"Rusiya prezidenti Putin Federasiya Şurasına ictimai-siyasi
durum normallaşana qədər Ukrayna ərazisinə Rusiya qoşunlarının
yeridilməsi üçün müraciət etməklə ən doğru qərarı verib. Bununla da
o, bütün dünyaya bəyan etdi ki, Ukraynadakı qeyri-müəyyən durum
Rusiya Federasiyasının milli maraqlarına, rusların, həmvətənlərin
həyatına təhlükə törətdiyi üçün bu addımı atmağa borcludur".
Bu sözləri "Azərros"un Ağsaqqallar Şurasının sədri, Azərbaycan
Baş nazirinin keçmiş birinci müavin Abbas Abbasov deyib.
"Azərros"un saytında yerləşdirilən açıqlamada daha sonra deyilir:
"Ukraynadakı gərginliyi qızışdıran Qərb siyasətçiləri Rusiyanın baş
verənlərə bu cür reaksiya verəcəyini, bütün gücü ilə öz maraqlarını
müdafiə edəcəyini gözləmirdilər. Rusiya Prezidenti Vladimir Putinin
mövqeyi aydın və bizim hamımıza yaxındır. Həmvətənlərini, qardaş
Ukrayna xalqını millətçilərin basqısından və özbaşınalığından
müdafiə edən Rusiyanı heç bir qüvvə dayandıra bilməz.
BMT Təhlükəsizlik Şurasının toplantısında Rusiyanın BMT-dəki
daimi nümayəndəsi Vitali Çurkin Ukrayna Pprezidenti Viktor
Yanukoviçin Rusiya dövlət başçısına silahlı qüvvə ilə yardım üçün
müraciətini səsləndirdi. Bundan başqa, Krımın yeni Baş naziri
Sergey Aksyonov Ukraynada millətçiliyin cövlan etməsindən
narahatlığını ifadə edərək Rusiya prezidentinə Muxtar Respublika
ərazisində sabitliyi təmin etməsi xahişi ilə müraciət edib.
Hadisələr o qədər sürətlə inkişaf edir ki, artıq martın 16-da Krım
Muxtar Respublikası öz müqəddəratı ilə bağlı referendum keçirməyi
qərara alıb.
Bununla belə, Rusiya prezidenti Ukraynanın ərazi bütövlüyünün
qorunmasının, ölkənin şərq və qərb regionlarına parçalanmamasının
tərəfdarı olduğunu bildirib. Suveren dövlətlərin ərazi bütövlüyünün
toxunulmazlığı prinsipini üstün tutduğum üçün Vladimir Putinin bu
mövqeyini dəstəkləyirəm.
Dünya ölkələrinin ən populyar və nüfuzlu başçılarından biri olan
Rusiya dövlətinin başçısı bu cəsur və prinsipial addımı ilə
siyasətçi müdrikliyi nümayiş etdirdi, vətəninin və xalqının
maraqlarına nə qədər sadiq olduğunu nümayiş etdirdi.
Ukraynanın "yeni hökuməti" ölkəni növbəti dəfə siyasi və
iqtisadi böhrana sürükləyir. Ölkə Maydanın təşkilatçılarının günahı
üzündən uçurumun kənarına gəlib. Əgər konstitusion sabitlik
yaradılmasa, vətəndaşların təhlükəsizliklərinə təminat verilməsə,
nə ABŞ, nə də Avropa Birliyinin göstərəcəyi yardım Ukraynada
vəziyyəti yaxşılığa doğru dəyişəcək.
Mən bir çox kütləvi informasiya vasitələrində Ukrayna
hadisələrinin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda
təkrarlanacağı haqda yazılanları da hiddətlə qarşılayıram. Bu
proqnozların heç bir əsası yoxdur. Mən əminəm ki, Azərbaycanda
Ukrayna senarisi bir neçə səbəbdən baş verə bilməz. Azərbaycan son
illər təkcə beynəlxalq məkanda deyil, ölkə içərisində də bütün
sahələr üzrə mövqelərini möhkəmləndirir. Böyük məmnuniyyətlə
bildirmək istəyirəm ki, Azərbaycanla Rusiya arasında çox korrekt və
qarşılıqlı hörmətə dayanan münasibətlər qurulub.
Rusiya ilə Azərbaycan arasında rasional uzaqgörən siyasət
regionda sabitliyin təminatıdır" (Musavat.com).