Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov,
Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət
Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev şahid
qismində sualları cavablandırıb. Təqsirləndirilən şəxs Abbas
Hüseynov şahidin dediklərini təkzib etməyə çalışıb: " Qara maskalı
banditlər məni cizgi filmində Tomun Cerrini tutduğu kimi yıxıb yerə
tutublar".
Hakim Əlövsət Abbasov isə ona iradını bildirib. Qeyd edib k,
qeyri-etik ifadələr işlətmək olmaz: "Qara maskalı bandit
deyirsiniz. Bu, sizin münasibətinizdir. Ancaq onlar polislər
olub".
Prokuror Nəsib Bayramov da onun ifadəsinə etiraz edib. Bildirib
ki, məhkəmədə qeyri-etik ifadələr işlədilməməlidir:
"Təqsirləndirilən şəxslər cizgi filmindən misal gətirirlər.
Özlərini başqa yerdə hesab edirlər. Buna nəzarət etmək
lazımdır".
Daha sonra A. Hüseynov şahiddən saxlanılan zaman üzündə olan
xəsarətlərin nədən yarandığını soruşub. Şahid bildirib ki, onu
saxlayanda avtomat üzünə dəyib xəsarət alıb.
İclasda hakim Əlövsət Abbasov bildirib ki, vəkillərə dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq, onların çoxu iclasa gəlmir və
buna görə Vəkillər Kollegiyasına məktubla müraciət edib.
Proses günün ikinci yarısında davam edib.
Fasilədən sonra hakim Əlövsət Abbasov bildirib ki, dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq vəkillərin çoxu iclasda iştirak
etmir. Təqsirləndirilən şəxslər və iclasda iştirak edən vəkillər
isə digər vəkillər olmadan prosesin davam etməsini istəyiblər.
Hakim isə buna etiraz edib: "Əgər qanundan, hüquqdan
danışırıqsa, bu məsələ də həllini tapmalıdır. Burada yetkinlik
yaşına çatmayan şəxs var. Lakin vəkili iclasa gəlmir. Bu məsələ
həll olunmalıdır. Mən yenidən Vəkillər Kollegiyasına məktubla
müraciət edəcəyəm".
Bundan sonra hakim məhkəmə iclasının avqustun 26-da davam
edəcəyini elan edib.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən
adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7,
120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29,
120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12,
228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz
olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən
il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının
Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı
T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin
şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq
Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər
çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də
həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq
çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin
qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar
etmə) maddələri ilə ittiham olunur.