Yuxarı

Məni söyən, “Bakıda görüşərik” deyib hədələyənlər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məni söyən, “Bakıda görüşərik” deyib hədələyənlər...

Sayman Aruzun son çıxışı və 183 yazarın (hazırda imza kampaniyasına qoşulanların sayı 198-ə çatıb) imza kampaniyası məsələsi ətrafında quraşdırdığı ittihamlar təkcə səthi polemik dilinə görə deyil, həm də faktiki səhvlərinə və ədəbi-mədəni karyerasının qarşısında məsuliyyətsizliyinə görə ciddi şəkildə tənqid olunmalıdır. Çünki Sayman Aruz Güney Azərbaycan ədəbiyyatının nümayəndəsi olmasına baxmayaraq, orada gedən imzaların heç birini tanımır, bu isə onun Güney Azərbaycan ədəbiyyatını oxumadığını, tanımadığını, saymadığını ortaya qoyur.

Sayman Aruzun yazısının ən problematik nöqtəsi ondan ibarətdir ki, o, İran rejiminin illərlə təzyiq göstərdiyi, dəfələrlə həbs olunmuş, işgəncələrə məruz qalmış güneyli ziyalılarını əsassız şəkildə İran İslam Respublikasının rəhbəri Seyid Əli Xameneiyə şeir yazdıqları və ona yaxın durduqlarını deyib böhtan atır. Bu isə təkcə intellektual səviyyəyə uyğun olmayan bir addım deyil, ictimai yaddaşa qarşı çılpaq zorakılıqdır. Sayman bəy, unutmayın ki, siz Bakıda çox rahat istədiyinizi yaza bilərsiniz, amma mən Təbrizdə, təhlükələrin hamısını mənimsəyərək, qorxmadan bu sözləri yazıram. Sizin yazınız ilə mənim yazımın bu fərqi var ki, sizə əlləri çatmaz, amma mən bu yazıya görə başıma gələnləri nəzərə alıram.

Bu şəxslərin adını “rejimə xidmət edənlər” siyahısında göstərmək, ən yumşaq ifadə ilə desəm, həm ədəbi, həm siyasi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Onların çoxu 1990-lardan bəri dəfələrlə saxlanılıb, sorğuya çəkilib, mədəni fəaliyyətləri qadağa edilib, işdən qovulubdur və bütün bunlar sırf Türk kimliyi, Azərbaycan dilində düşünmə haqqını müdafiə etdiklərinə görə baş veribdir.

Belə insanların adını manipulyasiya obyektinə çevirmək, onların çəkdikləri ağrıların, zəhmətlərin üzərindən böhtan yazıb şər atmaq xətti ilə keçmək nə Azərbaycan ədəbiyyatına, nə də Güney Azərbaycan məsələsinin gedişatına yaraşır, çünki bu ittiham Sayman Aruzun Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri kimi olduğu karyeraya uyğun deyil, yəni belə deyirsə, o zaman Güney Azərbaycan ədəbiyyatını tanımır.

Hanna Arendt totalitar və diktatura hakimiyyətlərinin ömrü barədə kitablarının birində doğrudan da min dəfə oxumağa dəyərli olan bir təhlil verir. Hanna Arendt bütün totalitar sistemlərin yaşadıqları müddətdə üç mərhələdən keçdiyini deyir.

Birinci mərhələdə; camaatın böyük hissəsi düşünmədən, ideologiyanın sərxoşluğuna qapılıb öz rəhbərlərinin ardınca gedirlər; sanki itirilmiş cənnətlərini tapıblar. Bu mərhələdə ideologiyanı bütövlükdə qəbul edirlər və onda ən xırda dəyişiklik belə görmək istəmirlər...

İkinci mərhələdə isə yavaş-yavaş həqiqət aşkarlanır və insanlar rəhbərlərinin etdiyi vədlərin yalan olduğunu anlayırlar. Bu mərhələdə insanlar ümidsizlik qayğısı çəkirlər və bir qrup islahat anlayışına başlayır; amma ideologiyanın islah olunmayan bir şey olmadığını bilmirlər və islahatlar uğursuzluğa düçar olur...

Üçüncü mərhələ totalitar sistemlərin son mərhələsidir. Bu mərhələdə hakimiyyət çılpaq və göz önündəki zorakılıqlara müraciət edir və ən kiçik müxalif səsləri belə ən ağır şəkildə boğur. Elə bu nöqtədə idarəetmə sferalarında olan səmərəsizliklər dərinləşir və nəhayət, etirazların seli hər şeyi öz axınına alıb aparır...

Hanna Arent harada hakimiyyət tükənirsə, orada hökumətin çılpaq zorakılıqla səhnəyə çıxdığını hesab edirdi.

Zorakılığın qalib gəldiyi an - hakimiyyətin öz gücü ilə vidalaşdığı andır. Bu isə üçüncü mərhələdə həmişə baş verən hadisədir...

Hanna Arendtin göstərdiyi bu üç mərhələ yalnız dövlət strukturlarına deyil, həm də özünü fikir sahibinin hakimi titulu ilə təqdim edən fərdlərin düşüncə mexanizmlərinə aiddir. Məhz buna görə də bu təhlilə əsaslanaraq demək olar ki, Sayman Aruzun son ritorikası və polemikaları da totalitar düşüncə tərzinin kiçik modeli kimi eyni üçlüyü təkrarlayır.

Sayman Aruzun yazısı isə üçüncü mərhələyə daha uyğundur. O, kampaniya şəklində imza atmış yüzlərlə ziyalının etiraz hüququnu etibarsızlaşdırmağa, onlara böhtan ataraq müxalif fikri boğmağa çalışır. Halbuki Hanna Arendtin dediyi kimi, etirazın kütləviləşməsi totalitar düşüncənin çöküş mərhələsinin ən açıq göstəricisidir.

Sayman bəy, sizin tapşırığınız ilə hansısa dostunuzun mənə söyüş verdiyi mesajların şəkilləri vardır, orada Bakıya gələndə mənimlə görüşəcəyinizi yazıb təhdid edibdir. İstərsəniz, fakt olaraq paylaşaram, camaat ədəbi-tənqidi bir yazının nə qədər ədəbsizliklə cavabını verdiyinizi görər!

Bu gün isə 183-dən 198-ə qalxan imzanın ictimai rezonansı da məhz Hanna Arendtin təsvir etdiyi üçüncü mərhələnin təbii nəticəsidir, çünki insanlar susmağa razı deyillər və 198 imzanın arxasında duran fikir sadədir; həqiqət çılpaq zorakılığın yanında dayanmır!

Əli Çağla,

Təbriz

Tarix
2025.12.10 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Avropaya inteqrasiya xətti... - Deputat

Azərbaycanla daha bir demarkasiya gözlənilir

Simonyan: Bakıya getməmək qəbuledilməzdir

Heydər Əliyev Mehdiyevə zəng edib, dedi ki... - Bağırov

DTX "kriminal aləm”in nümayəndələrini saxladı - Video

Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Bakı narahat oldu, etiraz etdi: haqlıdır - Rus politoloq

Prezident Britaniyanın ticarət elçisini qəbul etdi

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla