Bu gün Azərbaycan mediasında xüsusi çəkisi, peşəkar
kollektivi olan Azvision.az
saytının 4 yaşı tamam olur.
Axar.az xəbər verir ki, "Azvision.az" 2012-ci il oktyabrın 1-dən
fəaliyyət göstərir. Xəbər portalı oxucularına 7 dildə operativ
məlumatlar verir.
Əlamətdar hadisə ilə bağlı "Azvision.az"ın baş redaktoru,
tanınmış jurnalist Vüsal Məmmədovla söhbətləşdik:
- Azvision saytının 4 yaşı tamam olur. Sevincinizə
qoşuluruq və sizi təbrik edirik. Ad gününüzü necə qeyd etməyi
arzulayırdınız, amma reallıqda necə qeyd edəcəksiniz?
- Qeyd etmədim. İşdəyəm və işləyirəm. Məncə, ən yaxşısı da elə
budur. Arzuya gəlincə, sakit beyin və xoş əhval ilə qeyd etməyi
arzulayardım.
- 4 illik fəaliyyət böyük zaman olmasa da, saytınız bu
müddətdə ölkənin xəbər saytları sırasında nüfuz qazana və böyük
oxucu auditoriyası toplaya bilib. Baş redaktor kimi sizin üçün
"Azvision.az" digər saytlardan nəyi ilə fərqlənir?
- Bu suala formal cavab vermək də olar. Yəni deyə bilərəm ki,
ancaq ciddi mövzuları veririk, şou xəbərləri yaxına buraxmırıq,
təhlillərə çox yer ayırırıq… Amma formalizmə heç bir həvəsim yoxdur
deyə, səmimi fikirləşdiyimi deyim: hər bir sayt öz kollektivinə
oxşayır, xüsusilə də baş redaktoruna; onları ortaya çıxaran
insanlar bir-birindən nə ilə fərqlənirlərsə, saytlar da elə o cür
fərqlənirlər.
- Vüsal bəy, siz həm də dəyərli köşələriniz,
təhlillərinizlə oxucuların yaddaşındasınız. Ancaq bütün
redaktorların "vaxt qıtlığı", yəqin ki, sizin də iş prinsipinizə
təsir edir və ona görə daha az yazırsınız. Vaxt qıtlığından yaza
bilmədiyiniz mövzuları necə realizə edirsiniz, oxuculara
fikirlərinizi necə çatdırırsınız?
- Mən əvvəlki kimi yazmaq üçün çox darıxıram. Yazmaq gözəldir,
ləzzətlidir, haradasa çətindir, ağrılırdır, gözəl yazıdan sonra
alınan həzz əvəzsizdir… Amma əvvəlki kimi aktiv yazmamağımın səbəbi
təkcə baş redaktorluqla bağlı deyil. Açıq deyə bilmədiyim başqa
səbəblər də var. Ürəyimi boşalda bilmək üçün bəzən arada
fikirlərimin çox az bir qismini sosial şəbəkədə statuslar kimi
yazıram.
- Onlayn media işçiləri üçün deyilən məşhur söz var:
"onlayn mediada işin başlanma vaxtı var, amma bitmə vaxtı yoxdur".
Bu gərginlikdə işə - yəni özünüzə və ailənizə daha çox vaxt ayıra
bilmədiyinizə görə hərdən təəssüflənmirsiniz ki?
- Çox çətindir. Mənəvi yorğunluq və stress getdikcə üst-üstə
yığılır və adamı adamlıqdan çıxardır. Bunu heç kim başa düşə
bilmir, mən də kiməsə izah etmək həvəsində deyiləm. Rəsul Rza yaxşı
deyib ki, od nə çəkdi, küldən soruş. Bizim hansı gərginlikdə
işlədiyimizi başqalarına anlatmaq çətindir.
- Azərbaycanda erməni dilində fəaliyyət göstərən ilk
saytlardan birisiniz. Artıq bir müddətdir ki, bu layihəniz davam
edir. Bu yöndə qarşınıza qoyduğunuz hədəflərlə bağlı danışmağınızı
xahiş edirik: daha nələr nəzərdə tutursunuz?
- Hayatsk.info çətin
proyektdir. O mənada ki, Azərbaycanda erməni dilini bilənlər
olduqca azdır, çoxu da yaşlı nəslin nümayəndələridirlər. Onların
onlayn mediada çalışması alınmır. Gənclər arasında isə demək olar
ki, kadr yoxdur. Buna baxmayaraq, "Hayatsk.info" Azərbaycan üçün
lazımlı və olması vacib bir saytdır. Çünki sadə erməniyə mütləq
azərbaycanlı fikrini, mövqeyini çatdırmaq lazımdır.
Axar.az kollektivi olaraq, "azvision"çuları bir daha
təbrik edir, həmkarlarımıza yeni uğurlar arzulayırıq.