Ermənistan mətbuatında hər gün Qarabağdan danışılır.
Qarabağ ətrafında baş verənlər barədə fikir bildirən
siyasətçilərin, deputatların, politoloqların, qəzet yazarlarının
sayı-hesabı yoxdur. Doğrudur, yazmağa və söyləməyə bir şey
tapmayanda fantaziyalarını da işə salmağı unutmurlar. Bütün
fikirlərdə isə yalnız bu sezilir - xof, isteriya,
şübhə...
Amma hər halda düşmən cəbhəsinin beyinlərindən nələr keçdiyini
Azərbaycan oxucularına çatdırmamaq da olmaz.
Musavat.com
xəbər verir ki, Ermənistan "Siyasi və beynəlxalq araşdırmalar
mərkəzi"nin direktoru Agasi Yenokyan Qarabağ ətrafında son
gəlişmələrlə bağlı iragir.am saytına açıqlamalar verib.
Agasi Yenokyan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı
açarın Rusiyanın əlində olduğunu söyləyib.
Buna rəğmən Yenokyan Rusiyanın bu məsələdə mövqeyinin
konstruktiv olmadığını söyləyib: "Azərbaycan və Ermənistan
prezidentləri arasında son görüşü Moskva təşkil edib. Yəqin ki,
Rusiya ATƏT-in digər həmsədrləri ilə razılaşdırmadan onlara bir
sıra təkliflər də verib. Burdan belə çıxır ki, nizamlama prosesi
üçün ən böyük potensial elə Rusiyada olmalıdır. Lakin Moskva
münaqişəni həll etməkdə maraqlı deyilsə o başqa..."
Müxbirin Qarabağ problemi ilə bağlı Ermənistanda mövcud olan
situasiya və mövqeyi barədə sualına Yenokyan belə cavab verib:
"ATƏT vasitəçiləri o qədər xeyirxah oldular ki "Sasna tsrer"
qiyamında Ermənistana öz daxili problemləri ilə boğuşmağa imkan
verdilər. Qarabağ münaqişəsinə gəlincə, burda söhbət ərazi
güzəştlərindən gedir. Hərçənd ki, Ermənistanın əvəzində nə alacağı
bilinmir. Dəyişən bircə odur ki, iqtidar ərazi güzəştləri
mövzusundan daha qaçmır və bunun birtərəfli olmayacağını bəyan
edir. Lakin bununla bağlı adekvatlıq kodu hələ tapılmayıb".
Yenokyan qondarma "DQR"in müstəqilliyinin tanınması ilə bağlı
suala qeyri-müəyyən cavab verib: "Müzakirələrin getdiyi 20 il
ərzində biz ərazilərin təslim edilməsi, qaçqınlar, sülh deyərkən
Dağlıq Qarabağ xalqının (Dağlıq Qarabağın erməni icmasının - red.)
öz müqəddəratını həll etmək hüququ məsələsindən uzaqlaşmışıq.
Müqəddəratı həll etmək hüququ barədə müəyyənlik həll olunmayana
qədər problemin nizamlanmasından danışmaq olmaz. Digər tərəfdən,
statusla bağlı da anlaşılmaz təkliflər gəlir. Bizlər üçün öz
müqəddəratını həll etmək hüququ , elə öz statusumuzu müəyyən etmək
imkanıdır".
Yenokyanın fikrincə, "Sasna tsrer" qiyamı nəticəsində Ermənistan
onun üçün təhlükəli sayılan Lavrov planından imtina etməyə macal
tapıb: "Lakin görünür ki, Ermənistanın arxasında hələ də hansısa
planlar müzakirə olunur. Mümkündür ki, bu elə həmin Lavrov planı
olsun".
Ermənistanın digər politoloqu, Qafqaz İnstitutunun direktoru
Aleksandr İsgəndəryanın fikrincə, aprel hadisələrindən sonra
Qarabağ məsələsinin nizamlanmasında aktivlik hələ müşahidə
olunmur:
"Dördgünlük aprel döyüşlərindən sonra ATƏT-in Minsk Qrupunun
həmsədrləri xüsusilə aktiv idilər. Onlar məsələnin həlli üçün bir
çox cəhdləri həyata keçirirdilər. Lakin ATƏT-in rayon və
torpaqların təslim edilməsi ilə bağlı səslənən təklifləri hər iki
tərəfdə böyük panikaya səbəb oldu".
Politoloqun fikrincə, hazırda sərhəddə vəziyyət sakit
görünməsinə baxmayaraq, sülh həmişə davam edə bilməz: "Gərginliyin
azalması üçün siyasi faktorlar və mexanizmlər mövcud deyil. Hər şey
mexaniki həyata keçirilir".
Ermənistanın "Miras" Partiyasının parlament fraksiyasının katibi
Tevan Poqosyanın da ağlı hələ də aprel döyüşlərindədir. O,
parlamentdə jurnalistlərlə söhbət zamanı Qarabağda ərazi
güzəştlərindən söhbət gedə bilməyəcəyini söyləyib. Poqosyanın
fikrincə, aprel döyüşlərindən sonra müvafiq dərslər alınsa da bütün
bunlar kifayət etmir.
Erməni deputat bu döyüşlərdə məğlubiyyətin (Ermənistan tərəfinin
-red.) günahkarlarının qovulmaqdan əlavə, cəzalanmalı olduğunu da
qeyd edir: "Erməni ordusu təkcə müdafiəyə deyil, preventiv zərbələr
endirməyə də qadirdir", deyə, erməni deputat "xox gəlməyi " də
unutmayıb.
Xatırladaq ki, Ermənistan silahlılarının Qarabağdakı
qruplaşmasının komandanı (ermənilər onu "DQR"in Müdafiə Ordusunun
komandanı adlandırırlar) Levon Mnatsakanyan da Rusiyanın "Regnum"
agentliyinə verdiyi müsahibədə erməni ordusunun apreldə itirdiyi
mövqeləri qaytarmağa şansı olacağını söyləmişdi. Lakin necə
deyərlər, hürən it dişləmir...
Hər halda erməni mətbuatına göz yetirdiyimiz zaman bir şeyi görə
bilərik... Bu hava onların havasıdı... Aprel müharibəsi onlar üçün
bir kabus idi, bitdi amma qurtarmadı. Atəşkəs davam edir.
Torpaqlarımız hələ düşmən tapdağı altındadır.
Doğma yurdlarımızda səngərlər qazırlar, su kəmərləri çəkirlər,
kəndlərimiz bombalanır...onlara nə var. İtirilən, gedən öz
torpaqları deyil ki...Tək məqsədləri var. Atəşkəs mümkün qədər
uzansın...hətta on illərlə... Torpaqlar işğal altında qalmaqda
davam etsin, status-kvo olduğu kimi saxlanılsın...
Lakin bunu artıq edəməyəcəklərini də gözəl bilirlər. Azərbaycan
əsgəri aprel döyüşlərində yalnız status-kvonu silkələmədi; həm də
və əsasən, erməni cəmiyyətini, bu millətlə bağlı olan hər şeyi
silkələdi və sarsıtdı.