Keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovun Bakı
Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan 3 milyon manat (o
vaxtkı məzənnə ilə) pulu hədə-qorxu, təhdid və şantaj yolu ilə
alması barədə yeni təfərrüat yayılıb.
Axar.az xəbər verir ki, Virtualaz.org saytı bununla bağlı şahid ifadələrinin
əks olunduğu məhkəmə materiallarından istifadə etməklə maraqlı
məqamları tirajlayıb.
İddia olunur ki, Tağı Əhmədovun metronun "Koroğlu"
stansiyasındakı ticarət mərkəzini işlədən qardaşı oğlunu MTN-də
döyərək onun əleyhinə ifadə alıblar...
Çovdarovun adamı nə xəbər gətirmişdi...
Tağı Əhmədov istintaqa ifadəsində göstərir ki, Çovdarov 2014-cü
ilin yazında, vəzifədən azad edildikdən sonra onu təhdid etməyə
başlayıb. Həmin vaxt MTN-in Rəsul adlı əməkdaşı T.Əhmədova zəng
vurub, onunla Bakıdakı Hüseyn Cavid parkında görüşüb.
"Çovdarov deyir ki, nazirliyə səndən çoxlu şikayət daxil olub.
Bu şikayətlərin qarşısını almaq və məsələni həll etmək üçün pul
vermək lazımdır" - "çekist" Tağı Əhmədova deyib. Ancaq hansı
məbləğin tələb olunduğunu bildirməyib.
"Çovdarova çatdır ki, mən heç kimə bir qəpik verən deyiləm" -
Tağı Əhmədovun cavabı belə olur.
Daha sonra T.Əhmədov Akif Çovdarovun ondan pul tələb etdiyini
çatdırmaq üçün Eldar Mahmudovun iş nömrəsinə zəng vurur, nazirlə
danışmaq istədiyini köməkçiyə - Vüqar Mahmudova çatdırır. 5-6 dəfə
zəng vurandan sonra nəhayət Vüqar Mahmudov Tağı Əhmədova deyir ki,
onun mesajını nazirə çatdırıb. Ancaq nazir bildirib ki, məsələni
Akif Çovdarova həvalə edib, qoy Tağı Əhmədov gedib onunla
görüşsün.
Bu zaman Tağı Əhmədov əmin olur ki, Çovdarovun ondan pul tələb
etməsindən nazirin özü də xəbərdardır, yaxud onlar bu işdə
ortaqdırlar.
Bir neçə gün sonra MTN əməkdaşı Rəsul Tağı müəllimi yenə Hüseyn
Cavid bağına görüşə çağırıb. Ona çatdırıb ki, Çovdarov Tağı
Əhmədovun oğlu, Xətai Məhkəməsində hakim işləyən Rauf Əhmədovu
MTN-ə aparmaq istəyir. Həmin ərəfədə bəzi reket saytlarda Rauf
Əhmədovun əməlləri barədə yazılar gedirmiş və Tağı Əhmədov başa
düşür ki, həmin yazılar da MTN-in sifarişidir.
Rauf özü gəlməsə, başına torba salıb
gətirəcəyik
"Çovdarov dedi ki, əgər Rauf özü MTN-ə gəlməsə, başına torba
salıb gətirdəcəyik" - MTN əməkdaşı Tağı Əhmədova deyib.
Metropolitenin keçmiş rəisi bu hədədən sonra oğlunun ürəyinin
xəstə olduğunu, MTN-ə aparılmasının ona təhlükə yaradacağını nəzərə
alıb, pulu verməyə razılaşıb. "Nə qədər istəyir?" - Tağı müəllim
Rəsuldan soruşub. "3-5 milyon arasında" - Çovdarovun xəfiyyəsi
məbləği deyib.
Tağı Əhmədov uzağı 3 milyon verəcəyini deyib. Daha sonra 3
milyon manatı toplayıb Rəsula zəng vurur ki, məbləğ hazırdır.
Məbləğ 1.2 milyon ABŞ dollarından, 1.5 milyon avrodan və 300 min
manatdan ibarət olub.
Tağı Əhmədov Çovdarovla üzləşmək istəmir
Rəsul mesajı Çovdarova çatdırıb. Daha sonra Tağı Əhmədova zəng
vuraraq Çovdarovun sözlərini deyib:
"General dedi ki, pulu səhər tezdən, 20 saylı orta məktəbin
yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubunun qarşısında,
Parlament prospektinə birləşən küçədə şəxsən ona çatdırmaq
lazımdır. Çovdarov səni həmin saatda qara "Cip"də gözləyəcək".
T.Əhmədov bədheybət general ilə şəxsən üz-üzə gəlmək istəməyib.
Bu səbəbdən Rəsula pulu özü yox, oğlu Ruslan və qardaşı oğlu Əlinin
çatdıracağını deyib. Beləliklə, Ruslan və Əli dollar, avro və manat
bağlamaları ilə dolu idman çantasını götürüb 2014-cü il aprelin
10-da (yaxud 12-də) Rəsulun dediyi ünvanda onları qara "Lənd
Rover"də gözləyən Akif Çovdarova verib.
2015-ci ilin oktyabrında Tağı Əhmədov Eldar Mahmudovun işdən
çıxarıldığını eşidəndə sevinib, Rəsula zəng edərək Çovdarova
verdiyi 3 milyonu tələb edib. Çovdarov isə "Mən ondan pul-filan
almamışam" cavabını verib.
Metrodakı ticarət köşklərinə baxanı MTN-ə necə
apardılar...
