsləhət xarakterli hesabatlar yazmırıq. Bunun əvəzinə müəyyənləşdiririk ki, hansı ABŞ şirkətləri qabaqcıl enerji texnologiyalarına malikdir və onların təklif etdiyi həllər Xəzər dənizi hövzəsindəki enerji bazarları üçün hansı faydanı verə bilər. Eyni zamanda, Azərbaycandakı dövlət qurumları və kommersiya tərəfdaşları arasında imzalanmış razılaşmalarda irəliləyişi təmin edə biləcək kritik məqamları tapmağa çalışırıq. Düşünürəm ki, COP30 çərçivəsində Braziliyanın (Azərbaycandan sonra) həm icra yönümlü, həm də öhdəliklərə əsaslanan sədrliyi misilsiz bir fürsət pəncərəsi yaradır”.

Braziliyanın belə icrayönümlü COP30 sədrliyini qəbul etməsi dayanıqlı enerji infrastrukturu məsələsini yenidən gündəmə gətirir. Müasir qabaqcıl enerji sistemlərinin reallaşdırılması isə hökumətlərarası müstəvidə işləyə bilən, korporativ maliyyə prioritetlərini anlayan və mürəkkəb enerji siyasəti ilə texniki tələblər arasındakı fürsət pəncərəsini tuta biləcək qədər çevik peşəkarlar tələb edir.

Hazırda USACC-də enerji dəhlizləri və enerji təchizat zənciri üzrə layihələr üzərində çalışan Mustafayev gələcəkdə ABŞ-da fəaliyyət göstərəcək peşəkar məsləhətçi şirkəti yaratmağı hədəfləyir. Onun baxışına görə, bu platforma üç əsas sütun üzərində qurulacaq: qabaqcıl enerji layihələri üçün geostrateji risk xəritələşdirilməsi, kritik enerji texnologiyaları üçün dayanıqlı təchizat zənciri strategiyası və Kiçik Modulyar Reaktorlardan hidrogen istehsal sistemlərinədək ABŞ-ın qabaqcıl enerji həllərini rəqabətqabiliyyətli mövqeyə çıxaran təkmil ixrac imkanları.

Xülasə, Xəzər hövzəsindən Vaşinqtonun iclas otaqlarınadək Mustafayevin fəaliyyəti bir həqiqəti nümayiş etdirir: dayanıqlı enerji keçidinin gələcəyi məhz koalisiyalar qura bilən və sərhədləri aşaraq effektiv icra aparmaq bacarığına malik peşəkarlar tərəfindən formalaşdırılacaq.

Tarix
2025.11.10 / 20:20
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla