Parlament seçkiləri başa çatmadan Gürcüstanda xeyli
ekstentlər baş verə bilər.
Bu sözləri Axar.az-a Gürcüstanda oktyabrın 8-də keçirilən
parlament seçkilərinin nəticələrini şərh edən sabiq dövlət müşaviri
Qabil Hüseynli deyib. Politoloq Gürcüstanda 2012-2016-cı il
parlament seçkilərinin müqayisəli təhlilini aparıb:
"2012-ci ilin parlament seçkilərində Saakaşvilinin partiyasında
bir arxayınlıq var idi. Gürcü Arzusu bloku isə təxminən 12-yə yaxın
partiyanı öz sıralarında birləşdirdi. Milyarder Bidzina
İvanişvilinin 5 milyardlıq dollarını əldə əsas tutan partiyalar
oliqarxın maddi dəstəyi hesabına güclü sosial siyasət və əhalinin
maddi rifahının yüksələcəyinə yönəlik tədbirlər vədi ilə 74 faiz
səslə Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası üzərində qələbə
çaldılar. Ancaq son dövrlər Gürcü Arzusunun sıralarında ciddi
sarsıntılar var, İvanişvili sərvətinin cüzi hissəsini sosial
istiqamətə yönəltdi, verdiyi vədlərin böyük hissəsini yerinə
yetirmədi, nəticədə partiyalardan 4-ü bloku tərk etdi. Bu dövrdə
həm də Saakaşvilinin keçirdiyi tədbirlərin əhəmiyyəti əhalinin
gözündə açıq surətdə nəzərə çarpmağa başladı. Bu seçkidə Gürcü
Arzusu blokuna cəmi 7 partiya daxil idi. Üstəlik, Saakaşvilinin
partiyası təxminən 200 minlik mitinqlə güclü elektorat qazandığını
nümayiş etdirdi.
Hazırkı səs göstəriciləri kifayət qədər mübahisəlidir. Düzdür,
bəzi majoritar dairələrdə hələ seçkilərin nəticələri tam elan
olunmayıb, ancaq rəsmi nəticəyə görə, Vahid Milli Hərəkat Partiyası
27 faizdən bir qədər çox səs toplayıb. Bu da onu göstərir ki,
Saakaşvilinin Gürcü Arzusu blokunu devirmək imkanı yoxdur.
Buna baxmayaraq, VMHP-dan ən azı, 50 deputatın parlamentdə
təmsil olunacağı ehtimal edilir. 2012-ci ildə bu partiyadan cəmi 32
deputat var idi. Gürcü Arzusu blokunun isə hazırda 92 deputatı var.
Bəziləri deputatların sayının 100-ə çatacağını deyir. Majoritar
dairədən 8 deputatla bağlı nəticələr hələ müəyyənləşməsə də,
qüvvələr nisbəti Gürcü Arzusunun xeyrinə olsa da, deputat
mandatından heç olmasa, 4 yeri Saakaşvilinin partiyası uda bilər.
Çünki hazırda ölkədə qarşıdurma hiss edilir, seçkinin nəticələri
ilə bağlı ciddi polemika və diskussiyalar gedir, bəzi
saxtakarlıqlar üzə çıxıb".
2016-ci ilin parlament seçkilərinin nəticələrinin Gürcüstanın
siyasi vəziyyətinə təsirinə gəlincə, politoloqun sözlərinə görə,
bundan sonra parlamentin işi əvvəlkitək rəvan getməyəcək:
"Seçkilərdən sonra Gürcüstanın siyasi vəziyyəti bir müddət
təlatümlü olacaq. Ölkədə vətəndaş qarşıdurması dərinləşə bilər.
Parlamentdə qərarların qəbulu zamanı ciddi fikir ayrılıqları
qaçılmaz olacaq. Çünki müxalifətin mövqeyi getdikcə güclənir".
Q.Hüseynli bildirib ki, parlament seçkilərindən sonra
Gürcüstanın daxili və xarici siyasətində ciddi kardinal
dəyişikliklər gözlənilmir:
"Hesab edirəm ki, Qərblə yanaşı, Rusiyaya meyillik artacaq.
Ancaq Gürcüstan Qərbə inteqrasiya xəttindən açıq imtina edə bilməz.
Bu, demək olar ki, qeyri-mümkündür. Azərbaycanla münasibətlərdə
səmimilik dərəcəsi Saakaşvili dövründəki səviyyədə olmayacaq. Çünki
hazırkı qüvvələr çox ciddi manevrlər edirlər, Azərbaycanın qaz və
neft siyasəti ilə bağlı məsələlərdə ikili mövqe tuturlar".
Saakaşvilinin partiyasının Gürcüstandakı proseslərə təsirinin
xeyli artdığını deyən politoloq parlament seçkiləri başa çatmadan
ölkədə ekstentlərin baş vermə ehtimalını istisna etməyib: "Çünki
parlamentdə mövqeyi möhkəmlənən Vahid Milli Hərəkat Partiyası əhali
arasında çox populyarlaşıb və kütlənin böyük hissəsini öz tərəfinə
çəkə bilib".
Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri
keçirilib. 3699 (99,92%) məntəqə üzrə hesablanan səslərin
nəticələrinə görə, Gürcü Arzusu 48,6%, Vahid Milli Hərəkat
Partiyası 27,14% səs toplayıb. Gürcüstan Vətənpərvərlər Alyansı isə
5% səs alaraq, barajı adlamağı bacarıb.
Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı
(proporsional), 73-ü birmandatlı dairələrdən (majoritar)
seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816
nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün
I turda namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb
olunur.
Ən son məlumata görə, I turda 17 majoritar seçki dairələrində
seçkilər yekunlaşıb və səslər hesablanıb. Ölkənin regiondakı 51
majoritar dairəsindən 34 dairədə ikinci tur keçiriləcək. Həmin
dairələrin 32-də "Gürcü Arzusu" və "Vahid Milli Hərəkat"
partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək.
Digər iki dairədə isə "Gürcü Arzusu" və "Azad Demokratlar",
həmçinin "Sənayeçilər" tərəfindən irəli sürülən majoritar
namizədlər deputatlıq uğrunda mübarizə aparacaqlar.