Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında
sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət
müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Müsəlman
Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını,
himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May
gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan
Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki
xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.
Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı
dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində
olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini
təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və
mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya
mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət
müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında
sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və
demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.
Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində
ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə
əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu
daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz
möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz
zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir
vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur
mənbəyidir.
1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını
atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial
böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara
qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı
müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə,
separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son
qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi
sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və
"Əsrin müqaviləsi"nin imzalanması bütün sahələrdə genişmiqyaslı
islahatların başlanmasına zəmin yaratdı.
1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət
quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün
qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü
prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin
zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust,
2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlar
Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət quruculuğu
sisteminin təkmilləşməsinə töhfələr vermişdir.
Bu gün müxtəlif yönümlü siyasi partiyaların, ictimai
təşkilatların və çoxsaylı mətbu orqanlarının fəaliyyət göstərməsi,
vicdan və söz azadlığının, vətəndaşların əsas hüquq və
azadlıqlarının təmin edilməsi, müstəqil seçki və hüquq-məhkəmə
sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül
tapmış demokratik ab-havanın başlıca göstəricilərindəndir.
Qazanılan uğurlar müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət
edərək BMT-nin bəyan etdiyi davamlı inkişaf məqsədlərinə nail
olmaqda müstəsna əhəmiyyətə malikdir.
Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı bu
illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının
yaradılması, torpaq islahatlarının həyata keçirilməsi,
sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin
qurulması, ticarətin liberallaşdırılması və əhalinin sosial
müdafiəsinin təmin olunması istiqamətlərində mühüm layihələr
gerçəkləşdirilmişdir. Keçid dövrünü uğurla başa vuran ölkəmiz
iqtisadiyyatının həcmini bir neçə dəfə artıraraq bu gün davamlı
inkişaf prinsiplərinə sadiq, güclü infrastruktur və inkişaf
potensialına malik iqtisadiyyat qurmuşdur.
Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının yüksək
qiymətləndirdiyi iqtisadi duruma biz hələ də öz həllini tapmayan
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları
şəraitində nail olmuşuq. Azərbaycanın xarici siyasətinin əsas
istiqamətlərindən biri beynəlxalq hüquq norma və prinsiplərinə
uyğun olaraq həmin münaqişənin sülh yolu ilə həllinə yönəlmişdir.
Bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən qəbul olunan
müvafiq qərarlara baxmayaraq, hələ ki Ermənistanın
qeyri-konstruktiv mövqeyi sülhə nail olmağa imkan vermir.
Ölkəmizdə ordu quruculuğunun əsasını təşkil edən prinsip və
normalar Azərbaycanın həm müdafiə potensialını, həm də dost və
tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Müdafiə
sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının
möhkəmləndirilməsinə zəmin yaratmış və ordunun döyüş qabiliyyətini
artırmışdır. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı
ilin aprel ayında cəbhədə cərəyan edən hadisələrin nəticələri
Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.
Müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində
mühüm irəliləyişlərə nail olmuşdur. Bakı–Tbilisi–Ceyhan neft
kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər irimiqyaslı
strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına
çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük
əhəmiyyətə malikdir. Respublikamızda neft və qeyri-neft sektorunun
yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar
zümrəsinin və orta təbəqənin yaranmasına təkan vermişdir. Ölkə üzrə
sənaye zonalarının açılması, Bakı ilə yanaşı digər şəhərlərin də
sənaye potensialının artırılması, texnoparkların və aqroparkların
qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan
yaratmışdır. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, kənd
təsərrüfatının və müvafiq infrastrukturun inkişafına böyük
investisiyalar qoyulmuş, ərzaq və qeyri-ərzaq məhsullarının ixrac
qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar
atılmışdır.
Post-neft dövrünə qədəm qoymuş Azərbaycan iqtisadiyyatın bütün
sahələrində ciddi islahatlar aparır. Ölkənin yol-nəqliyyat şəbəkəsi
əsaslı şəkildə yenidən qurulur, dəmiryol nəqliyyatı
müasirləşdirilir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat
dəhlizləri formalaşdırılır. Paytaxtla yanaşı bölgələrdə də
beynəlxalq hava limanları istifadəyə verilmiş, müasir standartlara
uyğun dəniz ticarət limanı fəaliyyətə başlamışdır. Yeni
texnologiyalar əsasında tikilən sənaye müəssisələri metallurgiya,
maşınqayırma, inşaat materiallarının istehsalı və digər sahələrin
sürətli inkişafı üçün maddi-texniki baza yaradır.
Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına
uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş
aparılmışdır. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair
tədbirlər həyata keçirilmiş, dünyanın mötəbər universitetlərində
minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı
gerçəkləşdirilmiş, yeni universitetlər açılmış, təhsildə özəl
sektor formalaşmışdır. Azərbaycan mədəniyyəti həm ölkə daxilində,
həm də xaricdə irimiqyaslı layihələr çərçivəsində təmsil
olunmaqdadır. Tikilən yeni məktəblər, müalicə ocaqları, muzeylər,
olimpiya mərkəzləri, mədəniyyət müəssisələri və istirahət zonaları
sosial həyatın yaxşılaşmasına xidmət edir. "ASAN xidmət" şəbəkəsi,
ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə
mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü
siyasətinin göstəricisidir.
Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi
geniş vüsət alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilərək tarixi və müasir memarlığın harmonik inkişafının
parlaq nümunəsi kimi qiymətləndirilir. Yaradılan müvafiq
infrastruktur, istifadəyə verilən yeni otellər və bölgələrdə həyata
keçirilən möhtəşəm abadlıq-quruculuq işləri turizmin uğurlu
inkişafı üçün geniş perspektivlər açır.
Müstəqillik illərində gənclərlə bağlı siyasət uğurla
gerçəkləşdirilir, onların ölkənin siyasi, iqtisadi və sosial-mədəni
həyatında iştirakı gündən-günə genişlənir. Ölkəmizin idman
sahəsindəki böyük nailiyyətləri gənc nəslin sağlam həyat tərzinə
göstərdiyi diqqətin ifadəsidir. Gənclərimizin müxtəlif
çempionatlarda və olimpiya oyunlarında qazandığı medallar,
Rio-de-Janeyroda nümayiş etdirdiyi yüksək göstəricilər və
Azərbaycanda keçirilən İlk Avropa Oyunlarındakı müvəffəqiyyətləri
idman tariximizə həkk olunmuşdur.
Nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya
ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Respublikamızda
keçirilən mötəbər beynəlxalq sammit, forum, sərgi, müsabiqə və
yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın
təzahürüdür.
Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı
potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə
arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz
inkişaf yolu keçmişdir. Müstəqil dövlət quruculuğu sahəsində
Azərbaycan Respublikasının əldə etdiyi bu nailiyyətlərin təbliğini,
gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya
azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının
gücləndirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli
surətdə qeyd olunsun.
2. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın
ikinci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini
təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin".