Yazıçı, AMEA üzvü Kamal Abdullanın Bakı Slavyan
Universitetinin rektoru vəzifəsindən azad olunaraq, Dövlət müşaviri
təyin olunması BSU-da narahatlıqla qarşılanıb.
"Axar.az"ın BSU-dan aldığı məlumata görə, onlarla istedadlı
yazarı, alimi və ziyalını xüsusi himayə ilə universitetdə saxlayan
Kamal Abdullanın gözlənilmədən Dövlət müşaviri vəzifəsinə təyinatı
və universitetdən ayrılması bir çoxlarında ruh düşkünlüyü yaradıb.
Hətta xəbəri alan kimi rektorluğun qarşısında böyük bir izdiham
yaşanıb. İzdiham yeni və daha yüksək vəzifə alan Kamal Abdullaya
təbrik yox, daha çox, "niyə getdiniz" sualı ətrafında olub.
Hamının qüssəli görkəminə isə Kamal Abdulla yalnız bircə kəlmə
ilə cavab verib:
- Niyə narahatsız axı! Mən sizdən ayrılmıram!
Bundan sonra K.Abdulla işinin çox olmasını deyərək, otağına
çəkilib.
Məlumatı uzun müddətdir Kamal Abdulla ilə iş yollarını
birləşdirən Azərbaycanın istedadlı və tanınmış yazarlarından
dəqiqləşdirməyə çalışdıq.
Bu haqda çox danışmaq istəmirəm
"Kamal Abdulla vəzifəsindən və işindən asılı olmayaraq,
Azərbaycan üçün faydalı, xeyirli insandı. Söhbət onun cəmiyyətə
xeyrindən gedirsə, onun harada işləməyinin heç bir fərqi
yoxdu".

Bu sözləri "Axar.az"a açıqlamasında şair Salam Sarvan dedi.
Ədəbi mövzu olmadığı üçün bu haqda geniş danışmaq istəməyən şair
yazıçı dostuna yeni işində uğurlar arzuladı.
Sadəcə, təəssüf edirəm
Yazıçı-şair Etimad Başkeçid isə
Bakı Slavyan Universitetinin belə bir insanı itirdiyinə
təəssüfləndiyini etiraf etdi:
"Bu gün çox yerdə, hər sahədə Kamal Abdulla kimi bir insana
ehtiyac var. O harada işləməsindən asılı olmayaraq, öz işini
namusla yerinə yetirən biridir. Getdiyi hər yerdə gənc kadrları öz
yanına çəkir. Belə insan necə sevilməyə bilər?! Bu gün Bakı Slavyan
Universiteti birincilər sırasında olmasını Kamal Abdullaya
borcludur. O bizim başımızın tacıdır. Hamı sevir Kamal müəllimi.
Xətrini çox istəyirəm... Getməyinə çox təəssüf edirəm. Amma… Yeni
işində bol şans diləyirəm bu böyük insana".
O, bizim dostumuzdur
Gənc şair
Kəramət Böyükçöl:
"Kamal müəllim mənim üçün böyük şəxsiyyətdir. Gözəl insan,
dəyərli yazıçıdır. Gənc istedadların himayədarı, dostudur. Düzünə
qalsa, BSU-dan getməyindən məyus deyiləm, əksinə, Dövlət müşaviri
kimi önəmli bir vəzifəyə təyin edilməsinə sevinirəm. Əminəm ki,
Kamal müəllim orda da BSU-dakı qədər seviləcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı
sərəncama əsasən, Kamal Abdulla Bakı Slavyan Universitetinin
rektoru vəzifəsindən azad olunub və millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə
təyin edilib.