Ukraynada özəlliklə də Krımda yaşanan hadisələrin Cənubi Qafqaza
keçmək təhlükəsi var. Bununla bağlı isə əsas açıqlamaları rus
politoloqları verirlər. Regionumuzun gələcək taleyi ilə bağlı
proqnozları öyrənmək üçün "Geopolitika" jurnalının baş redaktoru
Leonid Savinə müraciət etdik
- Bəzi politoloqlar Ukraynanın beş yerə parçalacağını
deyirlər. Bunların əksəriyyətini sizin rus ekspertləri təşkil edir.
Bəs siz bu məsələyə necə proqnoz verərdiniz?
- Beş hissə, sadəcə, misaldır. Hazırda əsas mübarizə Kiyevin
qeyri-legitim hakimiyyətinə tabe olmayan bölgələrlə cənub-şərq
regionları arasında gedir. Hətta 1991-ci ildən özlərinə muxtariyyət
tələb edən Karpat vilayətində yaşayan rusların özlərini müstəqil
elan etmək üçün fiziki imkanları yoxdur. Hər şey ən kiçik
təhlükəsizlik problemlərini həll etmək iqtidarına sahib olmayan
hökumətdən yox, yerlərdə xalqın özünü dərk etməsindən asılıdır.
Rusiya Krıma girəcək
- Rusların Krıma daxil olduğu haqqında məlumatlar KİV-də
əsas mövzuya çevrilib. Rusiya Krım uğrunda
savaşacaqmı?
- Krımda Rusiyanın ən böyük hərbi bazalarından biri Qara dəniz
hərbi donanması yerləşir. Ona görə də rus döyüşçülərinin orada
Ukraynanın əvvəlki hökumətləri ilə əldə etdiyi razılaşma
nəticəsində burada yerləşdirildiyini söyləmək doğru olardı. Hazırda
Kreml Krımda Rusiya pasportlarının alışını sadələşdirməklə
diplomatik addım atmağa çalışır. Amma bu, Rusiya tərəfindən çox
gecikmiş addımdır. Əgər ukraynalı millətçilər situasiyanı daha da
inkişaf etdirsələr, yəni qızışdırsalar (bu, əvvəlki anlarda belə
olmuşdu) qan töküləcək. Onda isə Rusiya Krımda öz vətəndaşlarını
qorumaqdan ötrü buraya ordu yeridəcək. Necə ki, bunu 2008-ci ildə
Cənubi Osetiyada etmişdi.
Dünyadakı ruslar oyanırlar
- Amma məncə, Rusiya artıq Ukraynanı, ümumilikdə isə
oyunu uduzub.
- Necə deyərlər "hələ heç bir şey itirilməyib". Ölkədə yaranacaq
qarşıdurmaların yeni mərhələsi başlayır. Aydındır ki, Qərb Rusiyaya
müntəzəm olaraq müxtəlif istiqamətlərdə hücum edəcək. Cavablar
aktiv hərəkətlərlə müşahidə olunmalıdır, reaktiv və asimmetrik
fəaliyyətlərlə yox. Bundan başqa isə Ukrayna uğrunda savaş rus
dünyası üçün katalizatora çevrilib və rusların yaşadığı digər
yerlərdə geniş mənada oyanmasına səbəb olub.
Vəhabiləri Qərb Qafqazda qızışdıracaq
- Yəni Ukraynadan sonra Qərblə Rusiya arasında savaş
Qafqazda davam edəcək.
- Bu mübarizə isə orada gedir və həmişə də olub. Sual sadəcə,
metodlardadır. Yəni burada yumşaq silahın gücündən istifadə
ediləcək, yoxsa Saakaşvili tipindəki kimi aqressiyadan. Paralel
olaraq sələfi terrorçularının aksiyaları da davam edəcək. Nəzərə
alsaq ki, Suriyada hazırda Cənubi və Şimali Qafqazdan döyüşçülər
vuruşur və onların vətənlərinə dönməsi yalnız onsuz da ağırlaşmış
situasiyanın bir az da qızışması ilə nəticələnə bilər. Bundan əlavə
isə Qərb Cənubi Qafqaz ölkələrinin daxili işinə insan haqları və
azadlıqlarının qorunması adı altında müdaxilə edəcək. Paralel
olaraq isə "Açıq cəmiyyət fondu"nun strukturu tipində transmilli
kapital fəaliyyətə keçəcək. Ümumilikdə şəbəkə müharibələri
nəzəriyyələri fonunda fəaliyyət planı olacaq.
Qarabağda savaşı qızışdıracaqlar
- O zaman Qafqaz uğrunda savaşda biz hansı ssenariləri
müşahidə edə bilərik? Məsələn, Qarabağ konfliktinin qızışdırılması
ola bilərmi?
- Məncə, Qərb Azərbaycanda vəziyyəti qarışdıracaq ki, Qarabağ
konfliktində yaranmış düyünləri aça bilsin. Bu məqamda isə etiraz
əhval-ruhiyyəsinin kifayət qədər aydın müşahidə olunduğu Azərbaycan
cəmiyyətində vəziyyəti dəyişdirməkdən ötrü Qərb məsləhətçiləri
ölkəni idarə edən elitanın itirilmiş əraziləri geri qaytarmaqdan
ötrü silahlı konfliktə daha çox diqqət ayırmasına çalışacaq. Bu
hiylələr millətçilər epoxası zamanı – 19-cu əsrin sonu və 20-ci
əsrin əvvəllərində işləyirdi. Bəs indi necə? Olduqca mümkün ola
bilən bir şeydir. Gürcüstanı xatırlayın. Saakaşvili Cənubi
Osetiyaya müharibə elan eləyəndə hamı küçəyə çıxmışdı.
- Bəs bu, konfliktin həllinə kömək
edəcəkmi?
- Mənə elə gəlir ki, konflikt yalnız Azərbaycan və Ermənistan
bir milli təşkilatın tərkibində birləşdikləri zaman həll oluna
bilər. Məsələn, Avrasiya İttifaqı.