MTN-in Tağı müəllimi soymaq üçün göstərdiyi təzyiqlər təkcə onun
oğlu ilə bağlı olmayıb. Metropoliten rəhbərinin qardaşı oğlu
Şövqünü və onun "Koroğlu" metrostansiyasında ticarət mərkəzini
işlədən adamı Elşəni də MTN-ə aparıblar. Orada onları döyüblər,
Tağı Əhmədov işə qarışıb, 3 milyonu çatdırmazdan bir-iki gün əvvəl
Mahmudovun köməkçisinə zəng edib, tutulanları buraxmağı xahiş edib,
pulu çatdıracağını deyib.
Elşən adlı həmin şəxs Bakı Metropoliteninin keçmiş işçisi
Tağıyev Elşən Namiq oğludur. O, sonralar metrodakı ticarət
mərkəzlərinin işinə nəzarət edib. Dediyi kimi, təmizliyə,
qayda-qanuna əməl edilməsinə nəzarət etməklə məşğul imiş.
Metrolarda ticarət qadağan olunandan sonra işsiz qalan Elşən
2014-cü il aprelin 11-də həyat yoldaşı ilə birlikdə "Park Bulvar"da
olanda ona MTN-dən zəng vurub nazirliyə çağırıblar.
Elşəni MTN-də 2-ci mərtəbədə boş otağa salıb metroda ticarət
obyektlərindən yığılan pulları Tağıya, yaxud oğlu Raufa necə
verdiyini soruşublar. Elşən döyülsə də möhkəm çıxıb, Tağı müəllimi
satmayıb.
Bu vaxt otaqdakı 3-4 MTN əməkdaşı onu döyməyə başlayıb,
sifətinə, bədən nahiyəsinə zərbələr endiriblər. Elşənin dedyinə
görə, həmin vaxt MTN-dəki qonşu otaqlardan birində Tağı müəllimin
qardaşı oğlunu, əvvəllər bir yerdə işlədikləri Şövqünü də görüb,
əlamətlərindən bilib ki, onu da döyüblər. Elşəni döysələr də o,
Tağı Əhmədovun əleyhinə ifadə verməyib, onu MTN-də axşama qədər
saxlayıb sonra buraxıblar.
Yazıb təsdiq edirəm ki…
Tağı müəllimin qardaşı oğlu Şövqü isə Elşən qədər dözümlü ola
bilməyib. Əhmədov Şövqü Xeyrulla oğlu metronun "Qara Qarayev" və
"Koroğlu" stansiyalarındakı ticarət mərkəzlərinə nəzarət edib,
2012-ci ildə "Qara Qarayev" stansiyasının rəis müavini təyin
olunub, 2014-cü ilin oktyabrında "səhhəti ilə bağlı" işdən çıxıb.
2014-cü il aprelin əvvəllərində onun mobil telefonuna MTN-dən zəng
gəlib. Onu da nazirlikdə 2-ci mərtəbəyə qaldırıblar, otaqlardan
birinə salıb tələb ediblər ki, metrodakı ticarət köşklərindən
yığdığı aylıq haqqı Tağı Əhmədova və oğluna necə çatdırdığını
ətraflı yazsın.
Şövqü Əhmədov əvvəlcə bu tələblə razılaşmayıb, yığılan pulları
vergi kimi dövlətə köçürdüyünü, bu barədə qəbzlərin olduğunu deyib.
Ancaq MTN əməkdaşları otağa daxil olaraq onu təhqir edib,
qorxudublar. Nəticədə Şövqü əmisinin əleyhinə ifadə verib, metroda
yığılan pulları əmisi Tağı Əhmədova çatdırdığını deyib.
Tağı müəllimin Çovdarova 3 milyon aparan
oğlu
Tağı Əhmədovun oğlu, iş üzrə şahid qismində dindirilən Ruslan
Əhmədov isə Çovdarova 3 milyon manatı necə verdiyini təsvir edib.
Çovdarov onu Müdafiə Nazirliyinə arxa tərəfdən gəlib Fəxri
Xiyabanla Mərkəzi Ordu İdman Klubunu kəsən, Parlament prospektinə
birləşən küçədə qara "Cip"də gözləyib. Tağı müəllimin oğlu da
təsdiq edib ki, pulu verməyə əmisi oğlu Əli ilə birlikdə, özünə
məxsus "Yaquar" avtomobili ilə gedib. Təyin olunan yerə çatanda
Ruslan onları qara rəngli "Lənd Rover" avtomobilinin gözlədiyini
görüb. Ruslan "Cip"ə yaxınlaşıb. Bu vaxt avtomobilin qabaq sol
şüşəsi aşağı enib. "General Akif Çovdarov" - "Cip"dəki şəxs özünü
təqdim edib.
Düş aşağı, sizinlə bu qədər...
Ruslan bu qısa tanışlıqdan sonra əmisi oğluna tapşırıb ki,
"Yaquar"dakı pulla dolu çantanı gətirsin. Çovdarov isə öz
sürücüsünə əmr edib ki, "Cip"in baqajını açsın. Əli pulla dolu
çantanı gətirib Çovdarovun sürücüsünün yanında baqaja qoyub, sonra
o, sürücü ilə birlikdə maşından bir az uzaqlaşıb. Çovdarov Ruslanın
maşının arxa oturacağında oturmasını əmr edib. Tağı Əhmədovun oğlu
generala pulun 3 valyutada olduğunu deyib.
Həmin valyutaların cəmi 3 milyon manat etdiyini sübut etmək üçün
Ruslan hesabat apardığı kiçik kağızı da Çovdarova təqdim edib,
general isə "ehtiyac yoxdur, düş aşağı, sizinlə qurtardıq" deyib.
Bundan sonra Ruslan Əli ilə birlikdə evlərinə qayıdaraq pulu
Çovdarova necə vediklərini Tağı Əhmədova danışıb.