Türkiyədə bu yaxınlarda son dövrlərin ən böyük
əməliyyatlarından olan "rüşvət əməliyyatı" həyata keçirildi.
Azərbaycanda daha çox iş adamı Rza Zərrabın həbs olunması ilə yadda
qalan bu əməliyyat haqqında müxtəlif fikirlər var.
Artıq sirr deyil ki, Türkiyədə bu əməliyyatın əsas səbəbi
"nurçular" dediyimiz Fətullah Gülən şəbəkəsi ilə Ərdoğan hökuməti
arasındakı problemlərdir.
Türkiyə hökümətində bir çox nazirin istefası və bir çox insanın
həbsinə səbəb olan bu əməliyyat başlayandan Türkiyə nurçularının
lideri Fətullah Gülənlə Rəcəb Tayyib Ərdoğan arasında ziddiyyətlər
açıq müstəviyə keçdi, yeni siyasi və informasiya savaşı
başladı.
Artıq bu savaşın qığılcımları Azərbaycan mediasına və siyasətinə
də sıçrayıb. Ərdoğan rəsmi Bakıya da açıq mesajlar verdi, Gülən
şəbəkəsinin Türkiyədən sonra Azərbaycanda da dərin kök saldığı və
dövlətçiliyimizə ciddi təhlükə mənbəyi olduğu vurğulandı.
Ardınca Azərbaycan mediasında bir çox qalmaqallı sənədlər çap
olundu, bu şəbəkəni himayə edən bir çox yüksək çinli məmurların,
millət vəkillərinin, iş adamlarının adları çəkildi.
Müzakirələr hətta Milli Məclisə qədər uzandı. Azərbaycan
hökümətində oturub, "Gülən xilafəti" quranların, Azərbaycanı
"nurçular"ın siyasi və biznes imperiyasının işğalına
sürükləyənlərin kimlikləri üzə çıxmağa başladı.
İstər-istəməz sual yaranır: Fətullah Gülən Azərbaycandakı
"xilafətini" necə idarə edir, koordinasiya haradan aparılır? Bu
vəzifəni yerinə yetirən təşkilat və ya şəxslər kimlərdir?
Öncə sizi bir təşkilatla tanış edək:
Dialoq Avropa Platforması
Beynəlxalq ictimai təşkilat olan Dialoq-Avrasiya Platforması
(DAP) 15 sentyabr 1998-ci il tarixində Avropa və Asiyanın müxtəlif
ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda
keçirilən toplantısında təsis edilib.
Platformanın yaradılmasının təşəbbüskarlarından çoxunun adı
məlum olmasa da, bunlardan birinin adı bütün rəsmi mənbələrdə açıq
aşkar göstərilir. Bu şəxs Fətullah Güləndir. Sitat: "Bu gün bütün
Avrasiya ölkələrində yaxşı tanınan Dialoq-Avrasiya Platformasının
və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah
Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində
keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh,
dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq
Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının
tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın
sabahını düşünürlər". (Mənbə: Fətullah Gülənin rəsmi saytı,
"Tanınan və tanınmayan Fəthullah Gülən" adlı bioqrafik yazı -
http://fgulen.com/az/metbuat/xeberler/22119-taninan-ve-taninmayan-fethullah-gulen
)
DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk
versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin
Azərbaycandakı rəsmi təmsilşiyi kimi göstərilir.
Maraqlıdır ki, Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri
prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar Rzayevdir. Anar müəllim bir vaxtlar həmçinin
beynəlxalq platformanın da dönəm başqanı olub.
Hazırda isə DAP-ın Azərbaycanın Milli Komitəsinə Anarın yaxın
dostu, millət vəkili Nizami Cəfərov rəhbərlik edir.
DAP-ın mətbu orqanı olan DA jurnalı isə Türkiyə, Rusiya və
Azərbaycan başda olmaqla, Avrasiyanın 16 ölkəsində nəşr olunur.
DAP və Azərbaycan rəsmiləri
DAP-ın digər ölkələrdə olduğu kimi, Azərbaycandakı fəaliyyəti də
heç vaxt hay-küylü formada mediada işıqlandırılmayıb. Ən yaxşı
halda, "DAP belə bir tədbir keçirdi" başlığı ilə materiallar
yayımlanıb.
Bu səbəbdən DAP-ın Azərbaycandakı fəaliyyəti ilə bağlı mediadan
ətraflı məlumat toplamaq mümkün olmadı. Ancaq maraqlısı budur ki,
DAP-ın Azərbaycan fəaliyyəti və bu qurumda təmsil olunan şəxslərlə
bağlı açıq formada məlumat Fətullah Gülənin rəsmi saytında
yerləşdirilib.
