Birləşmiş Ərəb Əmirliklərinin rəsmi dövlət qəzeti olan
"Əl-İttihad"da müəllif Nəsrin Durzinin "Naxçıvan… Müalicə və
əyləncə turizmi üçün istiqamət" sərlövhəli məqaləsi dərc edilib.
Qəzetin çap variantının Naxçıvana həsr edilən səhifəsində isə
muxtar respublikanın turizm imkanlarını əks etdirən fotoşəkillər
yerləşdirilib.
Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının
tərkibində olan, ərazisi 5502 kvadratkilometr, əhalisi isə 435,5
min olan muxtar respublikanın coğrafi mövqeyindən, onun Ermənistan,
Türkiyə və İran ilə həmsərhəd olmasından danışılıb. Yazıda
"Naxçıvan" sözünün mənşəyi barədə də ətraflı söhbət açılıb. Müəllif
bu barədə xalq etimologiyasına və tarixi qaynaqlara əsaslanaraq,
"Naxçıvan" sözünün "Nəqşi-cahan", yəni "dünyanın naxışı", "dünyanın
bəzəyi" sözlərindən əmələ gəldiyini, ancaq xalq arasında geniş
yayılmış rəvayətə görə, toponimin Nuh peyğəmbərlə, daha doğrusu
"dünya tufanı" ilə bağlı olduğunu, bununla da "Nuhçuvan" – "Nuh
tərəfdarlarının məskəni", "Nuhun diyarı" mənasını verdiyini
oxucuların diqqətinə çatdırıb.
N.Durzi 1924-cü ildə muxtariyyət statusu verilən Naxçıvanın
sistemləşdirilmiş yazılı mənbələrə, muxtar respublika ərazisində
arxeoloji qazıntılar zamanı əldə olunan materiallara, eləcə də
məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələrə
görə beş min ilə yaxın yaşı olduğunun ehtimal edilməsini önə çəkib,
respublikanın nadir təbii üstünlüklərindən söhbət açıb. Bu xüsusda
11 iqlim qurşağından 7-sinin Naxçıvanın ərazisindən keçdiyi, flora
və faunanın zənginliyi xüsusi qeyd edilib, bır sıra statistik
məlumatlar təqdim olunub. Qeyd edilib ki, bu diyarda 400 böyük və
kiçik çay, 200-dən çox mineral su bulağı, üç minədək bitki, 373
heyvan və 226 quş növü, o cümlədən onlarla dağ zirvəsi yerləşir.
Naxçıvanın Azərbaycan Respublikası ərazisinin cəmi 6,2 faizini
təşkil etməsinə baxmayaraq, flora və faunanın növ müxtəlifliyi ölkə
üzrə göstəricinin müvafiq olaraq 60 və 56 faizini təşkil edir.
Həmin amillər, habelə 58-i dünya, 455-i ölkə və 649-u yerli
əhəmiyyətli olmaqla Naxçıvanda mövcud 1162 tarixi-mədəniyyət
abidəsi nəzərə alınaraq bu qədim diyarda ənənəvi və müalicəvi
turizmin inkişafı etdiyi önə çəkilib, bu barədə geniş söhbət
açılıb.
Müəllif ənənəvi turizm sahələrinə toxunaraq ziyarətçilərin
Əshabi-Kəhf mağarasını, Gəmiqaya ərazisini, Nuhun qəbrini və s.
ziyarət etmək imkanına malik olduqlarını oxucuların diqqətinə
çatdırıb. Son dövrdə aparılmış araşdırmaların "Qurani-Kərim"də adı
çəkilən Əshabi-Kəhf mağarasının Naxçıvan ərazisində yerləşdiyi və
bunun xristianlıqla heç bir əlaqəsinin olmadığını ortaya çıxardığı
yazıda xüsusi qeyd edilib, mağaranın müfəssəl şəkildə təsviri
diqqətə çatdırılıb. Vurğulanıb ki, mağaranın sonunda olan məscidin
mehrabında kitabə var. İri mərmər lövhədən (145x35 sm) ibarət
kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində
"Qurani-Kərim"in Əshabi-Kəhf hadisəsindən bəhs edən "əl-Kəhf"
surəsindən 9-12-ci, 17-18-ci ayələri həkk edilib.
