SSRİ xalq artisti Zeynəb Xanlarova Milli Məclisdə hündür
divarların üzərinə getdi və onları öz imkanları hesabına alçaltmağa
çalışdı. Başqa sözlə desək, keçilməz barılar arxasında özünü və
həyatını sadə camaatdan gizlədən bəzi azərbaycanlıların üstəlik
qeyri-qanuni olaraq Xəzəri də özəlləşdirməsi Zeynəb xanımı bərk
əsəbiləşdirdi.
Mən Zeynəb xanımı yaxşı başa düşürəm. "Nə yaxşı bu qumlu
sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən" deyə sahil
boyu ayaqyalın qaçan, "dünyanın xoşbəxti mənəm" deyən bu böyük
qadın birdən görür ki, Xəzərin qumlu sahillərini onun əlindən,
ayaqlarından alıblar. Təsəvvür edirsiniz...
Çıxdım hündür divara...
Barılar heç də həmişə belə tez yox olmur.
"Əhməd hardadır"dan kadr və kompüter effekti ilə kadr yoxa
çıxır…
Barılar heç də həmişə belə gülməli olmur.
Və dünya artıq dəyişib. İnsanlar daha ayaqaltı olmaq
istəmir.
SSRİ xalq artisti Zeynəb Xanlarovanın Milli Məclisdə ucaltdığı
barının üstündən çox mətləblər gözə dəydi. Doğrudur, sənətkarımızın
səsində bir hədə qorxu, təhdid tonu da var idi. Amma görünür,
Zeynəb xanımı belə danışmağa vadar edən səbəblər var idi. Mən bu
səbəblər sırasında doğrudanmı onun yarım hektar torpaq sahəsi
istəyinin olub-olmadığını bilmirəm. Bu fikri buraxaq icra
hakimiyyətinin babalına.
Amma səbəblər sırasında ciddi nəsə mütləq var. Və mən qəti
olaraq bu fikri ilə də razı deyiləm ki, Zeynəb Xanlarova müxalifətə
keçib, çünki yaxın keçmişdə o, Əli Kərimliyə də "kişi adam"
demişdi.
Əsla. Mən özümü məhz bu həqiqətə inandırıram ki, SSRİ xalq
artistinə doğrudan da şikayətlənənlər olub və nəticədə parlamentdə
bir barı məsələsi baş qaldırıb. Zeynəb Xanlarovanın barıya və ya
hündür divara münasibəti ilə biz laaaap çoxdan tanışıq.
Amma indi artıq bu "aman" o "aman"dan deyil. Zeynəb Xanlarova
hündür divarlarla özünü sadə camaatdan ayıranlara aman deyib dad
eləyir. Zeynəb xanımın çıxışından sonra dənizi xatırladıq, onun
sahilini hasara alaraq bütün dövləti dəyərlərin üstünə - su başına
böyük çıxanları və böyük su başına çıxanları xatırladıq. Düzdür,
indi qışdır, amma yay heç kimin monopoliyasında deyil, o gələcək,
mütləq və hamı üçün gələcək və Zeynəb Xanlarova da isti yay qabağı
bir sərin dəniz suyu xatırlatması verir.
Ümumiyyətlə, son zamanlar, xüsusilə prezidentin məşhur "bir
nömrəli xidmətçi" mövzusunda söylədiklərindən sonra məmurların
özləri və ailələri diqqət mərkəzinə tez-tez daxil olur.
Sahibkarlar, iş adamları varlana, hətta təyyarə sahibi də ola
bilər. BMT-nin indi çalışdığı binanı bir simvolik dollara Amerika
dövlətinə iş adamı Rokfeller satır və dünya onu başa düşür. Bu
təbiidir. Amma məvaciblərini hamının bildiyi hökumət üzvlərinin,
yüksək çinli dövlət məmurlarının ildırım sürəti ilə varlanmasını
camaat başa düşməkdə çətinlik çəkir.
Hərdən mənə elə gəlir ki, deyəsən, bəzi nazirlərimiz, millət
vəkillərimiz nə qədər maaş aldıqlarını unudublar. Elə ona görə də
gəlin yaddaşımızı təzələyək. Yüksək çinli məmurlarımızın
maaşları:
Baş nazir - 2230 AZN
Baş nazirin I müavini - 1960 AZN
Baş nazirin müavinləri - 1870 AZN
Nazir - 1750 AZN
Komitə sədri - 1750 AZN
Millət vəkili - 1575 AZN
PA-nın rəhbəri - 2200 AZN
PA rəhbərinin müavini - 1860 AZN
Dövlət müşaviri - 1925 AZN
PA şöbə müdiri - 1750 AZN
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı - 1750 AZN
İcra hakimiyyəti başçıları - 1160-800 AZN.
Biz heç kimin pulunu saymırıq. Bu, ədəbsizlikdir. Amma
varlandıqca dövlətlənən, özü dövlətləşən insanların uca barıya
qalxaraq oradan camaata yuxarıdan aşağı baxması da ədəbdən deyil.
Və mən heç o fikirdə də deyiləm ki, dəniz qırağı ilə qaçan bu oğrun
alabaşları yalnız nazirlər və deputatlar gətirib azdırıb?
Amma birmənalıdır ki, bu barıları tikənlər, özləri ilə xalq
arasında bir Çin səddi yaradanlar arasında ya nazirlərin özləri
var, ya da onlar kimlərisə burda himayə edir. Bilinir ki, villaları
yalnız maaşa tikmək mümkün deyil. Bakının neçə yaşayış məntəqəsi
var ki... Adını utanmadan çəkinmədən "Milyonerlər məhləsi",
"Milyonerlər küçəsi" qoymuşuq. Həmin ərazidə yaşayanlar isə gözəl
bilir ki, bu milyoner kimdir. Hansı nazirdir və ya rektordur?' Necə
qazanılıb bu pullar? Şəhərin oğrun yerlərində niyə gizlənir bu
binalar? Neçə illərdir parlamentdə ilişib qalan gəlir deklorasiyası
niyə millət vəkillərimizin boğazından keçmir? Şəffaf şəkildə
hesabat verməyin nəyi pisdir? Gah bu, gah da başqa bir nazirzadənin
forslu şəkillərini paylaşması bizə hansı informasiyanı verir və
verməlidir?! Dövlət başçısı məmurlar üçün sarı işıq yandırır.
ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev
Fondundan "İlin adamı" mükafatını qəbul edəndə İlham Əliyev
dünyanın ən nüfuzlu brend saatını qəbul etdi. Amma kiçik və bizcə,
çox əhəmiyyətli bir qeydlə:
Prezident belə deyir. Onun ardınca isə bunları.
Məntiqi bağlılıq var? Var. Deməli, dövlət adamına ifrat
varlanmaq ayıbdır. Vətəndaşa yaxşı nümunə göstərmək lazımdır.
"Camaat nə deyər" fəlsəfəsi işləməlidir.
Bəs bu şəkillər nə deyir? Bu şəkil kimi oğlanlar qazandıqları
hər qəpik üçün borclu olduqları insanlara - kasıblara niyə
yandı-qındı verirlər? Axı onların atalarını vəzifəyə qoyan şəxs
bizim dostumuzdur:
Bəs burada necə, məntiq görünür?
Onlar eşitmirlər ki?
Onlar görmürlər ki?
Şəffaf olmağın nəyi pisdir?
Və nəhayət, dənizin düz qırağında da ev tikərlər? Doğrudur, bu
barılar insan üçündür. Bəs birdən dalğalar şahə qalxdı… Divar
qurtaranda neyləyəcəyik? Qorxmursunuz? Mən qorxuram... (ANS)