Qurumun müxtəlif vaxtlarda yaydığı məlumatlarda isə təşkilatın
üzvü olan və ya təşkilatla birbaşa əməkdaşlıq edən və ölkədə çox
ciddi nüfuz sahibi olan bir çox şəxlərin adına rast gəlmək
olur.
Qaynar.info DAP-ın rəsmi üzvləri olan və bir çox mənbələrdə adı
keçən şəxslərin siyahısını sizlərə təqdim edir:
Millət vəkili Nizami Cəfərov (DAP MK sədri), millət vəkili
Məlahət İbrahimqızı (DAP İdarə Heyətinin üzvü), AYB sədri Anar
Rzayev (təsisçi), MTRŞ sədri Nuşirəvan Məhərrəmli (İdarə Heyətinin
üzvü), tanınmış jurnalist Qulu Məhərrəmli (İdarə Heyətinin üzvü),
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid (İdarə Heyətinin üzvü),
Turizm Universitetinin rektoru Cəfər Cəfərov (İdarə Heyətinin
üzvü), Çağ Ööyrətim Azərbaycan kurslarının rəhbəri Ənvər Özərən
(İdarə Heyətinin üzvü).
Əldə etdiyimiz məlumatlarda DAP-da təmsil olunanların arasında
millət vəkilləri Ceyhun Osmanlı, Rəbiyyət Aslanova, Fazil Mustafa,
Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin də adı keçir.
Adı çəkilən şəxslərin qurumda rəsmi təmsilçiliyini isə araşdırmağa
davam edirik.
Qeyd edək ki, Fətullah Gülənin rəsmi saytında Dialoq Avrasiya
Platforması ilə bağlı yerləşdirilmiş xəbərlərdə Gənclər və İdman
nazirinin müavini İntiqam Babayevin də adı hallanır. Ancaq
nazirliyin mətbuat xidməti bildirir ki, İntiqam Babayev qurumun
tədbirlərində iştirak etsə də, təşkilatın rəsmi üzvü deyil.
Bu qurum nə işlə məşğuldur?
Nurçuların Azərbaycandakı siyasi, ideoloji və iqtisadi işğalını
həyata keçirən, dövlət qurumlarına dərin kök salan, öz telekanalı,
saysız-hesabsız media qurumları, universitetləri, təhsil ocaqları,
yüzlərlə şirkəti olan Gülən şəbəkəsinin koordinasiyasını həyata
keçirən bu qurum ikili fəaliyyətlə məşğuldur.
Görünən tərəfi budur ki, DAP mütəmadi olaraq konfranslar,
seminarlar keçirir, Azərbaycan ziyalılarını, jurnalistlərini
şəbəkəyə cəlb edir, onların Türkiyə səfərlərini təşkil edir,
Mətbuat Şurası, QHT Forumu, dövlət qurumları ilə sıx əməkdaşlıq
edir və s. Əslində isə qurum Azərbaycanın məşhur simalarını,
ziyalılarını, rəsmi şəxslərini ətrafına birləşdirməklə özünə
"qoruyucu zireh" yaradır, məşhur ticarət mərkəzlərinin birindəki
səs keçirməyən şüşələr arxasındakı ofisində isə gündəlik olaraq
Gülənin Azərbaycandakı imperiyasını koordinasiya edir, onun
tapşırıq və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir.
Qurumun təsisçi və təmsilçiləri tanınmış azərbaycanlılar olsa da,
pərdə arxasındakı icraçıları – qurumu gündəlik olaraq ofisdən
yönəldən şəxsləri isə cəmiyyət tanımır. Bu şəxslər Türkiyədən
"hizmet" adıyla Azərbaycana ezam olunmuş şəxslər və onların
sistemində "yetişdirilən", beyni yuyulmuş azərbaycanlı gənclərdir.
Onlardan yalnız DAP-ın Azərbaycan üzrə koordinatoru Mustafa
Saatçının adını dəqiqləşdirə bildik.
Fətulla Gülənin və Dialoq Avrasiya Platformasının (DAP) rəsmi
səhifəsində yer alan şəkilləri və məlumatları təqdim edirik:
P.S. Adları çəkilən Azərbaycanın məşhur isimlərinin "nurçu"
olaraq təqdim və qəbul edilməsi inandırıcı deyil. Amma onlardan
"qoruyucu" kimi istifadə edilməsi bu məqalənin aktuallığını
artırır.