Ermənistanın Azərbaycana hərbi təcavüzü İslam aləmində
davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına maneə
yaradır.
Trend-in
məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün İslam Əməkdaşlıq
Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının
konfransında çıxışı zaman deyib.
Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində
vahid platforma kimi çıxış edəcək qurumun yaradılması, artıq bir
neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur:
"Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün
praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam
Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid
edirik. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan
İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik
modeli kimi artıq özünü təsdiq etmiş, üzv dövlətlər arasında
qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni
əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və
xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr verib.
İƏT həm də ölkələrimzi narahat edən mürəkkəb qlobal və geosiyasi
prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları
axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe
formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal
kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə
toplanılıb
Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə
zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə
barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini
haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə
bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən
Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada
hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və
Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində
davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa
maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər
edilməsini zərurətə çevirən ciddi faktorlardır.
Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və
transmilli mediası müsəlman dünyasında baş verən hadisələri,
prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər.
Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman
ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman
xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında
beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür
yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı
potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini
ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə
vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar
doğurur".
Əli Həsənov bildirib ki, 20 ildən artıqdır Ermənistan Dağlıq
Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal
edib:
"Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı,
milli, mədəni və dini abidələr, məscidlər də dağıdılıb. Həmin
ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa
Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və
qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret
nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu
təşkilatların qərarlarını qulaq ardına vurur, həmçinin öz haqsız
mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək
İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan,
Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının
imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur.
Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman
ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar
islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya
sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac
olduğunu əyani şəkildə təsdiq edir@.
Onun sözlərinə görə, vahid informasiya məkanının, transmilli
medianın mövcud olduğu müasir dövrdə informasiya mübadiləsi
dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilib,
beynəlxalq ictimai fikrin formalaşması və ifadə olunmasını təmin
edən təsirli vasitə olub:
"Odur ki, çevik informasiya siyasətinin formalaşdırılması,
qlobal şəbəkədə tələb olunan fəaliyyət prioritetlərinin
müəyyənləşdirilməsi, ölkələrin informasiya təhlükəsizliyinin təmin
edilməsi hər bir dövlət, o cümlədən islam ölkələri üçün mühüm
əhəmiyyət kəsb edən məsələlərdir.
2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə
isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv
ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında
informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi
qərarlar qəbul edilib. Hesab edirik ki, İslam ölkələrinin
informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin
edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi,
birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü
fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə
dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf
etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili
və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə
artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv
informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya
məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet
resurslarının yaradılması istiqamətində tədbirlərin həyata
keçirilməsinə ciddi ehtiyac var.
Prtezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikası
dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri
arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi
işinə həmişə öz töhfəsini vermiş və verəcək:
"Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə
tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət
edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi
etməkdə böyük təcrübə qazanmışdır. Çalışacağıq ki, IV İslam
Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin
potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin
təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq
ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də
əlverişli fürsət olacaq.
Bu amili, habelə müsəlman ölkələri arasında informasiya
mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar
və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam
dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha
effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək
üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü
fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir.
Bu gün İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin
konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa
düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu
təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının
səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul
ediləcək".