Nuh peyğəmbərin qəbri barədə söhbət açan N.Durzi əfsanəyə
istinadən dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisinin
Naxçıvan ərazisindəki İlandağa toxunduğunu, Qapıcıq zirvəsinə yaxın
dağ ətəyində lövbər saldığını və həmin yerin Gəmiqaya
adlandırıldığını bildirib. Həmçinin Nuhun türbəsinin Naxçıvanda
olması haqqında fransalı İvan Şopenin, isveçrəli Dyubua-de
Monperenin, rusiyalı Konstantin Nikitinin və digər tədqiqatçıların
məlumatları oxucuların diqqətinə çatdırılıb. Həzrəti Nuh
peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun bacısının da məzarının
Naxçıvan şəhərində olduğu barədə məlumat verilib.
Naxçıvanın müalicə turizmi sahəsində imkanlarından bəhs edərkən
müəllif Darıdağ Balneoloji Müalicəxanasını, Duzdağ Fizioterapiya
Mərkəzini və Badamlı Fizioterapiya Xəstəxanasını misal çəkib, bu
müəssisələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Darıdağ
arsenli termal suyunun xüsusiyyətləri onun nəinki Qafqazda, hətta
bütün dünyada olan arsenli sular içərisində birinci yerə çıxarır.
Belə ki, eynitipli sular içərisində dünyada ən məşhuru İtaliyadakı
Rençeko və Leviko, Fransadakı Lya-Bur-Bul adlı mənbələrdir. Darıdağ
suyu onlarla müqayisədə çox fərqlidir. İtaliyanın Rençeko
mənbəyində arsenli mineral suyun tərkibində arsenin miqdarı
Darıdağdakından çoxdur. Lakin onun tərkibi qələvi deyil, orqanizmdə
kifayət qədər sorulmur və lazımi müalicə effekti vermir. Darıdağ
ərazisində hazırda beynəlxalq standartlara cavab verən iki yeni
müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım
göstərməyə geniş şərait və imkan var. Korpuslarda bir saat ərzində
25-30 xəstə qəbul etmək mümkündür.
Qeyd olunub ki, beynəlxalq standartlara uyğun olan yeraltı və
yerüstü hissələrdən ibarət 100 çarpayılıq Duzdağ Fizioterapiya
Mərkəzi 1980-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti
İlham Əliyevin göstərişinə əsasən, Mərkəz 2008-ci ildə yenidən
qurulub. Bu müalicə ocağında müasir texnologiyalar əsasında
bronxialastma və digər allergik xəstəliklərin müalicəsi
aparılır.
Müəllif, həmçinin Badamlı Fizioterapiya Xəstəxanasında Badamlı
suyu vasitəsilə həzm sistemi və s. xəstəliklərin müalicə olunduğunu
yazıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının zəngin təbii
ehtiyatlarından birinin də onun şəfalı bulaqları, mineral sularının
olduğu diqqətə çatdırılıb. Muxtar respublikada mövcud olan Sirab,
Vayxır, Badamlı, Gülüstan, Darıdağ, Əshab-Kəhf kimi şəfalı mineral
su bulaqlarından müxtəlif daxili orqan və oynaq xəstəliklərinin
müalicəsində istifadə olunduğu bildirilib. Sirab, Badamlı və
Gülüstan mineral sularının süfrə suyu kimi istehsal edildiyi
vurğulanıb.
Məqalənin yekununda N.Durzi Azərbaycan hökumətinin 2015-ci ilin
noyabrından etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları
üçün giriş vizasının respublikamızın beynəlxalq hava limanlarında
verilməsi haqqında qərarının bu ölkədən Naxçıvan, Gəncə kimi
şəhərlərə turist axınının kəskin artmasına səbəb olduğunu bildirib.
Müəllif Azərbaycan kimi qədim ölkənin BƏƏ turistlərinin potensial
turizm istiqaməti siyahısında özünəməxsus yer tutduğunu qeyd edib.
O, Dubay-Bakı birbaşa aviareyslərinin mövcudluğunu və bəzən
normadan artıq yükləndiyini nəzərə alaraq, Şarca Əmirliyinə məxsus
"Air Arabia" aviaşirkətinin Naxçıvana müntəzəm uçuşlar təsis
etməsinin zəruriliyini diqqətə çatdırıb. Məqalənin tam mətni ilə
aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://alittihad.ae/details.php?id=48796&y=2016&article=full